Ceyms Kemeronun rejissoru olduğu üçüncü Avatar filmi “Avatar: Od və Kül”ün (Avatar: Fire and Ash) ilk treylerini yayımlayıb.
Moderator.az xəbər verir ki, film “Avatar: Suyun Yolu”ndan (Avatar: The Way of Water) üç il sonra, 19 dekabr 2025-ci ildə kinoteatrlarda nümayiş olunacaq.
Treylerdə Ceyk Salli-nin ailəsi və Metkayina xalqı, Kül Xalqının lideri Varanga qarşı birləşir. Küllərə bürünmüş bu tayfa Albay Kuariçlə ittifaq qurub. Varangın od üzərində nəzarət gücünə sahib olduğu və Pandoranın meşələrini yandırdığı görünür. Treylerin sonunda isə onun bu qorxunc sözləri eşidilir: “Tanrınızın burada hökmü yoxdur.”
Filmin aktyor heyətində əvvəlki filmlərdən tanıdığımız Sem Vörtington, Zoë Saldana, Siqurni Viver, Stefan Lanq, Keyt Uinslet, Kliff Körtis, Briten Dalton və Cek Çempion yer alır. Heyətə əlavə olaraq Miçel Yeoh və Devid Thewlis də daxil olur.
Ceyms Kemeron açıqlamışdı ki, “Suyun Yolu” ilə “Od və Kül” əvvəlcə tək film kimi planlaşdırılmış, lakin ssenari inkişaf etdikcə hekayə böyüyərək iki hissəyə ayrılıb. Rejissor bildirmişdi ki, “Yeni personajlardan biri xüsusilə çox diqqət çəkəcək, ya onu çox sevəcəksiniz, ya da nifrət edəcəksiniz”.