RU

Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə keçirildi » AzadMedia.az


29 iyul 2025-ci il tarixdə Masallı rayonunun Təzə Alvadı kəndində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Kartof və taxıl yığımının yekunu, növbəti əkin üçün qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilmişdir.

Müşavirədə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın məsul əməkdaşları, aidiyyəti üzrə rayon idarə, müəssisə, təşkilat rəhbərləri, media nümayəndələri və kənd sakinləri iştirak etmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov müşavirəni açıq elan edərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi hazırlanmışdır. Bu Strateji Yol Xəritəsində ölkənin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub.

Bu da kənd təsərrüfatı sahəsində həm orta, həm də uzunmüddətli dövr üzrə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə malik olmasını ifadə edir.

Məlum olduğu kimi, ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində davamlı işlər görülür və qərarlar qəbul edilir. Buna misal olaraq ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika ilə təminatının yaxşılaşdırılması, fermerlərə güzəştli şərtlərlə aqrotexniki xidmətlər göstərilməsi, kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri avadanlığının güzəştli şərtlərlə satışı, krediti və lizinqinin maliyyələşdirilməsi, həmçinin fermerlərin sertifikatlı, o cümlədən keyfiyyətli və məhsuldar toxumlarla təmin edilməsi istiqamətində mühüm işlər görülmüşdür.
Məlumat üçün bildirim ki, Masallı rayonun ərazisi 72097 hektardır. Bundan da 24907 hektarı əkinə yararlı torpaq sahəsidir. Əkinə yararlı torpaq sahəsindən 17933,3 hektarı əkilmişdir. Əkinlərin 10131 hektarı suvarılan torpaqlardır.

Bu il rayon ərazisində 7464 hektar buğda, 2967 hektar arpa, 2987 hektar vələmir olmaqla ümumilikdə 13418 hektar dənli bitki əkilmişdir. Biçin işləri yekunlaşdırılmış, ümumilikdə 24932.9 ton məhsul götürülmüşdür ki, bundan 18286.8 ton buğda, 6646.1 ton arpa bitkisi təşkil edir. Buğda əkin sahəsində məhsuldarlıq 24,5 sent/ha, arpa əkin sahəsində məhsuldarlıq isə 22,4 sent/ha olmuşdur. Təəssüf doğuran haldır ki, 2987 ha vələmir ot kimi biçilmişdir. Masallı Dövlət Aqrar İnkişaf Mərkəzi bununla bağlı növbəti əkin ilində qabaqlayıcı tədbir görməlidir.

Bol məhsul yetişdirməklə yanaşı, onun tədarükü, emalı da mühüm şərtdir. Ona görə də, strateji əhəmiyyətli taxılın tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində yanğın təhlükəsizliyi də daima diqqət mərkəzində olmuş, bütün zəruri tədbirlər həyata keçirilmişidir. Belə ki, ot və taxıl yığımı mövsümünə hazırlıq dövründə Rayon İcra hakimiyyəti tərəfindən ərazi nümayəndələrinin, bələdiyyə sədrlərinin, fermerlərin və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə yanğın təhlükəsizliyinə qarşı tədbirlər keçirmiş, müraciətlər ünvanlamış, xüsusi Sərəncam verməklə komissiya yaradılmışdır. Tədbirlərin keçirilməsinə baxmayaraq, təəssüf ki, taxıl sahələrində yanğın hadisələri baş vermişdir. Belə ki, 01 aprel 2025-ci il tarixdən 01 iyul 2025-ci il tarixədək olan dövr ərzində rayon ərazisində 4.88 hektar kol-kos, 1.75 hektar biçilməmiş və 72.29 hektar isə biçilmiş taxıl sahəsi yanmışdır. Burada bir məsələ də qeyd edilməlidir ki, dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı meşələrin də yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatı rəhbərləri, ümumilikdə bütün pay torpaqları olan xüsusi mülkiyyətçilərin vətəndaşlıq borcudur.

