RU

Kuala Lumpurda “Minalardan azad dünya yolunda - Azərbaycan nümunəsi” mövzusunda beynəlxalq seminar keçirilib

Pekin, 29 iyul, AZƏRTAC

Azərbaycanın Malayziyada səfirliyi və Malayziyanın İnsan Hüquqları Komissiyasının (SUHAKAM) birgə təşkilatçılığı ilə Kuala-Lumpur şəhərində hibrid formatda “Minalardan azad dünya yolunda - Azərbaycan nümunəsi” mövzusunda beynəlxalq seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarda Malayziyanın Xarici İşlər və Müdafiə nazirliklərinin rəsmiləri, diplomatlar, media təmsilçiləri, eləcə də bu ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Malayziyanın İnsan Hüquqları Komissiyasının sədri Dato’ Seri Mohd Hishamudin Md Yunus rəhbərlik etdiyi qurumla səfirliyin faydalı əməkdaşlığının nəticəsi olaraq keçirilən seminarın Azərbaycanın üzləşdiyi mina təhlükəsi ilə yaxından tanış olmaq üçün imkan yaratdığını deyib. O, tədbirdə Malayziyanın müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakını qeyd edərək, seminarın iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığa təkan verəcəyinə ümidvarlığını bildirib.

Səfir İrfan Davudov tədbirin məqsədinin Azərbaycanın üzləşdiyi mina təhlükəsi, bu təhlükəni yaradan səbəblər və onunla mübarizə istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər, xüsusilə humanitar minatəmizləmə, beynəlxalq yardım və əməkdaşlığın zəruriliyi ilə bağlı məsələləri işıqlandırmaq olduğunu diqqətə çatdırıb. Ermənistan tərəfindən 30 ilə yaxın davam edən hərbi işğal nəticəsində Azərbaycanın əraziləri mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu bildirən səfir işğal dövründə torpaqlarımızda 1 milyondan çox minanın basdırıldığını, təhlükəli zonaların ərazimizin 13 faizdən çox hissəsini əhatə etdiyini vurğulayıb. Diplomat bu problemin xüsusilə mülki əhali üçün ciddi təhlükə yaratdığını, işğaldan azad edilmiş ərazilərin bərpasına və keçmiş məcburi köçkünlərin təhlükəsiz, ləyaqətli şəkildə qayıdışına əngəl törətdiyini diqqətə çatdırıb. İ.Davudov Azərbaycanın öz torpaqlarını işğaldan öz gücü ilə azad etmiş dünyanın nadir ölkələrindən biri olduğunu, lakin hələ də mina təhlükəsindən əziyyət çəkdiyini və bu problemin həll olunması üçün beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayıb. O, Azərbaycanda mövcud mina probleminin insan həyatı üçün təhlükə mənbəyi olması ilə yanaşı, mədəni irsə və ətraf mühitə də böyük təhdid olduğunu bildirib.

Malayziya hökumətini təmsil edən Kral Hərbi Hava Qüvvələrinin komandanı general Datuk Seri Muhamad Norazlan Aris ölkəsinin minatəmizləmə təcrübəsindən danışıb, Azərbaycanda son 30 ildə 3400-dən artıq mina qurbanının olduğunu, mminaların hələ də tam təmizlənmədiyinə diqqət çəkib. O, belə bir seminarın beynəlxalq yardımın artırılmasına çağırış etmək, mina qurbanlarına hərtərəfli dəstəyin təşviqi və minaların təmizlənməsinin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDGs) və BMT-nin İnsan Hüquqları Şurasının piyadalar əleyhinə minaların insan hüquqlarının tam şəkildə həyata keçirilməsinə təsiri haqqında 58/22 saylı Qətnaməsinin mühüm komponenti kimi tanınması üçün platforma rolunu oynayacağına əminliyini ifadə edib.

ANAMA-nın keyfiyyətə nəzarət idarəsinin rəisi Elnur Qasımov Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair geniş təqdimat edib. O, dünyada mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələrdən biri olan Azərbaycanın üzləşdiyi problemin miqyası, ANAMA-nın humanitar minatəmizləmə fəaliyyəti, minatəmizləmənin bərpa və yenidənqurma işlərindəki önəmi barədə ətraflı məlumat verib. E.Qasımov minaların humanitar problemlərdən əlavə, ətraf mühitə də ziyan yetirdiyini və Azərbaycanda minatəmizləmə problemlərinin həlli üçün beynəlxalq donorların da iştirakının əhəmiyyətini vurğulayıb. O, ANAMA-nın sözügedən sahədə topladığı təcrübə haqqında söz açıb və minatəmizləmə əməliyyatları zamanı yeni texnologiyaların, avadanlıqların və müasir yanaşmaların tətbiq edildiyini diqqətə çatdırıb.

Tədbirdə, həmçinin İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı “Minaların insan hüquqlarına təsiri” mövzusunda onlayn formatda təqdimatında minaların insan hüquqlarına təsirini beynəlxalq humanitar hüquq və beynəlxalq hüquq normaları baxımından təhlil edərək, bu sahədə mövcud normaların tələblərini diqqətə çatdırıb.

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) Regional Minatəmizləmə Mərkəzinin (ARMAC) İdarəetmə Komitəsinin sədri, eyni zamanda, Malayziyanın Kambocada səfiri kimi fəaliyyət göstərən Şaharuddin bin Onn onlayn formatda çıxış edərək, ARMAC-ın Azərbaycanla beynəlxalq arenada əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib, təşkilatın dəvəti ilə ANAMA nümayəndə heyətinin 2024-cü ilin avqustunda Tailand, Laos, Vyetnam və Kambocaya işçi səfərini xatırladıb. O, bu seminarı ARMAC ilə ANAMA arasında genişlənən əməkdaşlığın bir hissəsi kimi gördüyünü diqqətə çatdırıb.

Seminara onlayn formatda qoşulan Milli Məclisinin deputatı Qaya Məmmədov keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün Azərbaycan hökumətinin külli miqdarda vəsait xərclədiyini, lakin Ermənistanın işğaldan azad olunmuş, hətta keçmiş təmas xəttindən kənardakı mülki ərazilərdə minalar basdırmasının soydaşlarımızın qayıtmaları üçün ciddi əngəl törətdiyini diqqətə çatdırıb. Q.Məmmədov problemin miqyasının böyüklüyünə, azad edilmiş torpaqların mina və partlamamış hərbi sursatlardan təmizlənməsi üçün xarici yardımın 5 faizdən də az olmasına diqqəti çəkərək, beynəlxalq dəstəyin artırılmasının insan həmrəyliyi və davamlı sülhün əldə olunması baxımından vacibliyini vurğulayıb. O, minatəmizləmə sahəsində ölkəmizin qazandığı bilik və təcrübənin artıq beynəlxalq tərəfdaşlarla bölüşülməsi barədə də danışıb.

Tədbir çərçivəsində, həmçinin “Minaların qalıcı təsiri: mülki əhalinin məhvinə yönəlmiş silahlar” mövzusunda keçirilmiş paneldə Malayziya Silahlı Qüvvələri 1-ci diviziya kral mühəndis alayı qərargahının komandiri polkovnik Raşdan bin Abdul Raşid “Mina məsələsini anlamaq: hərbi perspektiv və onun təsiri” mövzusunda çıxış edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Избранный
24
1
azertag.az

2Источники