RU

Sloveniya Azərbaycandan Avropaya "yaşıl enerji"nin ötürülməsi layihəsinə qoşulmağa hazırdır - EKSKLÜZİV

Sloveniya “Black Sea Energy” sualtı enerji kabeli layihəsinin həyata keçirilməsini dəstəkləyir və bu layihədə iştirakının mümkün formalarını öyrənməyə açıqdır.

Bu barədə “Report”a Sloveniyanın Ətraf Mühit, İqlim və Energetika Nazirliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, Azərbaycanla əməkdaşlığın perspektivli istiqamətlərindən biri "yaşıl enerji"nin inkişafıdır.

"Bərpa olunan enerji mənbələri və hidrogen də daxil olmaqla, digər “təmiz texnologiya”lar sahəsində qarşılıqlı əlaqələrin təşviq edilməsi, Sloveniya və Azərbaycanın Energetika nazirlikləri arasında 2025-ci il aprelin 4-də imzalanmış Anlaşma Memorandumunun məqsədlərindən biridir", - nazirlikdən bildirilib.

Sloveniya, həmçinin bu ölkədən olan şirkətlərin həm ölkə daxilində, həm də xaricdə, o cümlədən Azərbaycanda bərpa olunan enerji mənbələri (BOEM) sahəsində investisiya fəaliyyətini dəstəkləyir.

Nazirlikdən qeyd edilib ki, Sloveniyanın enerji şirkətləri, xüsusilə ötürücü sistem operatorları (TSO) ağıllı şəbəkələr sahəsində novator kimi özlərini təsdiqləyiblər.

"Biz ağıllı şəbəkələr, hidrogen enerjisi, enerji saxlanc sistemləri və BOEM-in enerji sisteminə inteqrasiyası sahəsində əməkdaşlığın istənilən formalarını dəstəkləyirik. Bu istiqamətlər həmçinin elmi-tədqiqat institutlarının, o cümlədən Azərbaycanla tərəfdaşlıq çərçivəsində iştirakını da əhatə edə bilər", - nazirlikdən bildirilib.

Sloveniya, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında hidrogen sahəsində əməkdaşlığın dərinləşməsini alqışlayır və bu qarşılıqlı əlaqənin genişləndirilməsi ilə bağlı gələcək müzakirələrə hazır olduğunu bildirir.

"Biz energetika sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi yollarının yeni müzakirələrini səbirsizliklə gözləyirik", - qurumdan qeyd edilib.

Bundan əlavə, Azərbaycanın COP29 konfransına uğurlu sədrliyi ayrıca qeyd edilib, onun bərpa olunan enerji sahəsində liderlik nümayiş etdirdiyi və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) fəaliyyətində fəal iştirak üçün ölkənin əla mövqedə olduğu vurğulanıb.

Qeyd edək ki, “Black Sea Energy” layihəsi Qafqazdan Avropaya "yaşıl enerji"nin ötürülməsi üçün sualtı kabelin çəkilməsini nəzərdə tutur. 2022-ci ilin dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan layihə çərçivəsində strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. 2023-cü ildə Bolqarıstan təşəbbüsə qoşulmaq niyyətində olduğunu bildirib.

2024-cü ilin mayında Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın enerji operatorları “Black Sea Energy” layihəsinin həyata keçirilməsi çərçivəsində birgə müəssisənin yaradılması haqqında memorandum imzalayıb. Sentyabrda dörd ölkənin enerji operatorları - "Azərenerji" ASC, “Transelectrica SA”, "Gürcüstan Dövlət Elektrosistemi" və MVM arasında bu layihəni həyata keçirəcək “Green Energy Corridor” birgə müəssisəsinin təsis edilməsi haqqında səhmdar müqaviləsi imzalanıb.

İlkin mərhələdə kabel 4 QVt-a qədər "yaşıl enerji”nin ixracı üçün nəzərdə tutulub. "Qara dəniz enerji kabeli"nin tikintisi 3,5 milyard avro dəyərində qiymətləndirilir və 3-4 il çəkəcək. Avropa Komissiyası layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır. Texniki-iqtisadi əsaslandırmanın (TİƏ) 2025-ci ilin üçüncü rübündə tamamlanması gözlənilir.

Избранный
33
3
report.az

4Источники