Bu il 4668,3 ha sahədə yazlıq əkin işi aparılmışdır. Yazlıq əkinlərdən əsasən pomidor 542 ha, badımcan 514,5 ha, noxud 240.5 ha, xiyar 337.5 ha, paxla 169 ha, soğan 123.5 ha və mərci 71 ha təşkil edir.
Ölkəmizdə məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi aqrar bölmənin digər sahələri kimi, kartofçuluğun inkişafı üçün də geniş imkanlar yaradıb. Kənd təsərrüfatının strateji məhsulu hesab edilən kartofun əkilib-becərilməsinə və kartofçuluğun inkişafına son illərdə dövlət tərəfindən ciddi diqqət yetirilməsi idxaldan asılılığı azaltmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Ötən əsrin 90-cı illərindən rayonda inkişaf edən kartofçuluq, hazırda rayonun iqtisadiyyatına müsbət təsir göstərən sahələrindən biridir. Qeyd etmək istəyirəm ki, rayonda kartof istehsalı sahəsində qazanılan uğurlar ildən-ilə artır. Belə ki, rayon üzrə fermerlər 2021-ci ildə 894 hektar, 2022-ci ildə 900 hektar, 2023-cü ildə 903 hektar, 2024-cü ildə 911 hektar, cari ildə isə 922 sahədə kartof yetişdirməyə nail olmuşlar. 2024-cü ildə kartof məhsuldarlığı 174 sentner, cari ildə isə 177 sentner olmuşdur.
Kartofun çox məhsuldar bitki olduğunu nəzərə alsaq məhsuldarlıq bundan da artıq ola bilər. Hesab edirəm ki, kartofçuluqda aqrotexniki tədbirlər gücləndirilməlidir. Torpağı vaxtında şumlayıb hazırlamalı, toxumun keyfiyyətinə, ziyanvericilərlə mübarizə vaxtında aparılmalı becərmə və suvarma kimi lazım olan tədbirləri düzgün həyata keçirilməlidir. Torpağı məhsul yığımından dərhal sonra şumlamalı, növbəli əkinə yer verməli, keyfiyyətli toxum tədarük edilməlidir.

Bir məsələni də qeyd edim ki, kənd təsərrüfatı məhsullarının həcminin artırılması istiqamətində rayonumuzda ötən il kartofçuluğun inkişaf etdirilməsi məqsədilə Təklə ərazisində, taxıl biçininin vaxtında başa çatdırılması məqsədilə Qızılağac ərazisində zona müşavirələri keçirilmişdir. Müşavirələrdə 400 fermer və torpaq mülkiyyətçisi iştirak etmişdir. Müşavirələrdə qaldırılan məsələlərlə bağlı Masallı DAİM-nə tapşırıq verilmiş, aidiyyəti qurumlara müraciətlər ünvanlanmış və nəticəsi nəzarətdə saxlanılmışdır. Bu səbəbdən qeyd etmək olar ki, ötən illə müqayisədə yazlıq əkinlər 30 ha, kartof isə 11 ha artmışdır.

Yeri gəlmişkən Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəhbərliyinə tapşırıram ki, rayon ərazisində Meliorasiya və İrriqasiya işlərini gücləndirsin və su istifadəçiləri tərəfindən təsərrüfat suyunun qənaətlə istifadə edilməsinə nəzarəti artırsınlar.

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzi işi daha da səmərəli təşkil etməlidir. Onlar təkcə subsidiyanın verilməsi ilə işlərini bitmiş hesab etməməlidirlər. Əsasnaməyə uyğun olaraq kənd təsərrüfatına yararlı torpaqlardan yüksək məhsul əldə olunması, yeni texnologiyaların tətbiqi ilə bağlı tədbirlər görməli, kənd təsərrüfatı məhsulları istehsalçıları və fermerlərlə yerində görüşlər keçirməli, eyni zamanda aqrar sahədə yeni istehsal və emal sahələrinin yaradılması ilə bağlı araşdırmalar aparmalı və lazımi köməklik göstərməlidir. Həmçinin həyata keçirilən qrant layihələrə fermerləri cəlb etməli, aidiyyəti üzrə təkliflərlə çıxış etməlidirlər.

