RU

Putinin Ukraynaya təcavüzündən sonra 3-cü ölkə NATO üzvü olmağa hazırlaşır...


Məhərrəm Zülfüqarlı: “Putinin ağılsız siyasəti indiki vəziyyətin yaranmasına səbəb oldu”

Daha bir Avropa ölkəsi NATO-ya üzv olur. Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinqer Rusiyanın aqressivləşən siyasəti fonunda ölkəsinin NATO-ya mümkün qəbulu ilə bağlı müzakirələri faydalı adlandırıb:

“Bir şey aydındır: neytrallıq özlüyündə bizi qorumur. Getdikcə daha qeyri-sabit beynəlxalq vəziyyət və daha da aqressivləşən Rusiya şəraitində Avstriyanı gerçəkdən qoruyan ölkənin müdafiə qabiliyyətinə və tərəfdaşlıqlara yatırılan investisiyalardır. Mən ümumilikdə təhlükəsizlik və müdafiə sahəsində Avstriyanın gələcəyi ilə bağlı ictimai müzakirənin başlanmasına açığam. Hazırda parlamentdə və əhali arasında NATO-ya üzvlüyə dəstək çoxluğu olmasa da, belə bir müzakirə çox faydalı ola bilər”.

Burada diqqəti çəkən məqam odur ki, Putin Ukrayna ilə müharibənin başlanmasını NATO-nun genişlənməsini önləməklə əlaqələndirdi. Ancaq bunun tərsi baş verdi. Bu, Rusiya ilə uzun quru sərhədinə malik Finlandiyanın, həmçinin digər Skandinaviya ölkəsi olan İsveçin NATO-ya üzv olması ilə nəticələndi. İndi də neytral Avstriya NATO-ya üzv olur.

“Gör vəziyyət nə həddə çatıb ki, Rusiya ilə quru və dəniz sərhədi olmayan Avstriya kimi neytral ölkə NATO-ya üzv olmaq istəyir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının fikrincə, neytral ölkə olmasına baxmayaraq, indiki dövrdə Avstriyanın NATO-ya üzv olmaq istəyi birbaşa Putin rejiminin apardığı müharibə siyasəti ilə əlaqədardır. Məsələ ondadır ki, SSRİ dövründə iki blok var idi - NATO və Varşava müqaviləsi. SSRİ dağılandan sonra Varşava müqaviləsi ləğv edildi. O cümlədən, Vaşrava müqaviləsinə daxil olan bir sıra ölkələr NATO-ya üzv qəbul olundular. Putinin ağılsız siyasəti indiki vəziyyətin yaranmasına səbəb oldu. Guya Ukrayna NATO-ya üzv olur və alyansın Rusiya sərhədlərinə yaxınlaşması təhlükəsi olduğuna görə hücum edir. Özü də adını müharibə yox, xüsusi əməliyyat qoyur. Bu, artıq iflasa uğramış siyasətdir. Bunun nəticəsində Putinin apardığı siyasət tamamilə iflasa uğradı. NATO-nun sərhədlərinə yaxınlaşmasını istəməyən Kreml bunun əksini gördü. Belə ki, Rusiya ilə 1340 kilometr sərhədə malik Finlandiya NATO üzvü oldu. O cümlədən, digər region ölkəsi olan İsveç NATO-ya üzv oldu. Halbuki, hər iki ölkə uzun illər idi neytral idi. Ancaq elə vəziyyət yarandı ki, hər iki ölkə sürətlə NATO-ya üzv oldu. Nəticədə Rusiyanın NATO ilə sərhədi əhəmiyyətli dərəcədə uzandı. Gör vəziyyət nə həddə çatıb ki, Rusiya ilə quru və dəniz sərhədi olmayan Avstriya kimi neytral ölkə NATO-ya üzv olmaq istəyir. Deməyim odur ki, Putinin yalanı o dərəcədə açıq-aydındır ki, bunu izah etməyə ehtiyac yoxdur. Mənə belə gəlir ki, Rusiya təhlükəsindən qorunmaq üçün ölkələrin get-gedə hamısının NATO-ya meyl etməsi də yaxşı hal deyil. Çünki bu, qütbləşmənin daha da dərinləşməsi deməkdir. Ona görə də problemin həlli Putin rejiminin demokratik rejimlə əvəz edilməsindən keçir. Hakimiyyət dəyişikliyinin xalq tərəfindən həyata keçirilməsindən keçir. Rusiyada normal, qonşulara münasibətdə aqressiv siyasətdən əl çəkən bir sistemin qurulmasına ehtiyac var. Əgər belə olarsa, ölkələr NATO-ya üzv olmağa can atmazlar. Ona görə də rus xalqı bundan nəticə çıxarmalı və diktatordan xilas olmalıdır”.

Vidadi ORDAHALLI

Избранный
8
baki-xeber.com

1Источники