Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İqbal Nuriyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 09 aprel 2025-ci il tarixində, saat 16 radələrində Ağdam rayonu ərazisində yerləşən Soltanbud təpəsinin yaxınlığında qeydə alınıb.
Belə ki, İqbal Nuriyev zərərçəkmiş Bəşir Bəşirliyə (adı, soyadı şərtidir) 250 manat borc pul verib. Zərərçəkmiş isə həmin borcu ödəməyib və bu səbəbdən də onların arasında mübahisə yaranıb. Bu zaman İqbal Bəşirin başının arxa nahiyəsinə iki dəfə yumruqla vuraraq, ona yüngül zərər yetirib.
Ağdam Rayon Məhkəməsinin hökmü ilə qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, İqbal Nuriyev bir il müddətə islah işləri cəzasına məhkum edilib.
Kamal Məmmədov