Sonda bildirirəm ki, rayonumuzda ərzaq bolluğu yaratmaq üçün hər cür əlverişli şərait var. Dövlətin həyata keçirdiyi siyasət belə deməyə əsas verir ki, daxili tələbatı tam və dolğun ödəməklə, ixrac potensialını da artırmaq mümkündür. Bu isə öz növbəsində aqrar sahədə çalışan insanların gəlirlərinin çoxalmasına, onların sosial-rifah halının yüksəlməsinə səbəb olar.
Mən əminəm ki, müşavirə rayonumuzda kartof və taxılçılığın inkişafına müsbət təsir göstərəcəkdir.

Müşavirədə Masallı DAİM direktoru Seymur Nuriyev çıxış edərək bildirdi ki, ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafının təmin edilməsi, kənd əhalisinin sosial rifahının yaxşılaşdırılması və məşğulluq səviyyəsinin yüksəldilməsi sahələrində də əhəmiyyətli rol oynayır. Hazırki şəraitdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı ölkədə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən hesab olunur.

Masallı rayonunda kənd təsərrüfatına yararlı 32519 ha torpaq sahəsinin 26722 hektarı xüsusi mülkiyyətə verilmiş pay torpaqları təşkil edir. Torpaqları 24907 ha əkin kateqoriyasıda olan torpaq sahəsidir ki, bunun da 10131 ha suvarılan torpaq sahələridir.

Son illərdə rayonumuzun əksər kəndlərində fermerlərimiz kartof əkininə diqqəti artırıblar. Kartofun hər hektarında 120 sentnerdən aşağı məhsul götürülərsə, deməli təsərrüfat zərərlə işləyir. Kartof bitkisi cərgəarası becərildiyindən, məhsulu yığıldıqdan sonra torpaq alaqsız və yumşaq olur. Odur ki, bu bitki dənli taxıl, dənli-paxlalı və texniki bitkilər üçün yaxşı sələf hesab olunur. Kartof bitkisi eyni sahədə hər il təkrar əkdikdə xəstəliyə tez tutulur, yumrular məftil qurdları və başqa zərərvericilər tərəfindən daha çox zədələnir. Fermerlərimizə bu problemlərlə qarşılaşmamaları üçün növbəli əkin sisteminin tətbiq etmələrini tövsiyyə edirik.
Kartof əkinləri əsasən rayonumuzun Təklə, Təzə Alvadı, Köhnə Alvadı, Banbaşı, Çaxırlı və Öncəqala inzibati ərazilərində əkilir.

2021-ci ildə 893,6 hektar, 2022-ci ildə 900 hektar, 2023-cü ildə 903 hektar, 2024-cü ildə 911 hektar və 2025-ci ildə isə 922 hektar kartof əkini aparılmışdır.
Orta məhsuldarlıq isə 2021-ci ildə hektara 173,9 sentner(17,39 ton), 2022-ci ildə 174,4 sentner(17,44 ton və 2023-2024-cü illərdə hektara 176 sentner (17,6 ton) təşkil etdiyi halda 2025-ci ildə isə 177 sentner (17,7 ton) olmuşdur. 2021-ci il ilə müqayisədə 2025-cü ildə əkin sahəsi 28,4 ha, faizlə isə 3,18% artmışdır. 2021-ci ildə 15530,76 ton, 2025-ci ildə isə 16319 ton kartof yığılmışdır ki, buda 2021-ci il ilə müqayisədə 788,24 ton və yaxud 5,07 % artım deməkdir. Rayon üzrə orta məhsuldarlıq 17-18 ton olsa da, 30-35 ton məhsul götürən fermerlərimiz də vardır.

