ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
Moldova Azərbaycan qazının Trans-Balkan qaz kəməri ilə Ukraynaya tədarükünə başlaması ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qərarını alqışlayır.
Bu barədə “Report”un Şərqi Avropa bürosuna Moldovanın energetika naziri Dorin Jungiyetu Ukraynanın "Naftogaz" şirkəti ilə “SOCAR Energy Ukraine” arasında qaz tədarükünə dair ilk sazişin imzalanmasını şərh edərkən bildirib.
"Azərbaycandan Ukraynaya qaz tədarükü təkcə bu ölkənin enerji təhlükəsizliyini gücləndirmir, eyni zamanda Cənub-Şərqi Avropa ölkələrinə birbaşa fayda verir", - o vurğulayıb.
Nazir xatırladıb ki, Moldova Şaquli Qaz Dəhlizinin həyat qabiliyyətini sınaqdan keçirən ilk ölkə olub. Söhbət ondan gedir ki, Moldova Yunanıstan-Bolqarıstan İnterkonnektorundan (İGB) kommersiya məqsədləri üçün istifadə edən və Trans-Balkan qaz kəməri ilə əks axını uğurla sınaqdan keçirərək ABŞ-dən mayeləşdirilmiş təbii qaz (LNG) çatdıran ilk ölkə olub.
"Biz texniki və iqtisadi baxımdan Yunanıstandan Ukrayna anbarlarına qaz çatdırmağın mümkün olduğunu sübut etdik. Bu sınaq qaz tədarükləri əvvəllər yalnız Rusiyanın “Qazprom” konserninin əsas modeli üçün mövcud olan alternativ biznes modelinin xeyrinə aydın sübutlar təqdim edib. Eyni zamanda, Ukraynada qaz saxlamaq üçün tranzit infrastrukturundan istifadə imkanı getdikcə daha cəlbedici və əlçatan olur", - M.Jungiyetu vurğulayıb.
O qeyd edib ki, bu gün Azərbaycandan qaz tədarükü region ölkələrinin mənbələrin və tədarük marşrutlarının diversifikasiyası, həmçinin enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində səylərində yeni mərhələni təmsil edir.
Nazir qeyd edib ki, bu ilin may ayında Moldova Şaquli Qaz Dəhlizi marşrutunda yerləşən digər dörd ölkə ilə birlikdə Trans-Balkan marşrutu ilə Yunanıstandan Ukraynaya qaz çatdırılmasını nəzərdə tutan "yeni regional qaz nəqliyyatı məhsulu"nu işə salıb.
"Bu məhsul 2025-ci ilin iyun ayından oktyabr ayına qədər təbii qazın ən azı 25 % güzəştlə nəql edilməsinə imkan verib. Bu model mövcud infrastrukturdan daha səmərəli istifadəni və regionda, o cümlədən Moldovada daha ucuz qaza çıxışı təmin edib", - o vurğulayıb.
Qeyd edək ki, 2025-ci il iyulun 28-də Ukraynanın "Naftogaz" Şirkətlər Qrupu Azərbaycan SOCAR Qrupuna daxil olan “SOCAR Energy Ukraine” şirkəti ilə Azərbaycan təbii qazının alınması haqqında ilk müqaviləni imzalayıb. Müqavilə ilə ilk dəfə olaraq Azərbaycan qazının Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi üzərindən Trans-Balkan marşrutu ilə sınaq tədarükü həyata keçirilir.
"Şaquli Qaz Dəhlizi" təşəbbüsü enerji tədarükünün təhlükəsizliyini və fasiləsizliyini təmin etməyə, həm Bolqarıstan, həm də Cənub-Şərqi Avropa regionunun digər ölkələri üçün müxtəlif şaxələndirilmiş təbii qaz mənbələrinə çıxışı təmin etməyə yönəlib. Şaquli qaz dəhlizi Bolqarıstan, Rumıniya, Macarıstan və digər ölkələrdəki qaz kəmərlərini əhatə edir.
Trans-Balkan qaz kəməri Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan və Türkiyə ərazisindən keçən magistral qaz kəməridir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.