RU

Kəmalə Aşumova: “İnsan alveri uzaq təhlükə deyil, hər birimizin qapısını döyə bilər” » AzadMedia.az




Azadmedia.az Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova ilə 30 iyul — İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə müsahibəni təqdim edir:


– Kəmalə xanım, 30 iyul dünyada İnsan alverinə qarşı mübarizə günü kimi qeyd olunur. Bu günün əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik.

– Bu gün təkcə simvolik tarix deyil, həm də cəmiyyətlərə ciddi xəbərdarlıqdır. İnsan alveri müasir dünyanın ən qəddar istismar formalarından biridir. Əfsuslar olsun ki, bu cinayətin əsas qurbanları qadınlar və uşaqlardır. İnkişaf edən texnologiyalar, qlobal miqyasda sərhədlərin yumşalması təhlükəsiz sayılan mühitlərdə belə insan alverinin yayılmasına şərait yaradır. Biz bu gün bir daha vurğulamalıyıq ki, bu məsələ hər kəsi – ailəni, məktəbi, ictimaiyyəti – narahat etməlidir.

– Azərbaycanda bu sahədə hansı tədbirlər görülür və bu tədbirlər nə dərəcədə effektivdir?

– Azərbaycanda insan alverinə qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Hüquqi baza kifayət qədər möhkəmdir. Cinayət Məcəlləsində insan alveri ilə bağlı müddəalar mövcuddur. 2005-ci ildən qüvvədə olan “İnsan alverinə qarşı mübarizə haqqında” Qanun bu sahədə milli strategiyanın əsasını təşkil edir. 2020–2024-cü illəri əhatə edən Milli Fəaliyyət Planı uğurla icra olunub. Hazırda isə 2025–2030-cu illəri əhatə edən yeni Fəaliyyət Planının hazırlanması üzərində iş gedir.

Həmçinin bu tədbirlərin koordinasiyası Prezident tərəfindən təyin olunmuş Milli Koordinator tərəfindən həyata keçirilir. Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən İnsan Alverinə Qarşı Mübarizə üzrə ixtisaslaşmış Polis İdarəsi və qurbanlara yardım məqsədilə yaradılmış xüsusi mərkəzlər də bu sistemin mühüm həlqələrindəndir.

– İnsan alveri qurbanlarının əsas risk qruplarına kimlər daxildir və bu istiqamətdə hansı tədbirlər görülməlidir?

– Ən çox risk altında olanlar arasında yeniyetmə qızlar, aztəminatlı ailələrin uşaqları, məcburi köçkünlər və onlayn mühitdə psixoloji təzyiqə məruz qalan yeniyetmələr var. Təəssüf ki, uşaqlar və gənc qadınlar daha tez aldadılır, istismara və zorakılığa məruz qalırlar. Bu səbəbdən məktəblərdə, icmalarda, sosial müəssisələrdə və rəqəmsal platformalarda erkən xəbərdarlıq mexanizmləri qurulmalıdır. Maarifləndirmə, psixoloji dayaq və valideyn-məktəb əməkdaşlığı bu kontekstdə çox önəmlidir.

– QHT-lərin rolu bu sahədə nədən ibarətdir?

– Vətəndaş cəmiyyəti insan alverinə qarşı mübarizədə çox vacib rol oynayır. “Ümidli Gələcək” İctimai Birliyi olaraq biz də bu sahədə aktiv fəaliyyət göstəririk. Xüsusilə qeyd etmək istərdim ki, bizim təşəbbüsümüzlə 24/7 rejimində fəaliyyət göstərən Uşaq və Qadın Qaynar Xətti yaradılıb. 116111 nömrəli qaynar xəttə müraciətlər anonim və pulsuz şəkildə qəbul olunur. Peşəkar psixoloqlar, sosial işçilər və hüquqşünaslar tərəfindən ilkin psixoloji və sosial dəstək, hüquqi məsləhət, hüquq-mühafizə orqanlarına yönləndirmə və təhlükə vəziyyətində sığınacağa yerləşdirmə xidmətləri göstərilir. Biz həmçinin onlayn platformalar üzərindən də müraciətləri qəbul edirik.

– Maarifləndirmə işləri barədə də danışaq. Cəmiyyətin məlumatlandırılması istiqamətində hansı işlər görülür?

– İnsan alveri ilə mübarizənin əsas dayaqlarından biri profilaktik tədbirlərdir. Dövlət qurumları, beynəlxalq təşkilatlar və QHT-lər birgə layihələr həyata keçirirlər. Məktəblərdə informasiya sessiyaları, müəllimlər üçün təlimlər, sosial risk qrupunda olan qadınlar üçün peşə kursları, müvəqqəti yaşayış və məşğulluq proqramları bu tədbirlərə daxildir. Biz “Ümidli Gələcək” olaraq xüsusilə sosial şəbəkələr və məktəb-icma əməkdaşlığı üzərindən maarifləndirici kampaniyalara xüsusi önəm veririk.

– Sonda cəmiyyətə mesajınızı eşitmək istərdik.

– İnsan alveri uzaq fəlakət deyil. Bu, real təhlükədir və hər birimizin başına gələ bilər. Cəmiyyətin səssiz qalması, məlumatsız olması insan alverçilərin əsas fürsətidir. Bu gün texnologiya onların əllərində bir vasitədirsə, biz yardımın əlçatanlığı və məlumatlılıqla bu cinayətə qarşı dayana bilərik. Hər bir uşaq və qadın təhlükəsizlik, ləyaqət və azadlıq hüququna sahibdir. Biz – ailə, məktəb, cəmiyyət olaraq – onları qorumağa borcluyuq.

Elnurə Abuşova
Избранный
70
1
azadmedia.az

2Источники