Bakı, 30 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin 2025-ci il 19 iyul tarixli Sərəncamı ilə Azərbaycan ərazisində təyinatından asılı olmayaraq yerinə yetirilən bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sisteminin tətbiqi bu sahədə yeni keyfiyyət mərhələsinin başlanması deməkdir. Bu, Azərbaycanın geodeziya və kartoqrafiya sahəsinin dünya geodeziya şəbəkəsinə inteqrasiyası və geodeziya koordinat sisteminin vahidliyinin təmin edilməsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov söyləyib.
O qeyd edib ki, SSRİ dövründə geodeziya və kartoqrafiya fəaliyyətində 1942-ci il koordinat sistemi (Pulkovo), 1963-cü il koordinat sistemi (əsasən kənd təsərrüfatı sahəsində) və lokal koordinat sistemindən istifadə olunurdu. SSRİ ərazisində həyata keçirilən bütün topogeodeziya işlərində müxtəlif miqyaslı xəritə və topoqrafik planlar hazırlanarkən bu koordinat sistemindən istifadə edilirdi. “SSRİ-nin süqutundan sonra müstəqilliyinə qovuşmuş respublikalar geodeziya, kartoqrafiya fəaliyyətində rəhbər tutduqları koordinat sistemini özləri müəyyən etdi. Məsələn, Rusiya “PZ-90” (“Planeta Zemlya”), Ukrayna “УСК-2000” koordinat sistemini tətbiq etməyə başladı”, - deyə QHT sədri bildirib.
Azərbaycanın dünya geodeziya şəbəkəsinə inteqrasiyası üçün WGS-84 (World Geodetic System - 84) koordinat sistemindən istifadəsinin müasir dövrün mühüm çağırışı olduğunu diqqətə çatdıran M.Bayramov deyib: “Hazırda dünyanın əksər ölkələrində WGS-84 UTM (Universal Transverse Mercator) universal köndələn Merkator proyeksiyasına əsaslanan düzbucaqlı koordinat sistemindən geniş istifadə olunur. WGS-84 UTM koordinat Yer kürəsinin səthini 60 zonaya bölən və hər birini 6 dərəcəlik uzunluq dərəcəsi ilə təmsil edən bir xəritə proyeksiya sistemidir. Bu sistem xüsusilə böyük sahələri dəqiq təsvir etmək üçün istifadə olunur. WGS-84 koordinat sistemi Beynəlxalq Geodeziya və Geofizika təşkilatı (IGAG) tərəfindən 1984-cü ildə yaradılıb. Bu koordinat sisteminin ellipsoid parametrləri SSRİ dövründə istifadə olunan 1942-ci il koordinat sistemindən daha dəqiq hesablandığı üçün onun dəqiqliyi daha yüksəkdir”.
Onun sözlərinə görə, geodeziya, kartoqrafiya, naviqasiya sahəsində bu Sərəncamın tətbiqi ölkə ərazisində yerinə yetiriləcək geodeziya, kartoqrafiya, naviqasiya işlərinin dəqiqliyinin artması deməkdir.
Müqabil Bayramov onu da qeyd edib ki, iki ildir fəaliyyət göstərən “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin istehsalı olan kartoqrafik əsərlər də müasir çağırışlara uyğun olaraq WGS-84 koordinat sistemində hazırlanıb.