ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə sülh razılaşması əldə etmək üçün verdiyi 50 günlük müddəti 10-12 günə endirdiyini bildirib.
Bəs Trampı buna vadar edən səbəb nədir?
Redaktor.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov bildirdi ki, Tramp Putinlə son telefon danışıqlarından sonra ondan əlini üzdüyü haqqında bəyanatlar verib:
"Trampın Putinlə dil tapa bilməməsinin nəticəsində Tramp Rusiyanın ticarət partnyorlarına 50 günlük bir vaxt vermişdi. Yəni 50 gün ərzində Rusiya danışıqlar masası arxasına keçməsə və atəşkəs elan olunmasında iştirak etməsə onun ticarət partnyorlarına qarşı sanksiyalar tətbiq olunacaq. Dövlət Departamentinin nümayəndəsi sonrakı bəyanatlarında bildirmişdi ki, Trampın verdiyi 50 gün mütləq 50 gün bitəndən sonra işə başlamayacaq".
Politoloq vurğuladı ki, Trampın dünən Böyük Britaniyada verdiyi bəyanata görə bu 50 gün olmayacaq və dünəndən başlayaraq 12 gün müddətində bu sanksiyalar yaxud da tarifin artırılması həyata keçiriləcək:
"ABŞ-nin NATO üzrə müttəfiqləri və Avropadan ölkələri Trampa izah etməyə çalışdılar və buna nail oldular ki, 50 gün Rusiya üçün çox böyük vaxtdır. 50 gün içində Rusiya Ukraynanı ciddi şəkildə bombardmana, təsirə məruz qoya biləcək. 50 gün Rusiya Ukraynanı bombardman edəcək, raket atəşinə tutacaq və orada Ukraynanın şəhərlərində daşı daş üstündə qoymayacaq və 50 gün bitəndən sonra gəlib deyəcək ki, “hə, mən danışıqlara başlamaq istəyirəm, atəşkəsə nail olmaq istəyirəm” və artıq Ukrayna üçün gec ola bilər. O cümlədən Ukrayna özü belə Trampa Rusiyaya 50 gün vaxt tanımağa görə təşəkkür etsə də, bildirmişdi ki, bu 50 gün çox böyük vaxtdır, bir qədər qısa olsaydı daha yaxşı olardı. Trampın 10-12 gün vaxt verməsi, yaxud da ki, 50 günü 10-12 günə endirilməsi məhz onun tərəfdaşlarının, həm NATO üzrə müttəfiqlərinin, Avropa üzrə tərəfdaşlarının Trampı inandırmağının nəticəsidir. Digər tərəfdən də Tramp üçün son dövrlər Rusiya meyilli olmaqda ittiham edən bəyanatlar səsləndirilirdi. Tramp bu bəyanatların boş, yersiz olduğunu sübut etmək üçün də bu addımı ata bilərdi. İstənilən halda 12 günlük müddət heç də uzun deyil. 12 gün bitəndə Trampın hansı addımı atacağının şahidi olacağıq".
Aytəkin TOFİQQIZI