RU

"İmişli" adını dəyişərək Qubanı təmsil edəcək? - Klub rəsmisi açıqladı

BAKI, 29 iyul. TELEQRAF

“Biz “İmişli”yik, harada oynamağımızdan asılı olmayaraq “İmişli” kimi davam edəcəyik”.

Bunu Teleqraf-a açıqlamasında Aran təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov deyib.

Klub rəsmisi Heydər Əliyev adına İmişli şəhər stadionunun eyniadlı klubun balansına keçirilməsi yönündə danışıqların davam etdiyini bildirib. Mürsəlov Qubada oynamaq məcburiyyətində olsalar da, komandanın adını dəyişdirərək, Azərbaycan Premyer Liqasında Şimal bölgəsini təmsil etmək fikrində olmadıqlarını qeyd edib: “Yaxın zamanda stadionun klubun balansına keçməsi ilə bağlı məsələ həllini tapacaq. Bunun üzərində işlər davam edir. Qubanı təmsil etmək fikrində deyilik. Müvəqqəti çətinlikdir, hər bir komandada ola bilər”.

“İmişli” rəsmisi fərqli bölgədə çıxış edəcəklərinə rəğmən, azarkeşsiz qalmayacaqlarını bildirib: “Düzdür, Aran bölgəsinin komandasıyıq. Amma fikrimcə, Qubada da öz azarkeşlərimiz olacaq. Düşünürsünüz ki, Qubada havayı, pulsuz oynayacağıq? Harada çıxış etsək, ödənişini edəcəyik. Oynayacağımız yer bizə məxsus olmayan idman qurğusudur, oranın pulunu ödəyəcəyik”.

O, İmişlidəki stadionda çıxış edəcəkləri zaman meydançanın ot örtüyünün yenə təbii olacağını vurğulayıb: “Stadion məsələsi həllini tapana qədər belə davam edəcək. AFFA da bu məsələdə dəstək olur. Meydançanın ot örtüyü təbii olacaq. Əvvəldən planımız belədir. Əslində orada süni örtükdən ibarət meydança var, həmin meydançada da oynamaq olar. Amma planımız təbii meydançada oynamaqdır”.

Mürsəlov nə zamana qədər Qubada oynayacaqları barədə dəqiq vaxt deməyin mümkün olmadığını bildirib. O, Quba Olimpiya İdman Kompleksinin (OİK) meydanında “Quba” və “Şimal” klubunun da çıxış edəcəyinə baxmayaraq, qrafikdə hansısa problemin yaranmayacağını vurğulayıb: “Bu, Gənclər və İdman Nazirliyinin işidir. Onlar aşağı liqaların, biz isə Premyer Liqa təmsilçisiyik. Nazirlik özü bölgü aparacaq. Gənclər və İdman Nazirliyinin razılığından sonra Peşəkar Futbol Liqasının (PFL - red.) əməkdaşları təftiş aparıb. Necə olacağı yaxın zamanda bilinəcək”.

Klub rəsmisi yekun olaraq növbəti mövsüm Premyer Liqa oyunlarının Quba OİK-in stadionunda keçirilməsi məsələsinə aydınlıq gətirib: “PFL özünə aid hissəyə təftiş keçirib. CBC Sport da getməlidir. Baxacaqlar, yayımla bağlı çatışmazlıqları üzə çıxaracaqlar. Daha sonra məsələ tam dəqiqləşəcək. Özümüz təklif etdiyimiz üçün o stadionda oynamağa razıyıq. Təklif etmişik ki, ev oyunları üçün stadionumuz oradır. I Liqada çıxış etdiyimiz Saatlı şəhər stadionu Premyer Liqa standartlarına cavab vermir. Hər təklif etdiyimiz stadion tələblərə uyğun deyil”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası avqustun 15-də start götürəcək. “İmişli” ilk turda “Turan Tovuz”u qəbul edəcək.

Избранный
33
teleqraf.com

1Источники