Rayonumuzda isə əsasən “arizona”, “razarya”, “udaçi”, “qırmızıgöz” və digər sortlardan istifadə olunur. Əsas məsələ sertifikatlı kartof toxumlarından istifadə edib yüksək məhsuldarlıq əldə etməkdir ki, bununla bağlı görüş və təlimlərdə fermerlərə daima məsləhət və tövsiyələr verilir. Kartof bitkisinin inkişafı əkin qatı ilə sıx bağlıdır. Bu baxımdan torpağın tipinin, mexaniki tərkibinin, münbitliyinin, PH-nın (turşuluğunun), ehtiyat qida maddələri ilə təminatının, su tutumunun və s. amillərin araşdırılması çox vacibdir.

Rayonda tədarük olunmuş kartof, əsasən, Rusiya bazarına ixrac olunur. Mövcud vəziyyətdə əsas problem rayonda saxlama kameraların və emal müəssisələrinin olmamasıdır ki, buda məhsulun qiymətinin aşağı olmasına gətirib çıxarır.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə iqtisadiyyatın digər sahələri ilə yanaşı, aqrar sektorun inkişafında da diqqət artırılmışdır. Dövlət başçısının tapşırıqlarına, əsasən, son illərdə aqrar sahədə ixracyönümlü məhsulların istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər, idxaldan asılılığı azaldılması istiqamətində görülən işlər ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb. Aqrar sahənin vergilərdən azad edilməsi, subsidiyaların, güzəştli kreditlərin verilməsi və digər dövlət dəstəyi mexanizmlərinin tətbiqi, bu sahədə infrastrukturun yaxşılaşdırılması təmin etməkdədir.

Kartof istehsalında diqqət yetirilən məsələlərdən biri də yüksək reproduksiyalı toxumla təchizat məsələsidir. Artıq bu məsələ də öz həllini tapıb. Respublikamızdakı toxumçuluq təsərrüfatları fermerlərin keyfiyyətli toxumlarla təmin olunmasına yaxından kömək göstərirlər. Xaricdən gətirilən toxumluq kartofa isə gömrük rüsumları alınmır.
Bu sahədə müəyyən problemlər də vardır. (Saxlanma kamerasının olmaması) belə ki, kartofçuluqda hələ də əl əməyindən (at gücündən) geniş istifadə olunur. Düzün aqrotexniki qulluğun aparılması üçün zəruri texnikalarla fermerlər tam təmin olunmamışlar.

“Aqrservis” ASC-nin Masallı-Yardımlı bölməsində şum və becərmədə istifadə olunan texnika və aqreqatlar olsa da, kartof yığımında istifadə olunan kartof çıxaran və kartof yığan aqreqatlar yoxdur. Bu məhsul yığımında ələ əməyindən istifadəni artırmaqla, məhsulun maya dəyərinin yüksəlməsinə səbəb olur.
Dünyanın bir çox ölkələrində olduğu kimi respublikamızda da taxılçılıq insanların əsas məşğuliyyət növlərindən biri hesab olunub.

Taxılçılığın dəyərli bir sahə olması həm də onunla izah olunur ki, taxıldan əhali üçün ərzaq, yeyinti və yüngül sənaye üçün xammal, heyvandarlıq üçün isə yem hazırlanır. Taxıl əkinləri əsasən rayonumuzun Təklə, Həsənli, Qarğalıq, Qızlağac, Viləş, Təzə Alvadı, Köhnə Alvadı, Banbaşı, Çaxırlı və Öncəqala və s. inzibati ərazilərində əkilir.

