RU

Turist axını və 20 min yeni iş yeri: Kazinolar iqtisadiyyat üçün böyük şansdır

Azərbaycanda süni torpaq sahələrində kazino oyunları keçirilə bilər. Artıq qanunvericiliyə dəyişikliklər təsdiqlənib. Nazirlər Kabinetinə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, kazino oyunlarının təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb. 

Bununla süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılması təmin edilir. Kazino biznesi hazırda dünyada geniş yayılıb. Bu biznes həm ölkələrin iqtisadiyyatı, o cümlədən turizm sahəsi üçün əhəmiyyət daşıyır. Turistlər səfər etdikləri ölkələri seçərkən həm də əylənə biləcəkləri məkanlara üstünlük verirlər. ABŞ, Sinqapur, Monako, Gürcüstan və digər ölkələrdə kazinolar dövlətə böyük miqdarda gəlir gətirməklə yanaşı, həm də turizmin inkişafına, məşğulluğun artırılmasına və investisiya mühitinin canlanmasına səbəb olur. Bu baxımdan, Azərbaycanda da kazinoların açılması məsələsi zaman-zaman ictimaiyyətin və ekspertlərin müzakirə mövzusuna çevrilir. Bu sahənin iqtisadi potensialı nəzərə alınaraq, kazinoların yenidən leqallaşdırılması mümkün və aktual bir məsələ kimi qiymətləndirilə bilər. Azərbaycanda kazinoların açılması dövlət büdcəsinə əlavə vergi gəlirləri gətirə bilər. Qumar biznesi lisenziyalaşdırılaraq, dövlətin tam nəzarəti altına alınarsa, həm lisenziya haqları, həm də dövriyyədən alınan vergilər vasitəsilə ciddi maliyyə vəsaiti toplamaq mümkündür. Bu vəsaitin bir hissəsi sosial layihələrin maliyyələşdirilməsinə, infrastrukturun yaxşılaşdırılmasına və digər prioritet sahələrin inkişafına yönəldilə bilər. Məsələn, Böyük Britaniyada bu gəlir illik 20 milyard, İtaliyada 15 milyard, Niderlandda isə 4 milyard ABŞ dolları civarındadır. Kazinoların leqallaşdığı Gürcüstan (2001-ci ildən) illik 100-150 milyon, Rusiya (2009-cu ildən) isə 20-30 milyon dollar civarında vergi gəlirləri əldə edib. Oxşar model Azərbaycanda da tətbiq edilərsə, illik milyonlarla manat həcmində gəlir mümkün ola bilər. Kazinolar beynəlxalq turistləri cəlb edən mühüm obyektlərdən biridir. Dünya üzrə ən məşhur kazino şəhərləri olan Las-Veqas, Makao və Monte-Karlo buna nümunədir. Azərbaycan, xüsusilə də Bakı, Xəzər sahili bölgələr kimi turizm potensialı yüksək olan ərazilərdə kazino kompleksləri qurmaqla, həm regionların inkişafına, həm də turizm sektorunun genişlənməsinə şərait yarada bilər. Turistlər kazinoya gəlməklə yanaşı, hotellərdə qalır, restoranlardan istifadə edir, mədəni-tarixi yerləri ziyarət edir və bu da əlavə iqtisadi aktivlik yaradır. Beləliklə, kazinoların fəaliyyət göstərməsi yalnız bir sektoru deyil, bütöv xidmət sahəsini canlandırır. Kazinoların fəaliyyəti minlərlə yeni iş yerinin açılmasına səbəb ola bilər. Bu iş yerləri yalnız kazino işçiləri ilə məhdudlaşmır. Mühafizə xidmətləri, təmizlik, restoran və bar işçiləri, texniki personal, marketinq və menecment sahəsində çalışanlar da daxil olmaqla, geniş spektrdə insan resursuna ehtiyac yaranır. Bundan əlavə, dolayı yollarla – məsələn, nəqliyyat, turizm xidmətləri, yerli istehsal mallarının satışı kimi sahələrdə də məşğulluq artır. Bu, xüsusilə bölgələrdə gənclər üçün iş imkanlarının yaradılmasına təkan verə bilər. Nəticədə kazinoların Azərbaycanda açılması məsələsi həm iqtisadi imkanlar, həm də sosial risklər baxımından kompleks və diqqətlə yanaşılması lazım olan mövzudur. Əgər düzgün tənzimləmə, nəzarət və maarifləndirmə tədbirləri həyata keçirilərsə, kazinolar iqtisadi artım, turizmin inkişafı, vergi gəlirlərinin artması və məşğulluğun yüksəlməsi baxımından mühüm rol oynaya bilər. Mütəxəssislərin fikrincə, kazinoların fəaliyyətə başlamasının Azərbaycana gələn turist sayına böyük təsiri olacaq. Azərbaycanda kazinoların işləməməsi turizm sektoruna ciddi zərbə vurur. Onların fəaliyyəti Azərbaycana üst seqment turistləri cəlb etməklə ölkədə turizmin daha çox inkişafına təkan verəcək. Azərbaycanda bu əyləncə növünə maraq göstərənlər uzun illərdir ki, xarici ölkələrə üz tuturlar. Bu isə milyonlarla manat vəsaitin xaricə axması deməkdir. Məlumatlara görə, Gürcüstan kazinolarının əldə etdiyi gəlirlərinin təxminən 20 faizi Azərbaycan vətəndaşlarının payına düşür. Ölkədə kazinoların fəaliyyəti leqallaşdırılsa, həmin vəsaitlərin xaricə axını da dayanacaq. Kazinonun fəaliyyəti qeyri-leqal oyun biznesi və fırıldaqçılığa da ciddi zərbə olacaq. 


