ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Bəzi ekspertlərin fikrincə, ölkəmizdə boşanmaların bir hissəsi ərlə arvadın qarşılıqlı anlaşmazlığı yox, sosial və iqtisadi problemlərin həlli məqsədilə süni şəkildə baş verir. İpoteka krediti almaq, sosial müavinətlərdən yararlanmaq, əmlak bölgüsü və ya borcdan yayınmaq kimi səbəblər bir çox ailəni bu addımı atmağa vadar edir. Lakin bu hallar ailə institutuna olan etimadı ciddi şəkildə sarsıda bilər.
Bəs doğrudanmı süni boşanmalar mövcuddur? Belə sui-istifadə halları hansısa şəkildə müəyyən edilə bilərmi?
Globalinfo.az-a danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, boşanmalarla bağlı son vaxtlar cəmiyyətə təqdim olunan izahların bir çoxu problemin əsl mahiyyətindən uzaqdır.
Onun sözlərinə görə, əksəriyyət bu prosesi hansısa sosial yardımlar, vətəndaşlıq almaq və ya əmlak bölgüsü ilə əlaqələndirir:
“Bəli, belə nümunələr var. Amma gəlin reallığa baxaq: bu amillər boşanma statistikasında cəmi çox cüzi bir faiz təşkil edir. Onları əsas səbəb kimi təqdim etmək kökündən yanlışdır. Bunlar sadəcə detallardır. Məsələn, elə hallar olur ki, məcburi köçkün statusu olan bir şəxs, məcburi köçkün olmayan biri ilə evlənir və əmlak bölgüsü, yaxud qayıdış prosesi çərçivəsində müvəqqəti boşanma qərarı verir. Bunlar məqsədli addımdır. Amma bu, saxta boşanma kateqoriyasına daxildir və ümumi boşanma statistikasında olduqca kiçik yer tutur”.
Sosioloq vurğulayıb ki, rəqəmlər tamamilə fərqli mənzərəni göstərir:
Həmçinin oxuyun:
Azərbaycanda cehiz ləğv edilə bilər? – Ailələr qurulmadan faciələr ona görə yaşanır ki…
Üzeyir Şəfiyev
“2024-cü ildə 49 508 nikah bağlandığı halda, 21 384 boşanma qeydə alınıb. Bu rəqəmlər onu deməyə əsas verir ki, məsələ fərdi məqsədlər üçün atılan addımlardan yox, daha dərin və sistemli sosial problemlərdən qaynaqlanır. Məncə, əsas problem nikahların təməlində dayanıqlığın olmamasıdır. Bəzən xaricdə vətəndaşlıq almaq, bəzən də sosial yardım əldə etmək üçün ailə qurulub sonra dərhal boşanılır. Saxta evliliklər və saxta boşanmalar da var. Nikah və boşanma tarixlərini müqayisə etdikdə bəzi hallarda məqsədli qurulmuş münasibətlər açıq görünür. Amma bütün bu hallar ümumi boşanma problemini izah etməyə kifayət etmir. Əksinə, Azərbaycanda boşanmalar artıq kütləvi və xroniki sosial hal alıb. Bu prosesin kökündə ailə institutunun zəifləməsi dayanır. Təəssüf ki, cəmiyyətin məsələyə yanaşması da hələlik yetərincə ciddi deyil”.
Üzeyir Şəfiyev son vaxtlar texnologiyanın, xüsusilə süni intellektin ailə münasibətlərinə təsirindən də narahatlığını ifadə edib:
“Bəzi xanımlar süni intellekt əsaslı tətbiqlərə emosional şəkildə bağlanır, bəzən oradan aldıqları cavablarla real münasibətlərinə təsir göstərirlər. Bu, nə qədər absurd səslənsə də, artıq müşahidə olunan hallardandır. Digər mühüm faktor isə həyat tərzi və dəyərlərlə bağlıdır. Boşanma hallarının artmasında qadınların getdikcə daha çox fərdiyyətçi, eqoist və hedonist (zövq yönümlü) həyata meyillənməsi mühüm rol oynayır. Gender bərabərliyi adı altında aparılan bəzi radikal təşviqatlar qadınları kişilərlə qarşı-qarşıya qoyur. Bu isə ailə içində qarşıdurmalara və dağılmalara səbəb olur. Sonda qeyd etməliyəm ki, bu məsələlərə yalnız statistik rəqəmlərlə və ya səthi sosial səbəblərlə yanaşmaq olmaz. Boşanma artıq Azərbaycanda ailə institutunun ciddi şəkildə zəiflədiyinin göstəricisidir və bu, tək-tük səbəblərlə deyil, bütöv bir sistemin sarsılması ilə əlaqəlidir”.
Zaira Akifqızı
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.