2023-2024-cü təsərrüfat ilində rayon ərazisində 13420 ha sahədə payızlıq əkin əkilmişdir. Bundan 7483 ha sahədə buğda, 2966 ha arpa və 2971 ha vələmir əkini aparılmışdır. 2024-cü ildə rayon ərazisində ümumilikdə 10425 ha sahədə taxıl biçini aparılmış 24814,18 ton məhsul tədarük olunmuşdur. Hər hektara orta məhsuldarlıq arpada-22,3 sentner, buğda-24,4 sentner təşkil etmişdir.

2025-ci ilin məhsulu üçün rayon ərazisində 13418 hektar sahədə payızlıq bitkilər əkilmişdir. O cümlədən, arpa 2966 ha, buğda 7464 ha və 2987 ha vələmir əkinləri aparılmışdır. Hal-hazırda rayon ərazisində taxıl biçini başa çatdırılmış və ümumilikdə 10431 hektar sahədə taxıl biçini aparılmış 24932,7 ton məhsul tədarük olunmuşdur. Hər hektardan orta məhsuldarlıq arpada-22,4 sentner və buğdada- 24,5 sentner olmuşdur. 2987 hektar vələmir bitkisi ot kimi biçilmişdir.

Taxıl biçini mövsümündə ən əsas məsələlərdən biri yanğından mühafizə qaydalarına ciddi riayət olunmasıdır. Nəzərə alınmalıdır ki, aylarla çəkilən əzab-əziyyət ehtiyatsızlıq üzündən heç ola bilər. Ona görə də kənd ərazi nümayəndələri, bələdiyyə üzvləri, istehsalçılar özləri nəzarəti gücləndirməli və taxıl sahələrinin kənarlarının şumlanmasını təmin etməlidirlər. Yanğına həssas yetişmiş sahələrin yanğından mühafizəsi hər bir vətəndaşın borcu sayılmalıdır.

Rayonun əksər kəndlərində taxıl biçinindən sonra kənd təsərrüfatı istehsalçıları yanlış olaraq torpaqların münbitliyinin yaxşılaşdırdığını zənn edərək sahələrini yandırlar. Əkin sahələri yandırılarkən torpağın humus qatı, faydalı torpaq mikroflorası və mikrofaunası məhv oldur, torpaqda baş verən təbii bərpa və münbitləşmə prosesi, eləcə də, qida maddələrinin balansı pozulur, torpaqlar münbitliyini itirir və məhsuldarlıq aşağı düşür. Cari ildə rayon ərazisində ümumilikdə 2,42 ha biçilməmiş taxıl sahəsi, 0,7 ha vələmir sahəsi yanmış, 72,3 ha isə biçilmiş sahə yanmışdır.

Bu məqsədlə yol kənarlarına yaxın və eyni zamanda iri taxıl sahələrinə təsadüf nəticəsində yanğın düşməməsi üçün taxıl sahələrinin kənarlarının şumlanması, biçin zamanı yaxınlıqda su maşınlarının olmasının vacibliyi ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə məhsul istehsalçıları arasında müvafiq təbliğat işləri aparılmış, tövsiyələr verilmişdir.

Taxıl sahələrinin biçindən sonra yandırılmasının yolverilməz olması fermerlərə bildirilmişdir. Eyni zamanda fermerlərin nəzərinə çatdırılmışdır ki, onlar bu əməli törətməklə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar və əkin yerini yandıran fiziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslərin isə 5000 manatdan 6000 manatadək cərimə olunacaqdır.
Məhsul istehsalçılarına taxıl sahələrindən samanı yandırmadan çıxarmağı, yaxud xırdalayaraq mulça halında əkin sahələrinə verib şum və digər torpaq becərmə əməliyyatları aparmaları tövsiyə olunmuşdur.

Fermerlərə əkin materialı kimi sertifikatlı taxıl toxumlarınıdan istifadə etmələri tövsiyə olunur. Nəzərinizə çatdırmaq istəyirəm ki, payızlıq əkinlər dəmyə şəraitində becərilir.

