RU

"Hər şeyi bloklayaq": Fransada sentyabrın 10-u üçün çağırış – vətəndaş itaətsizliyi hərəkatı genişlənir

Paris, 29 iyul, AZƏRTAC

Fransada sosial şəbəkələrdə son günlər geniş yayılmış çağırış ölkə daxilində narahatlıq doğurur. “Artıq itirəcəyimiz heç nə qalmayıb, amma qazanacağımız çox şey var” şüarı ilə yayılan bu çağırış 2025-ci il sentyabrın 10-dan etibarən ölkə miqyasında ümumi, qeyri-müddətli və tam blokadaya getməyi hədəfləyir. Bu təşəbbüs “Hər şeyi bloklayaq” (“Bloquons tout”) adlı yeni bir hərəkat tərəfindən dəstəklənir və kollektiv boykot, vətəndaş itaətsizliyi kimi aksiyalara səsləyir.

AZƏRTAC xəbər verir ki, “Libération” qəzetinin məlumatına görə, ilk çağırışlar iyulun 14-də “TikTok” platformasında “Əsas işçilər” (Les Essentiels) adlı suverenist təşkilat tərəfindən yayımlanıb. Ardınca sarıjiletlilər hərəkatının bəzi tanınmış üzvləri bu çağırışı dəstəkləyiblər. Daha sonra “mobilisation10septembre.blog” adlı rəsmi bir bloq yaradılıb və hərəkat daha strukturlu formada təşkilatlanmağa başlayıb.

“Le Parisien” qəzetinə danışan və adının gizli qalmasını istəyən təşkilatçılardan biri bildirib ki, “mobilisation10septembre” adlı kollektiv sosial şəbəkələr üzərindən tanış olmuş təxminən 20 nəfərdən ibarətdir. Onun sözlərinə görə, qrup siyasi partiyalardan və həmkarlar ittifaqlarından tamamilə müstəqildir, heç bir ideoloji xəttə bağlı deyil.

Çağırış ilk olaraq sağ radikal qüvvələrə yaxın hesab edilən hesablar tərəfindən yayılsa da, təşəbbüsçülər hər hansı siyasi bağlantını qətiyyətlə rədd edirlər. “Bu, sadəcə ümumi narazılıqdır. Hücumlar hamıya təsir edir, solçulara da, sağçılara da”, – deyə təşkilatçılardan biri bildirib.

Hərəkat, həmçinin sol yönümlü çevrələrdən də dəstək qazanıb. Tanınmış sarıjiletlilərdən Jerom Rodrige (Jérôme Rodrigues) sosial şəbəkələrdə fəal iştirak edir. Solçu “Üsyançılar” (Les Insurgés) kollektivi də çağırışı paylaşaraq insanları sentyabrın 10-da küçələrə çıxmağa səsləyib. Hətta “Əyilməz Fransa” (LFI) deputatı Rima Hassan da bu çağırışı öz rəsmi “X” (əvvəlki Twitter) hesabında paylaşıb.

Telegram platformasında da “Bloquons Tout ! – 10 septembre 2025 – Organisation” adlı rəsmi müzakirə kanalı yaradılıb. İyulun 25-nə olan məlumata görə, bu kanalda təxminən 2800 üzv var idi və orada yerli səviyyədə təşkilatlanma, fəaliyyət koordinasiyası və ideya mübadiləsi aparılır.

Rəsmi bloqda “Bayrunun qənaət siyasətinə yox demək” əsas hədəf kimi göstərilir. Çağırış Baş nazirin iki bayram gününün ləğvi və sosial sahələrdə kəskin ixtisarlar elanından sonra daha da güclənib.

Hərəkatın üç əsas şüarı var: boykot, istaətsizlik və həmrəylik. Kollektiv böyük marketlərdən alış-veriş etməmə, banklardan pulları çıxarmaq və bank sistemini sarsıtma, istehlakdan imtina və ya minimuma endirmə, işə getməmə kimi fəaliyyətlər irəli sürüb. Vətəndaş itaətsizliyi tədbirləri sırasında isə müəyyən inzibati öhdəliklərin kollektiv şəkildə yerinə yetirilməməsi, dövlət xidmətlərində qəsdən ləngimələr və ya aksiyalar, simvolik dövlət binalarının dinc şəkildə tutulması (prefekturalar, bələdiyyələr, CAF, France Travail), yolların, anbarların və böyük firmaların blokadaya alınması fikirlərini səsləndirirlər.

“Telegram” kanalında hərəkatın adminlərindən biri Maksim Mayoral hərəkatın partiyalardan və şəxsi ideologiyalardan uzaq qalmasını tövsiyə edir. O, dezinformasiyaya qarşı hücrə yaratmağı və bu hərəkatın əsas gücünün birləşmiş vətəndaş qəzəbində olduğunu vurğulayır.

Sentyabrın 10-da Fransada nələrin baş verəcəyi hələ məlum deyil. Amma bir şey aydındır: ölkə miqyasında geniş bir narazılıq var və bu narazılıq artıq səssiz deyil. "Bloquons tout" – bu, təkcə bir şüar deyil, eyni zamanda, ölkədə sosial və siyasi gərginliyin yeni bir mərhələsinin başlanğıcı ola bilər.

Избранный
13
azertag.az

1Источники