Ankara ilə Vaşinqton arasında Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sisteminin alınmasından sonra yaranan anlaşılmazlıqların həlli istiqamətində irəliləyiş müşahidə olunur.
Operativ Media xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri Tom Barak bildirib.
"Əlbəttə, biz bir həll yolu tapacağıq. S-400 sistemi 2017-ci ildə anlaşılmazlıq səbəbindən gündəmə gəlmişdi. İndi isə on il sonra tamamilə fərqli bir vəziyyətdəyik və məsələ siyasi həllə doğru irəliləyir. F-35, F-16 qırıcıları və hava hücumundan müdafiə sistemləri ilə bağlı məsələlər artıq S-400 problemi çərçivəsində siyasi müzakirə obyektinə çevrilib. Hazırda iki ölkə arasında ticarət dövriyyəsini ildə 100 milyard dollara çatdırmaq hədəflənir. NATO isə Türkiyədən getdikcə daha çox yardım, məsləhət və dəstək gözləyir", – deyə diplomat “Habertürk” telekanalının efirində qeyd edib.
Tom Barakın Ankaradakı sələfi, səfir Jeff Flake bir dəfə bildirmişdi ki, Türkiyənin F-35 qırıcı təyyarələri proqramına qayıtmaq ehtimalı yoxdur. Lakin o, həmçinin qeyd etmişdi ki, S-400 problemi həll olunarsa, Türkiyə bu təyyarələri ala bilər.
Qeyd edək ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 sistemi aldıqdan sonra F-35 inkişaf proqramından çıxarılıb. Həmin vaxta qədər ölkə bu qırıcılar üçün bəzi komponentləri, gövdə elementlərini və digər sistemləri istehsal edib. ABŞ isə Türkiyənin bu proqramda yenidən yer almasının yalnız S-400 sistemindən tamamilə imtina etməsi ilə mümkün ola biləcəyini bəyan edib.