Dövlət Aqrar İnkişaf Mərkəzi olaraq həmişə Rayon İcra Hakimiyyəti Başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi ilə birgə aqrar sahəyə yeniliklərin tətbiq edilməsi üçün qarşılıqlı fikir mübadiləsi aparır, yeni texnologiyaların tətbiq edilməsinə fermerlərin diqqətini artırır.

Cənab başçı, bundan sonra da rayonumuzda kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə verilmiş tapşırıqların icrasından ötrü bütün imkanlarımızı səfərbər edəcək, ənənəvi əkinçilik sahələrinin genişlənməsi, yüksək məhsuldarlığın əldə olunması, əkin dövriyyəsindən kənarda qalmış torpaq sahələrinin yenidən əkin dövriyyəsinə qaytarılması üçün üzərimizə düşən vəzifələrin yerinə yetirilməsinə var qüvvəmizlə çalışacağıq.

Aqroservis ASC-nin Masallı-Yardımlı rayon bölməsinin rəhbəri Hikmət Xəlilov çıxış edərək bildirdi ki, Azərbaycanda bütün sahələrin inkişafı kimi, kənd təssərrüfatının da dinamik inkişaf etdirilməsi hökümətin əsas prioritet məsələlərindən biridir. Bununla bağlı müxtəlif dövlət proqramları işlənib hazırlanmış, ölkə başçısı tərəfindən təsdiq edilmişdir. Həmin proqramlar bu gün də ölkə ərazisində, eləcə də Masallı rayonunda uğurla həyata keçirilir.
Məhz bu dövlət proqramları nəticəsində ölkəmizə çoxlu kənd təsərrüfatı texnikaları, mineral gübrələr, iqlimə uyğun toxum növləri, ağac tingləri və sair alınmışdır. Alınan texnikalarla Masallı rayonunun da ehtiyacları öyrənilərək təmin edilmişdir.

Hazırda Masallı-Yardımlı bölməsinin istifadəsində 23 işlək taxılyığan kombayn, 5 traktor, 2 çəltik kombaynı, 1 çəltik əkən özüyeriyən maşın və müxtəlif təyinatlı aqreqatlar vardır. Qeyd olunan texnika və aqreqatlarla rayonun kənd təsərrüfatı həyatında aktiv fəaliyyətimizi davam etdirməyə çalışırıq.

Bildiyiniz kimi, cari ilin iyun ayının sonu rayon ərazisində taxıl biçinini vaxtında, itkisiz və uğurla başa çatdırdıq. Qeyd edim ki, rayon ərazisində fəaliyyət göstərən fermerlərimiz 13 418 hektar torpaq sahəsində 7464 ha buğda, 2967 ha arpa və 2987 ha vələmir əkmişdir. Əkilən sahələrin hazırlanmasında bölməmiz 5 şum traktoru, 5 taxıl səpən və gübrəsəpənlə iştirak etmişdir. Biçin zamanı isə 23 taxılbiçən kombaynla fermerlərimizin xidmətində olmuşuq. Taxıl biçini Masallı rayon İcra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, yerli bələdiyyələrlə qarşılıqlı əməkdaşlıq nəticəsində operativ və növbəlilik prinsipi ilə həyata keçirilmişdir. Məhsuldarlığın ötən illərlə müqayisədə yüksək olması fermerlərimizin sevincinə səbəb olmuşdur.

Bu il kartofçuluqda da fermerlərimiz əkin sahələrini artıraraq 922 hektara çatdırmışdır. Bu da ötən illərin göstəricilərindən artıq olmuşdur. Həmçinin məhsulun və onun bazar qiymətinin fermerlərimizin ürəyincə olması bizim üçün də sevindiricidir. Bölməmiz mövcud texnikalarla kartof sahələrinin hazırlanmasında və fermerlərimizin mineral gübrələrə olan ehtiyaclarının ödənilməsində öz xidmətlərini göstərmişdir. Kartofçuluqda istifadə olunan Ammofos, Ammonium Nitrat, Karbamid gübrələri tərəfimizdən, dövlətin verdiyi subsidiys şəklində fermerlərimizə çatdırılmışdır.

