BAKI, 1 avqust. TELEQRAF
4 saylı Bakı ASAN Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi Aygün Eminova "Teleqraf" İnformasiya Agentliyinə müsahibə verib.
O bildirib ki, rəsmi statistikaya əsasən, son üç il ərzində 5157 nəfərin soyad sonluğu dəyişdirilib. "Eyni zamanda bu müddətdə 7531 şəxsin soyadının, adının və ata adının dəyişdirilməsi dövlət qeydiyyatına alınıb. Azərbaycanda ad, soyad və ata adının dəyişdirilməsi prosesi qanunvericiliklə müəyyən edilmiş qaydalar əsasında həyata keçirilir" - şöbə müdiri bildirib.
Bu dəyişikliklərin əsas səbəbləri, hüquqi çərçivəsi, eləcə də mövcud statistika ilə bağlı Aygün Eminova ilə həmsöhbət olduq.
Müsahibəni təqdim edirik:
- Aygün xanım, son 3 ildə neçə nəfər soyad, ad və ata adını dəyişdirib?
- Bu müddət ərzində 7531 nəfərin soyad, ad və ata adının dəyişdirilməsi dövlət qeydiyyatına alınıb.
- Ad, soyad və ata adının dəyişdirilməsi məsələsinin səbəbləri nələrdir və ya ümumiyyətlə, bu araşdırılır?
- Bəli, adını, soyadını və ya ata adını dəyişdirmək istəyən şəxslər qeydiyyat orqanına təqdim etdiyi müvafiq ərizədə bunun səbəblərini qeyd edirlər. Bu, bir çox hallarda şəxsin arzusu, ər-arvadın eyni soyadı daşımaq istəyi, nikahdan əvvəlki soyada qayıtmaq niyyəti, fərdin faktiki böyütmüş və tərbiyə etmiş adamın adı ilə ata adı daşımaq arzusundan və s. məsələlərdən irəli gəlir.
- Maraqlıdır, ata adının dəyişdirilməsi ilə bağlı statistika varmı?
- 2024 və 2025-ci ilin birinci yarımili ərzində yetkinlik yaşına çatmış 9 şəxsin ata adının dəyişdirilməsi qeydə alınıb.
- Bəs ana adının dəyişdirilməsi mümkün deyil?
- Qanunvericilikdə yalnız soyadın, adın və ya ata adının dəyişdirilməsi nəzərdə tutulub. Bununla belə, Ailə Məcəlləsinin 48-ci maddəsində valideynlərə dair (eləcə də analığa dair) mübahisə açma qaydası izah olunub. Qeyd edilir ki, analığa dair mübahisə yalnız məhkəmə yolu ilə açıla bilər.
- Ata adının dəyişdirilməsini valideyndən imtina kimi qəbul etmək olarmı?
- Ata adının dəyişdirilməsi şəxsin valideynindən imtina kimi qəbul olunmur. Çünki ata adının dəyişdirilməsi şəxsin doğumu haqqında akt qeydində ata haqqında məlumat qrafasında valideyn kimi qeyd olunan şəxsin məlumatlarının dəyişdirilməsinə səbəb olmur. Yalnız doğum haqqında akt qeydinin (eləcə də şəhadətnamənin) uşaq haqqında məlumat qrafasında ata adı dəyişdirilir.
- Ümumilikdə bu proses necə tənzimlənir?
- Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən şəxsin ata adının dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Ata adının dəyişdirilməsi qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən həyata keçirilir. Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Eyni zamanda “Qaydalar”ın 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir.
- Son illərdə soyadların milliləşdirilməsi tendensiyası artıb. Bəzi vətəndaşlar könüllü şəkildə “ov”, “yev” və s. kimi soyad sonluqlarından imtina edir. Nazirlik bu tendensiyanı necə dəyərləndirir?
