Vaşinqton Ottavanın fəaliyyətsizliyinə cavab verir...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Kanadaya qarşı gömrük rüsumlarını 25%-dən 35%-ə qaldırmaq barədə fərman imzalayıb. Ağ Evin rəsmi saytında yayılan məlumatda bildirilir ki, yeni tariflər 1 avqustdan qüvvəyə minəcək.
Açıqlamada qeyd olunur ki, Trampın bu addımı Kanadanın “fentanilin qarşısının alınması sahəsində əməkdaşlıqdan imtina etməsi” və ABŞ-a qarşı cavab tədbirləri ilə əlaqəlidir.
Yeni tariflər ABŞ, Meksika və Kanada arasında qüvvədə olan azad ticarət sazişi (USMCA) çərçivəsində güzəştli rejimə daxil olan mallara şamil olunmur. Bildirilir ki, 35%-lik rüsumdan yayınmaq üçün üçüncü ölkələr vasitəsilə tranzit edilən mallar isə 40% gömrük vergisi ilə cərimələnəcək.
Xatırladaq ki, iyunun sonunda Donald Tramp Kanada ilə bütün ticarət danışıqlarını dayandırdığını bəyan etmişdi.
2024-cü ildə ABŞ ilə Kanada arasında ticarət dövriyyəsi 475 milyard dolları (ABŞ-ın Kanadadan idxalı) və 440 milyard dolları (ABŞ-ın ixracı) təşkil edib. Əsasən avtomobil və istehlak mallarını əhatə edən bu dövriyyə fonunda ABŞ Gömrük və Sərhəd Xidmətinin məlumatına görə, Kanadadan gətirilən fentanilin miqdarı Meksika ilə müqayisədə xeyli aşağıdır.
Poliqon.info