Hesabat dövründə 82.85 ton ammonium nitrat, 7.5 ton ammofos, 10,45 ton ammonium sulfat, 219 ton yerli istehsal olan karbamid göbrəsi satılmışdır. Fermerlərimiz digər ehtiyaclarını özəl təchizatçılardan təmin etmişdir.

İstər gübrəyə, istərsə də texnikaya olan ehtiyaclarımız ödənilsə də bu sahənin genişləndirilməsinə yenə də ehtiyac olduğu qənaətindəyik. Bununla bağlı Masallı Rayon İcra Hakimiyyəti başçısının bizimlə maraqlandığını, müxtəlif görüşlərdə və rəsmi məktublarla rayonumuzun kənd təsərrüfatı təyinatlı texnikalara olan ehtiyacını bizdən soruşmuşdur. Eləcə də bölməmizin maddi texniki bazasının yaxşılaşdırılması üçün aidiyyəti orqanların rəhbərləri ilə görüşlərdə məsələ qaldırmışdır. Bütün bunlara görə rayon icra hakimiyyətinin başçısına öz dərin təşəkkürümüzü bildiririk.

Çıxışımın sonunda fürsətdən istifadə edib yığıncaqda iştirak edən fermerlərimizi Aqroservis ASC-nin Masallı-Yardımlı rayon bölməsi ilə əmkdaşlığa çağırıram. Sizin hər birinizin təklifləri, fikirləri bizim üçün maraqlıdır.Hər birinizi qəbul edib dinləməyə, fikir mübadiləsi aparmağa hazırıq.

Müşavirədə daha sonra çıxış edən Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəis müavini Babək Məmmədov 2025-ci ildə rayon ərazisində suvarılan torpaq sahələrində becərilən kənd təsərrüfatı bitkiləri aşağıdakı kimi olduğunu bildirmişdir.

Çəltik-179,3 ha, yonca-110,5 ha, tütün-15 ha, dənli paxlalı bitkilər - 615 ha, qarğıdalı-66 ha, günəbaxan-40,5 ha, kartof-922 ha, tərəvəz-2065 ha, bostan bitkiləri-318,5 və zəfəran-34 ha olmaqla ümumilikdə 4365,8 ha yazlıq bitkilər əkilmişdir. Çoxillik əkinlərdən 109,5 ha çay sahəsi, 306,2 hektar çiyələk sahə, bugünkü tarixə rayon ərazisində 181,5 ha intensiv sitrus bağları salınmışdır.

Ölkəmizdə məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi aqrar sektorun digər sahələri kimi, taxılçılığın və kartofçuluğun inkişafı üçün də geniş imkanlar yaradıb. Aqrar sektorun inkişafına son illərdə dövlət tərəfindən ciddi diqqət yetirilməsi idxaldan asılılığı azaltmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Müşavirədə çıxış edən Təklə kənd sakini Hakim Bayramov və Ləngan kənd sakini Pərvin Eyniyev kartofçuluğun inkişafı barədə fikirlərini bildirmiş, Qızılağac kənd sakini Elmar Həsənov və Yeddioymaq kənd sakini Xeyrəddin Əsədov isə taxılçılığın hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə çıxış etmişlər.

Şərəfə kənd sakini Rafət Abasov isə ümumi kənd təsərrüfatı sahəsində mövcud vəziyyətlə bağlı fikirlərini səsləndirmişdir.
Fermerlərin əsas müraciətləri arasında saxlama kameralarının olmaması, istifadə edilən dərman preparatlarının və əkiləcək toxumların keyfiyyətsizliyi xüsusi vurğulanmışdır.

Müşavirənin sonunda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qaldırılan məslələrlə bağlı müvafiq addımların atılacağını bildirmişdir.
Избранный
29
1
azadmedia.az

2Источники