RU

Dabanlı ayaqqabı tərz yox, təhlükədir! -AÇIQLAMA

Elməddin Muradlı: “Ayaq vasitəsilə gələn siqnal zəifləyərsə, qəza qaçılmazdır”

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Sherg.az müraciətin mətnini təqdim edir:
“Yol hərəkətində təhlükəsizliyin təmin olunması hər birimiz üçün vacibdir. Avtomobil idarə etmək yalnız texniki bacarıq deyil, eyni zamanda maksimum diqqət və məsuliyyət tələb edir.
Aparılan müşahidələr göstərir ki, bəzi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücülərin sükan arxasında uyğun olmayan geyimlərdən, xüsusilə də ayaqqabılardan istifadə etməsidir.
Nazik və yüksək dabanlı, topuqlu, arxası açıq, sürüşkən və elastik altlıqlı ayaqqabılar pedallar üzərində nəzarəti çətinləşdirir, ayağın sürüşməsinə və pedalın vaxtında, düzgün sıxılmamasına səbəb olur ki, bu da qəza riskini artırır.
Bu kimi hallar daha çox xanım sürücülər arasında müşahidə olunur. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri diqqətli olmağa, özlərinin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi naminə məsuliyyətli davranmağa çağırır. Təhlükəsizliyinizi düşünün, özünüzü və digərlərini qoruyun”.

Nəqliyyat eksperti Elməddin Muradlı “Sherg.az”a bildirdi ki, illərdir insanlara izah etməyə çalışırıq ki, bu tip təhlükəli ayaqqabılardan istifadə etmək olmaz:

“Bəzi qadınlar bunu anlayaraq avtomobildə əlavə ayaqqabı saxlayır və sükan arxasına keçərkən dabanlı və ya narahatlıq yaradan ayaqqabını çıxarıb daha uyğun olanını geyinirlər. Bu, normal və təhlükəsiz davranış nümunəsidir. Öz təhlükəsizliyini və rahatlığını nəzərə alan insanlar mövcuddur. Lakin bəzi şəxslər “mən buna öyrəşmişəm, mənə rahatdır” arqumenti ilə bu qaydalara əməl etmirlər. Halbuki bu, ciddi təhlükə yaradır. Daban yerə tam oturmadıqda ayaqda keyimə baş verir. Keyimə pəncəyə qədər yayıldıqda sürücü qaz və tormuz pedalına nə qədər güc tətbiq etdiyini hiss etmir. Hissiyyat zəiflədikcə qəza riski artır. Çünki ayaq vasitəsilə alınan informasiyanın beyinə ötürülməsi və uyğun davranışın formalaşması ləngiyir. Təəssüf ki, bəzi insanlar bu riski qəbul etmir və yalnız qəza baş verdikdən sonra təhlükəsizliyə diqqət yetirirlər. Elə şəxslər də var ki, hələ qəza keçirməyib və təhlükəni real hiss etmədikləri üçün tədbir görmürlər. Lakin bu tövsiyənin elmi əsasları var və yol polisinin bu müraciəti təsadüfi deyil. Yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və tam əsaslıdır. Ağıl və şüur sahibi hər bir şəxs bu çağırışı şəxsi təhlükəsizliyə yönəlmiş məsuliyyətli xəbərdarlıq kimi qəbul etməli və əməl etməlidir”.
Избранный
5
1
sherg.az

2Источники