Son vaxtlar işğaldan azad edilmiş ərazilərdə - daha dəqiq desək, Laçın rayonunun Sus, Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi, Xocalı rayonunun Aşağı Yemişcan kəndləri, Ağdərənin Talış istiqamətlərində eləcə də Xankəndi şəhərində yanğın hadisələri baş verib.
Yanğınların söndürülməsinə FHN-nin çoxsaylı qüvvəsi cəlb edilib. Hətta dörd helikopter də yanğının söndürülməsi üçün havaya qaldırılıb. Yanğınların hər biri söndürülüb və ya məhdudlaşdırılıb. DİN-nin rəsmi məlumatında bildirilir ki, yanğınların bəziləri buraya gələn turistlərin səhlənkarlığı səbəbindən baş verib. Məsələn, Laçın rayonu Sus kənd sakini olan 3 nəfərin dağlıq ərazinin meşə massivində yandırdıqları ocaq çətin relyefli 14 hektar sahəyə yayılıb. 27 iyulda Xankəndi şəhərində ocaqla ehtiyatsız davranan şəxs yanğına səbəb olub.
Hüquqi məsuliyyət:
Ətraf mühitə qəsdən və ya ehtiyatsızlıqdan zərər vurulması halları hüquqi məsuliyyət yaradır. Mövzu ilə bağlı hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Operativ Media-ya bildirib ki, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə, cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə isə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ildən dörd ilədək azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, tullantılarla çirklənməsi nəticəsində, ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə isə cəzanın yuxarı həddi 7 ilədək, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə isə 8 ilədək artır.
Həmçinin qeyd edək ki, yanğın təhlükəsizliyi qaydalarını pozma və ya yerinə yetirməmə də həm inzibati, həm də cinayət məsuliyyətinə səbəb olur.
İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Eyni hərəkətlərin yanğına qarşı xüsusi rejim şəraitində törədilməsinə görə isə, fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir.
Üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda isə cinayət məsuliyyəti yaranır. Bu əmələ yol vermiş şəxslər iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
“Qarabağda atılan hər addımın məsuliyyətini dərk etməliyik” – deputat
Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, təəssüflə qeyd olunmalıdır ki, son günlər ərzində Qarabağda meşə yanğınlarının artması narahatlıq doğurur: “Ardıcıl şəkildə Qarabağın müxtəlif bölgələrində yanğınların baş verməsi müşahidə olunur. Təbii ki, bu hallar təkcə ekosistemə deyil, ümumilikdə bölgənin təbii tarazlığına ciddi zərbə vurur. Təhlillər göstərir ki, bu cür yanğınların əksəriyyəti insan amilindən — vətəndaşların məsuliyyətsiz davranışları və səhlənkarlığından qaynaqlanır. Bu, həm təbiətə, həm də şəhidlərimizin qanı bahasına azad edilən torpaqlara hörmətsizlikdir”.
Deputat vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Azərbaycanın hər qarış torpağı bizim üçün yalnız coğrafi ərazi deyil, mənəvi dəyər və milli kimliyimizin tərkib hissəsidir:
“Bu torpaqlar Vətən müharibəsində igid övladlarımızın qanı ilə suvarılıb, şəhidlərin canı bahasına azad olunub. Bu gün hər bir vətəndaşın borcudur ki, həmin torpaqlara sahib çıxmaqla yanaşı, onların təbiətini, ekologiyasını da qorusun. Əraziləri ziyarət edən hər kəs yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməlidir. Sadə bir ehtiyatsızlıq – yandırılıb atılan siqaret kötüyü, sönməmiş tonqal və s. böyük fəlakətə səbəb ola bilər”.
Ceyhun Məmmədov onu da qeyd edib ki, hər bir ağac, hər bir yaşıllıq illərlə formalaşır və onların məhv edilməsi əvəzolunmaz itkilərlə nəticələnir:
“Yanmış meşələri, torpaq örtüyünü bərpa etmək həm vaxt, həm də böyük maddi resurslar tələb edir. Amma ən vacibi — bu prosesdə itirilən ekoloji balansdır. Çünki bir ağac təkcə oksigen mənbəyi deyil, eyni zamanda orada məskunlaşan canlıların evidir, su dövriyyəsinin və torpaq məhsuldarlığının qoruyucusudur”.
Deputat bütün vətəndaşlara çağırış edərək bildirib ki, azad olunmuş ərazilərə edilən səfərlər zamanı daha yüksək məsuliyyət nümayiş etdirilməlidir:
“Bu torpaqlar bizim tariximiz, qürurumuz, gələcəyimizdir. Hər birimiz bilməliyik ki, bu torpaqlara səfər yalnız fiziki ziyarət deyil, həm də mənəvi məsuliyyətdir. Biz gələcək nəsillərə sağlam, yaşıl və qorunmuş Qarabağ miras qoymaq istəyiriksə, bu gün əlimizdən gələni etməliyik. Təbiətə qarşı laqeydlik, səhlənkarlıq həm tarix qarşısında, həm də şəhidlərimizin ruhu qarşısında bağışlanmaz bir məsuliyyətsizlikdir”.
Sonda deputat bildirib ki, hər bir vətəndaş, istər fərdi, istərsə də kollektiv şəkildə, ətraf mühitin mühafizəsinə töhfə verməli, azad edilmiş ərazilərdə aparılan bərpa və abadlıq işlərinə qarşı hörmətlə və qayğı ilə yanaşmalıdır. Çünki bu torpaqlar təkcə bugünkü nəsil üçün deyil, gələcək nəsillər üçün də qorunmalı olan müqəddəs bir mirasdır.
Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" istiqaməti üzrə hazırlanıb.