RU

"İsrail təkcə Türkiyənin deyil, digər müsəlman ölkələrinin də ciddi hərbi reaksiyası ilə üzləşə bilər"

"Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra Türkiyə bu ölkəyə böyük dəstək göstərdi və onun təhlükəsizliyinə yardım edəcəyini bəyan etdi. Azərbaycan da öz növbəsində, Türkiyənin yanında olduğunu bildirərək Suriyadakı qardaşlarımıza dəstək veriləcəyini açıqladı. Hazırda Ankara ilə Dəməşq arasında hərbi əməkdaşlığa dair müqavilənin imzalanması münasibətləri daha da yaxınlaşdırıb. Bu əməkdaşlıqdan sonra Azərbaycanın da həm Türkiyənin, həm də Suriyanın yanında olacağı təbiidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Elşad Həsənov Ankara ilə Dəməşq arasında imzalanacaq hərbi əməkdaşlıq müqaviləsindən danışarkən bildirdi.

"Lakin beynəlxalq siyasi arenada böyük oyunlar gedir. Geosiyasi maraqlar fonunda İsrail də Yaxın Şərqdə öz mövqeyini gücləndirməyə və ərazilərini genişləndirməyə çalışır. Bunun üçün Suriya ərazisinə müxtəlif istiqamətlərdən basqılar edir. Artıq neçə illərdir ki, Colan təpələrinə faktiki nəzarət həyata keçirilir. Bu ərazilər rəsmi olaraq İsrailə məxsus olmasa da, hazırda onların nəzarətindədir. İndi isə İsrailin bölgədəki druz icmasından vasitə kimi istifadə etmək cəhdləri müşahidə olunur.

Türkiyənin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Suriyada vəziyyət bu gün də gərgin olaraq qalır. Bu isə regionda eskalasiyanın artmasına səbəb olur və İsrail-Türkiyə münasibətlərində mümkün bir qarşıdurma ehtimalını gündəmə gətirir", - deyə siyasi şərhçi qeyd etdi.

Politoloqun fikrincə, əgər İsrail Suriyada hərbi əməliyyatlara davam etsə, proksi qüvvələr vasitəsilə gərginlik və qarşıdurma yaratmağa cəhd göstərsə, Türkiyənin bu prosesə ciddi şəkildə hərbi yolla müdaxilə etməsi qaçılmaz ola bilər.

"Qeyd edilməlidir ki, Türkiyə Suriyanın yanında olduğunu rəsmi şəkildə bəyan edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı ABŞ Prezidenti Donald Trampla danışıqlar aparıb. Tramp isə Netanyahu ilə söhbətində bildirib ki, Ərdoğan “yaxşı oğlandır” və lazım olsa, onunla danışıb razılığa gəlmək mümkündür. Bu da göstərir ki, Tramp həmin dövrdə Ərdoğana dəstəyini açıq şəkildə ifadə edib. Eyni zamanda ABŞ rəhbərliyi Suriyada gərginliyin artmasını istəmir və bu səbəbdən İsrailə basqılarını dayandırmağı tövsiyə edir. Əgər İsrail yenidən eskalasiya yaratsa və Suriya ordusuna qarşı hərbi əməliyyatlara başlasa, bu zaman Türkiyənin hərbi müdaxiləsi real ssenariyə çevrilə bilər. Təbii ki, belə bir halda Azərbaycan da hər zaman olduğu kimi Türkiyənin yanında olacaq.

Bütün bu gərginliklər fonunda qarşıdakı dövrdə Suriyada vəziyyətin stabilləşməsi vacibdir. Əks təqdirdə, Yaxın Şərqdə genişmiqyaslı qarşıdurma başlaya bilər. Belə bir ssenaridə İsrail təkcə Türkiyənin deyil, digər müsəlman ölkələrinin də ciddi hərbi reaksiyası ilə üzləşə bilər.

Bunun qarşısını almaq üçün Azərbaycan vasitəçiliyi ilə İsrail və Suriya arasında danışıqların keçirilməsi planlaşdırılır. Türkiyənin dəstəyi ilə aparılacaq bu danışıqların konstruktiv keçəcəyi və bölgədəki eskalasiyanın qarşısını alacağı gözlənilir", - deyə Elşad Həsənov bildirdi.

Xədicə BAXIŞLI

Избранный
30
1
redaktor.az

2Источники