Azərbaycan Suriyaya qaz nəqlinə başlayır
Azərbaycan avqustun 2-dən etibarən Suriyaya qaz nəqlinə başlayacaq. “Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir bildirib ki, gündəlik 3,4 milyon kubmetrə bərabər olan qaz nəqli Türkiyə ərazisindən çatdırılacaq. Belə ki, SVOP razılaşmasına əsasən, Azərbaycandan ixrac edilən qaz Kilis üzərindən Suriyaya, Dəməşqə ixrac olunacaq və Suriyanın qaz şəbəkəsi infrastrukturuna daxil ediləcək. Azərbaycan yanacağı hesabına Suriyada təxminən 900 meqavat gücündə elektrik enerjisi istehsal edilməklə elektrik şəbəkəsinin dayanıqlığının artırılmasına töhfə verəcək.
İllik 1 milyard kubmetr qaz
Qeyd edək ki, cari il iyulun 12-də Azərbaycanda səfərdə olan Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd -Şaraa ilə Prezident İlham Əliyev arasında keçirilən geniş tərkibdə görüş ikitərəfli əlaqələrin inkişafına dair faydalı müzakirələr aparılıb, razılaşmalar əldə edilib. Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşməsini nəzərə alan Azərbaycan yeni hakimiyyətin islahatlar proqramına dəstək çərçivəsində Türkiyə ərazisindən Suriyaya qaz ixracına razılıq verib. SOCAR və Suriya hökuməti arasında imzalanan memorandumu Suriyada böhran başlayandan bəri beynəlxalq səviyyəli ilk sənədlərdən biri kimi mühüm əhəmiyətli saziş kimi xarici enerji koalisiyası tərəfindən də yüksək dəyərləndirilib. Anlaşmaya əsasən, Azərbaycan ildə 1 milyard kubmetr həcmində qazı Suriyanın ötürmə infrastrukturuna çatdıracaq.
Azərbaycan Yaxın Şərqdə yeni enerji mərhələsini başladır
Sazişin imzalanması ilə Azərbaycanın Yaxın Şərqdəki enerji siyasətində yeni bir mərhələnin başlanğıcı qoyulub və Azərbaycanın enerji diplomatiyasında coğrafi və geosiyasi şaxələnməni genişləndirmək niyyətini göstərir. Azərbaycanın qazının Suriyaya nəqli təkcə iqtisadi deyil, həm də geosiyasi məsələdir. Suriyanın qaz nəqli şəbəkəsi “Ərəb qaz şəbəkəsi” adlandırılan sistemə qoşulub, bu şəbəkəyə Suriya, Livan, İordaniya və Misir daxildir. Bu isə o deməkdir ki, Azərbaycanın qazı bu ölkələrin hamısına ixrac edilə bilər və körfəz dövlətləri blokunda yeni enerji alyansı formalaşması qaçılmazdır. ünki həmin ölkələr elektrik enerjisi istehsalı üçün ciddi şəkildə xammala ehtiyac duyurlar və bu baxımdan Azərbaycan yanacağı Suriya ilə yanaşı, digər ərəb dövlətlərinin də enerji infrastrukturunun dayanıqlığına töhə verə bilər.
Suriyanın energetika sisteminin bərpasına töhfə
Azərbaycan Suriyanın energetika sahəsinin bərpasına da töhfə vermək niyyətindədir. Əhməd -Şaraanın Bakıya səfəri zamanı bu məsələ də müsbət həll edilib. Uzun müddət davam etmiş daxili münaqişə zamanı dağıdılaraq sıradan çıxmış energetika sisteminin bərpası Azərbaycan-Türkiyə birgə koordinasiya planı üzrə aparılacaq. SOCAR ilə bağlanmış saziş istehsalın bərpası və Suriyanın elektrik enerjisi ilə təmin olunması baxımından həlledici əhəmiyyətə malikdir. SOCAR-ın təcrübəsi və texnoloji bacarıqları, Suriyanın enerji infrastrukturunun bərpasında əhəmiyyətli rol oynaya bilər. Bu, həmçinin Azərbaycanın enerji sektorundakı texnoloji inkişafını beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı yaradır. İqtisadi sabitliyin bərpası təkcə hasilat demək deyil. Enerji gəlirləri vasitəsilə mərkəzi büdcəyə daxilolmalar artacaq. Dövlət, dövlət qulluqçuları, təhlükəsizlik orqanları və sosial proqramlar üçün resurs qazanacaq.
Sənayenin bərpasında Azərbaycanın dəstəyi
Bu əməkdaşlıq uzun illər davam edən münaqişədən sonra Suriyanın iqtisadi dirçəlişinə də töhfə verəcək. Belə ki, Azərbaycan qənaətbəxş qiymətlərlə fasiləsiz elektrik təchizatı, daha əvvəl Misirə və ya Türkiyəyə köçürülmüş Suriyadakı sənaye müəssisələrinin geri dönüşünü stimullaşdıra bilər. Məhz bu müəssisələrin geri qayıdışı, Suriya iqtisadiyyatında yeni mərhələnin başlandığını beynəlxalq bazarlara qapılarını da açmış ola bilər. Bir sözlə, Azərbaycan Suriyanın qaz və enerji sektorunun inkişafına kömək etməklə sənaye quruculuğunun da ayağa qalxmasına dəstək verərək ümumilikdə, iqtisadi bərpasını da təşviq etmiş olur.
Əməkdaşlıq sxeminə əsasən, gələcəkdə Azərbaycanla Suriya arasında dəmir yolu və avtomobil nəqliyyatı layihələrinin formalaşması da mümkündür, bu isə Orta Dəhlizdə yer almasını reallaşdırmış olur.
Suriya coğrafi baxımdan Asiya-Orta Şərq-Avropa nəqliyyat tranzitində yer alır. Bu ölkənin həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində yerləşməsi çoxşaxəli logistika imkanlarının əlverişliliyinə dəlalət edir. Xüsusilə də, Orta Dəhliz nəqliyyat habına çıxış üçün daha yaxşı imkanlar var. Bu baxımdan Suriyanın Azərbaycan fəal təşəbbüskarı olduğu Orta Dəhliz nəqliyyat ittifaqında yer alması labüddür.
E.CƏFƏRLİ