Millət vəkili Aydın Hüseynov deyib ki, bu məsələdə qanuni tənzimləmələr mövcuddur. Deputatın sözlərinə görə, fəaliyyətinə icazə veriləcək kazinolar Xəzər dənizində salınacaq süni adalarda olacaq: 

"Yəni ölkənin yerində fəaliyyət göstərməyəcək. Xəzər dənizində süni adalarında digər fəaliyyətlə bağlı kazino fəaliyyətinə də icazə veriləcək. Yaşla bağlı məhdudiyyət də 21 yaşdır. Ümumilikdə, kazino fəaliyyətinə icazə verilməsi elit turizmin bir istiqamətidir. Turizm sektoru ölkə iqtisadiyyatında önəmli sahələrdən biridir. Bu da turizmin inkişafına təkan verəcək addımdır. Digər tərəfdən məşğulluğun təmin olunması baxımından da müsbət töhfəsini verəcək. Turizm sektoru özü ilə xidmət sektorunun müəyyən istiqamətlərinin inkişafını təmin etmiş olacaq. Yəni zəncirvari qaydada - turizm və xidmət sektoru, məşğulluq və investisiyanın cəlb olunmasında inkişaf olacaq ki, bu da iqtisadi stimullaşdırma deməkdir. Dünya ölkələrində də belə praktika var". 

Millət vəkili Vüqar Bayramov da bildirib ki, son illər müxtəlif alətlər, eləcə də kazinolar vasitəsilə fərqli dövlətlərdə gəlmə turizmin təşviq edilməsi müşahidə olunur. Deputat vurğulayıb ki, bu, turizm sektorunda daxilolmalara birbaşa təsir etməklə yanaşı, gəlmə turizmi təşviq edir: 

"Hazırda qlobal kazino sənayesinin ümumi dövriyyəsi yarım trilyon dollardan çoxdur. Son illər bu sahədə artım dinamikası müşahidə olunmaqla yanaşı, proqnozlar da trendin davam edəcəyindən xəbər verir. Belə ki, 2023-cü ildə kazino sənayesinin gəlirləri 540 milyard dollar olub, 2024-cü ildə isə 580 milyard dollara yüksəlib. 2028-ci ilə qədər dövriyyənin həcminin 745 milyard dollara çatacağı proqnoz edilir". Onun sözlərinə görə, Azərbaycana gələn turistlərin sayındakı artım turizm infrastrukturunun daha da inkişaf etdirilməsini, əlavə istirahət və əyləncə obyektlərinin açılmasını daha da aktuallaşdırıb: "Bir çox turizm ölkələri kimi Azərbaycanda da kazinoların fəaliyyətinə icazə verilməsi bu addımlardan biri ola bilər. Belə ki, ərazi və əhalisinin sayına görə Gürcüstan Azərbaycandan kiçik olsa da, turizm gəlirlərinə görə daha öndədir. Tədqiqatlar göstərir ki, bunun əsas səbəblərindən biri kimi kazino biznesinin leqallaşdırılmasıdır. 2021-2022-ci illərdə Gürcüstanda mərc oyunları və kazinoların dövriyyəsi 16,45 milyard avrodan 17,82 milyard avroya yüksəlib. 2024-cü ildə Gürcüstanda kazino sektorunun dövriyyəsi 28 milyard ABŞ dolları olub. 2024-cü ildə 20 mindən çox insan bu sahədə çalışıb, Gürcüstan kazinolarının gəlirlərinin əhəmiyyətli hissəsi xarici müştərilərdən, həmçinin Azərbaycandan səfər edən turistlərdən daxil olur".

Избранный
117
9
sherg.az

10Источники