- Soyadların sonluqlarının dəyişdirilməsi vətəndaşların “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Milli Məclisin 02.02.1993-cü il tarixli Qərarında nəzərdə tutulan soyad sonluqlarından birini daşıma istəyindən irəli gəlir. Həmin Qərara əsasən Azərbaycan vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Həmçinin Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.1-ci maddəsinə əsasən, 18 yaşına çatmış hər bir vətəndaşın ərizəsinə əsasən, onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. Eyni zamanda yenidoğulmuş uşağın doğumunun qeydə alınması zamanı müraciət edən şəxs uşağın soyadının valideynlərin soyadlarına uyğun Milli Məclisin müvafiq qərarındakı sonluqlardan biri və ya sonluqsuz forma ilə qeyd olunmasını seçə bilər. Soyadın sonluğunun seçilməsi zamanı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb.
- Ötən il soyadların milliləşdirilməsi ilə bağlı neçə şəxs qeydiyyata alınıb.
- 2024-cü ildə 1479 nəfər soyad sonluğunu dəyişib.
- Bəs son 3 il ərzində?
- Son 3 ilin statistikasına nəzərə saldıqda görürük ki, 5157 nəfərin soyadının sonluğunun dəyişdirilməsi qeydə alınıb.
- Maraqlıdır, şəxsin ad və soyadını dəfələrlə dəyişdirməsinə məhdudiyyət varmı?
- “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda göstərilmiş hallar (ər-arvaddan birinin öz soyadını dəyişdiyi halda digərinin soyadının dəyişdirilməsi, atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun uşaqlarının ata adının dəyişdirilməsi, hər iki valideynin və ya onlardan birinin soyadı dəyişdirildikdə uşaqların soyadının dəyişdirilməsi) istisna olmaqla adın, soyadın və ata adının növbəti dəfə dəyişdirilməsinə yol verilmir.
- Bəzən övladına qəribə ad qoymaq istəyən şəxslərlə qarşılaşırıq. Məlumdur ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında hazırlanmış Azərbaycan dilində şəxs adları lüğəti 2015-ci ildə təsdiq olunub. Nazirlik tərəfindən qadağan olunmuş adlar siyahısına hər hansısa adın daxil edilməsi üçün təkliflər olub?
- Ailə Məcəlləsinin 53-cü maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir. Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən “Azərbaycan şəxs adlarının izahlı lüğəti” dərc olunsa da, verilməsi qadağan olunmuş adların siyahısı mövcud deyil.
- Yəqin ki, Siz də qəribə adlarla çox qarşılaşırsınız…
- Bir sıra hallarda valideynlər övladlarına gülünc, qəribə səslənən adların qoyulması üçün müraciət edirlər. Bu halda uşağın mənafeyinin zəruriliyi və qanunvericiliyin tələbləri onlara izah edilərək başqa ad seçmələri tövsiyə olunur.
- Bəzən olur ki, uşağın adını seçərkən valideynlərdən biri buna razı olur, ancaq digər dəyişməyi tələb edir. Bu kimi hallarda nələr edirsiniz?
- Ailə Məcəlləsinin 53-cü maddəsində bu məsələ tənzimlənir. Uşağa ad valideynlərin razılığı ilə verilməlidir. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı yerli icra hakimiyyətinin qəyyumluq və himayəçilik orqanları tərəfindən həll olunur.
Bununla belə uşağın doğumunun qeydə alınması üçün valideynlərdən birinin müraciət etməsi kifayətdir. Nikahda olan valideynlərdən doğulmuş uşağın doğumunun qeydə alınması üçün valideynlərdən biri müraciət etdikdə, bu halda güman olunur ki, o digərinin razılığı ilə hərəkət edir. Müraciət edən şəxs tərəfindən yalan məlumat təqdim edilməsi gələcəkdə həmin akt qeydinin ləğvi üçün əsasdır.
- Xarici ölkələrin praktikasında şəxslər hüquq mühafizə orqanlarından yayınmaq məqsədilə ad və soyadlarını dəyişdirirlər. Bu hallara Azərbaycanda da rast gəlinibmi?
- Yuxarıda adıçəkilən “Qaydalar”ın tələblərinə əsasən adın, soyadın və ata adının dəyişdirilməsi üçün ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. Rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır.
Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi bundan imtina edilməsi barədə qərar çıxarır və bu barədə ərizə verən şəxsə məlumat verir.