ABŞ-nin Nyu-York şəhərində yerləşən "345 Park Avenue" ofis binasında ötən gün baş verən silahlı hücum nəticəsində 5 nəfər ölüb, bir nəfər ağır yaralanıb. Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, ölənlərdən biri Nyu-York Polis İdarəsinin əməkdaşı, digərləri isə mülki şəxslərdir. Nyu-York Polis İdarəsindən verilən məlumata görə, hücumu 27 yaşlı Shane Tamura törədib. O, Las-Veqasdan avtomobillə Nyu-Yorka gəlib, hücum zamanı hücum tapançası ilə silahlanıb və lobbi mərtəbəsində atəş açaraq qətliam törədib. Daha sonra binanın 33-cü mərtəbəsinə qalxaraq özünü güllələyib. Hücum zamanı 36 yaşlı polis əməkdaşı Didarul İslam həyatını itirib. Hadisənin səbəbi hələlik müəyyən edilməyib. İstintaqı Nyu-York Polis İdarəsi (NYPD) və Federal Təhqiqat Bürosu (FBI) birgə aparır.