ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Trampın Rusiyaya vaxt verməsi məsələsinə gəldikdə, əslində o, hakimiyyətə gəldikdən sonra bir tərəfdən danışıqlara üstünlük verdiyini göstərirdi, digər tərəfdən isə razılaşmaya gəlməyən tərəflərə sanksiyalarla təzyiq etməyə çalışırdı. Rusiyaya münasibətdə də eyni siyasəti yürüdürdü.Tramp prezident olanda Putin haqda xoş sözlər səsləndirir, onunla razılığa gələ biləcəyinə ümid etdiyini bildirirdi”.
Bunu Gununsesi.info-ya danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib:
“Ancaq sonrakı hadisələr göstərdi ki, Rusiya ilə anlaşmaq, sadə dildə desək, onu “yola gətirmək” heç də asan deyil.
Rusiya bir tərəfdən danışıqlar aparırdısa da, digər tərəfdən Ukraynada ərazi nəzarətini genişləndirməyə çalışırdı. Bu proses indi də davam edir və Rusiya rəhbərliyi danışıqlara o qədər də isti yanaşmır. Bu, onların görüşlərdəki mövqeyindən, danışıqlar prosesindəki davranışlarından aydın görünür.
Tramp son olaraq Rusiyaya əvvəlcə 50 günlük vaxt vermişdi, lakin sonra bu müddəti 12 günə endirdi. Niyə? Çünki o və komandası başa düşdülər ki, 50 gün yox, 5 ay vaxt versələr belə, Rusiya geri addım atmayacaq. ABŞ-nin şərtlərini qəbul edib danışıqlar masasına oturmaq niyyətində deyillər. Rusiya açıq şəkildə Ukraynaya nəzarət etmək istəyir və bunu “xüsusi əməliyyat” adlandıraraq sona qədər davam etdirəcəyini bildirir.
Bu da onu göstərir ki, Tramp başa düşdü – əgər 50 gün gözləsə, heç bir nəticə əldə olunmasa, Rusiya da cavab verməsə, o zaman nə ölkə daxilində, nə də beynəlxalq aləmdə nüfuzuna daha bir zərbə dəymiş olacaq. Onsuz da Yaxın Şərqdəki vəziyyət, Rusiya-Ukrayna müharibəsi, Finlandiya, Kanada, Panama kimi ölkələrlə gərgin münasibətlər fonunda Trampın nüfuzu zəifləyib. Bu məsələdə də uğursuzluq onu daha da zəiflədəcəkdi. Buna görə də vaxtı azaldıb və Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə qərar verdi. Amma bunu da əsasən Avropa və beynəlxalq ictimaiyyətin təzyiqləri ilə etmək məcburiyyətində qaldı”.
Xəyal Bəşirovun fikrincə, Trampın ilkin mövqeyi Rusiyanın Ukrayna üzərində müəyyən dərəcədə nəzarətini qəbul etdiyini göstərirdi.
“Çünki digər məsələlərdə, məsələn, İran, Çin və ya Cənubi Qafqazla bağlı Rusiyanın neytrallaşdırılması üçün Rusiya ilə razılaşma əldə etmək onun üçün vacib idi. Lakin bu yanaşma Avropa tərəfindən dəstəklənmədi. Avropa İttifaqı Rusiyanın Ukraynanı işğal etməsini özünə təhlükə hesab etdi və bu gün də eyni mövqedədir.
Bu baxımdan düşünürəm ki, Trampın Rusiyaya vaxt verməsi və sanksiyalar tətbiqi onu geri addım atmağa məcbur edə bilməz. Çünki biz artıq bu kimi sanksiyaların effekt vermədiyini dəfələrlə görmüşük. İndiyə qədər Rusiyaya qarşı 20-yə qədər sanksiya paketi tətbiq olunub, amma bu, onun mövqeyini dəyişməyib. Bundan sonra əlavə sanksiyalar da olsa, Rusiya tutduğu yoldan dönməyəcək. Bu proses hələ uzun müddət davam edəcək”.
Şəbnəm Rəhimova
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.