"Mifin sonu: 7 min addım da kifayətdir..."
Uzun illərdir ki, "10 min addım" anlayışı sağlam həyat tərzinin rəmzinə çevrilib.
Moderator.az xəbər verir ki, bu barədə "The Lancet Public Health" jurnalında dərc edilən genişmiqyaslı araşdırmada deyilir.
Qeyd edilir ki, fitnes saatları, mobil tətbiqlər, motivasiya postları - hamısı bu rəqəmi təbliğ edir. Ancaq yeni elmi tədqiqatlar göstərir ki, əslində sağlam qalmaq üçün bu qədər çox hərəkət etməyə ehtiyac yoxdur. Sadəcə 7 min addım belə bir çox xəstəliyin qarşısını ala bilər.
160 mindən çox insanın məlumatlarının təhlili nəticəsində məlum olub ki, 7 min addım atmaq:
- Demensiya riskini 38 faiz azaldır,
- İkinci tip diabet və ürək-damar xəstəliklərinin ehtimalını əhəmiyyətli dərəcədə aşağı salır,
- Yaşlı insanlarda ölümcül yıxılma hallarını 28 faiz azaldır,
- Xərçəng riskini isə 6 faiz azaldır.
Bundan əlavə, depressiya ehtimalı da 22 faiz azalır. Bu göstəricilər hərəkətsiz həyat tərzi keçirənlərlə müqayisədə 7 min addım atanlarda qeydə alınıb.
7 min addım həm real, həm də faydalıdır
Tədqiqatçılar bildirir ki, hətta gündəlik 4 min addım belə tam hərəkətsizliyə nisbətdə sağlamlığa ciddi töhfə verir. Bundan sonrakı hər min addım isə əlavə müsbət təsir göstərir. Ancaq əsas faydanın 7 min civarında "pik" həddə çatdığı vurğulanır. Yəni 10 minə çatmaq pis deyil, amma oradan sonra fayda nisbətən azalır.
Maraqlıdır ki, "10 min addım" anlayışı heç bir elmi əsasdan doğmayıb. Bu mif 1964-cü il Tokio Olimpiadası ərəfəsində bir yapon şirkətinin reklam kampaniyasından qaynaqlanır. Onlar 10 min addımı ölçən "manpo-kei" adlı cihaz istehsal etmişdilər.
Sadəcə addım sayına deyil, intensivliyə də fikir verin
Ekspertlər bildirir ki, təkcə addım sayı deyil, həm də onun necə atıldığı vacibdir. Sürətli gəzinti, məsələn, yavaş-yavaş gəzməkdən daha çox müsbət təsir göstərir. Professor Stiven Harric (London Kral Kolleci) qeyd edir: "Addımların intensivliyi əsas amildir. İdman saatları bunu nəzərə almaya bilər, amma insan bədəni fərqi hiss edir".
Bəs ümumilikdə nə qədər hərəkət etməliyik?
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, böyüklər həftədə 150 dəqiqə orta səviyyəli fiziki aktivlik (bədənin gərginləşdiyi, lakin nəfəsin tam kəsilmədiyi səviyyə) və ya 75 dəqiqəlik yüksək intensivlikli fəaliyyətlə (məsələn, qaçış) məşğul olmalıdır.
Azdan başla, davam et
Sağlamlıq üçün 10 min addım gözoxşayan bir hədəfdir, amma yeganə düzgün yol deyil. Ən əsas fayda 4 min addımdan başlayır, 7 min addım isə real və effektiv zirvə nöqtəsidir. İdmandan uzaq, oturaq həyat tərzi keçirənlər üçün bu çox mühüm başlanğıcdır. Kiçik addımlarla başlamaq da bədən və ruh üçün böyük dəyişikliklərə səbəb ola bilər.