RU

Bütün azərbaycanlıları birləşdirən ANA DİLİ!

3 il əvvəl Şuşadan verilən mesaj...

İlham Əliyev: Ana dili əsas amildir.

Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir

Təqvimdə elə bayramlar var ki, sırf zamana, konkret hadisəyə, hansısa bir peşəyə aid olur. Bu gün isə bütün dünya azərbaycanlılarını birləşdirən böyük bayramdır. 1 avqust ölkəmizdə Prezident Heydər Əliyevin 2001-ci ildə imzaladığı müvafiq ərmana uyğun olaraq Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.

Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. Bu dildə dünya ədəbiyyatı xəzinəsinə daxil olan misilsiz əsərlər yaradılıb. Tarixin sınaqlarından çıxan gözəl ənənələrimiz, milli-mənəvi dəyərlərimiz məhz bu dildə cilalanaraq qərinələrin sınaqlarından çıxmış, nəsillərdən-nəsillərə ötürülmüş və bugünümüzədək gəlib çatmışdır. Azərbaycanın zaman-zaman müxtəlif imperiyaların tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta həmin ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun yaşamasını və inkişafını təmin etmişdir. Bu gün biz bir xalq kimi varıqsa, Vətənimizin sorağı dünya arenalarından gəlirsə, buna görə məhz Azərbaycan dilinə borcluyuq. Hazırda dilimizin qorunması və qayğı ilə əhatə olunması hər bir azərbaycanlının müqəddəs mənəvi borcudur.

“Biz dilimizlə fəxr etməliyik”

Bu gün hər birimizə ana laylası qədər şirin və doğma olan Azərbaycan dili ifadə imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik strukturunun sabitliyi ilə səciyyələnir. Eyni zamanda, Azərbaycan dili müstəqil respublikamızın rəsmi dövlət dili statusuna malikdir. Dilimizin bugünkü inkişaf səviyyəsinə çatmasına və yüksək status qazanmasınadək isə uzun yol keçilib, bir sıra ciddi maneələr dəf edilib ki, burada da xalqımızın böyük oğlu Heydər Əliyevin müstəsna rolu olmuşdur. Bütün varlığı ilə milli-mənəvi dəyərlərimizə bağlı olan bu böyük şəxsiyyət Azərbaycan dilini çox sevir və gözəl dilimiz barəsində belə deyirdi: “Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.”

Bu fikirlər Heydər Əliyevin Azərbaycan dilinə nə qədər böyük önəm verdiyini əyani şəkildə göstərir. Məlumdur ki, Heydər Əliyev Azərbaycana ideoloji cəhətdən iki fərqli formasiyada rəhbərlik edib. Onun respublikamıza rəhbərliyinin birinci dönəmi keçmiş sovet hakimiyyəti illərinə təsadüf edir. Bu o dövr idi ki, vahid sovet xalqından danışılırdı. Milli kimliyin qabardılması rəhbər şəxslər üçün qeyri-rəsmi qadağan olunmuşdu - bu, əslində, onların karyera yolunun bağlanması, sərt təhdidlərə məruz qalmaları demək idi. Lakin söhbət bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan Heydər

Əliyevdən gedirdisə, belə qadağalar Onu ana dilinə qayğı göstərməkdən çəkindirə bilməzdi.

Ötən əsrin 70-ci illərin ortalarından başlayaraq keçmiş SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Bu şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Belə bir kədərli təcrübə də var idi ki, 30-c illərdə dil məsələsini qabardanlar kütləvi şəkildə Sibirə sürgün olunmuşdular.

Bütün süni məhdudiyyətlərə rəğmən, Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq oub. O, ziyalıları, xalqı ana dilinə dövlət dili statusunun verilməsi uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etməyi bacarıb. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. O dövrdə belə bir fikir ifadə etmək böyük cəsarət və milli təəssübkeşlik nümunəsi idi. Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olub. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən  Heydər Əliyev 73-cü maddənin aşağıdakı redaksiyada verilməsi təklifini irəli sürüb: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”

Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dövlət quruculuğu strategiyasının tərkib hissəsi olan dil siyasətinin nəticəsidir ki, ötən əsrin 70-ci illərində Azərbaycan dilinin tarixi intensiv şəkildə öyrənilmiş, müasir Azərbaycan dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yaradılmışdır. Ali məktəblər üçün yazılmış dörd cildlik “Müasir Azərbaycan dili” dərsliyi 1974-cü ildə məhz Heydər Əliyevin təşəbbüsü ilə milli dilçilik elminin inkişafına töhfə kimi qiymətləndirilərək respublikanın Dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan dilinə və ümumiyyətlə Azərbaycan dilçilərinin əməyinə verilən qiymət və onlara göstərilən qayğı Azərbaycanın keçmiş sovet məkanında, eyni zamanda beynəlxalq elm aləmində türkologiyanın mərkəzlərindən biri kimi tanınmasına gətirib çıxarmışdır. SSRİ Elmlər Akademiyasının bu istiqamətdə yeganə “Türkologiya” jurnalı məhz Bakıda nəşr edilirdi.

Sonrakı mərhələdə Heydər Əliyev Azərbaycan dili uğruda mücadiləsini 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikamızda ikinci dəfə hakimiyyətə gəldikdən sonra davam etdirdi. Müstəqil Azərbaycanın Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif müzakirələr aparılırdı. Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlamışdır. Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilmiş, onun müxtəlif üslublarının potensialı bir daha üzə çıxarılmış, bütünlükdə dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılmışdır.

Dil siyasətində ardıcıllıq

Azərbaycan xalqı kimi, Azərbaycan dilinin xoşbəxtliyi də ondadır ki, ölkəmizdə Heydər Əliyevin əsasını qoyduğu ana dilinə qayğı siyasəti son iyirimi ildən artıq müddətdə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirlir. Dövlətimizin başçısı müxtəlif auditoriyalar qarşısında çıxışlarında, gənclərlə, ictimaiyyət nümayəndələri ilə görüşlərində, dünya azərbaycanlılarının qurultaylarında   həmişə dövlət atributlarına, o cümlədən də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi diqqət yönəldir. Burada dövlətimizin başçısının  Heydər Əliyevin Azərbaycan dilinə qayğısı ilə bağlı fikirlərini xatırlamaq yerinə düşər: “Heydər Əliyev öz xalqına sıx bağlı olan bir adam idi. Məhz onun təşəbbüsü ilə Azərbaycan dilinin qorunmasına dair önəmli addımlar atılmışdır, müvafiq sərəncamlar imzalanmışdır. Azərbaycan dilinin qorunması milli kimliyimizin qorunması deməkdir. Azərbaycan dili çox zəngin dildir. Dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili Ana dilidir. Məhz Ulu Öndərin təşəbbüsü ilə Ana dilimizin qorunması istiqamətində atılan addımlar bu gün də davam etdirilir və bu, daim davam etdirilməlidir”.

Ana dilimizi qorumaq üçün mühüm addımlar atan Ulu Öndərin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü ildə  imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” sərəncamlara uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunub. Hər iki ərəncam üzrə Azərbaycan və dünya ədəbiyyatı, eləcə də lüğət və ensiklopediyalar silsiləsindən ümumi tirajı 9 milyondan çox ədəbiyyat kitabxanalara göndərilərək oxucuların ixtiyarına verilib. Müasir Azərbaycan oxucularının dünya ədəbiyyatına olan mənəvi tələbatını təmin etmək məqsədilə ölkə Prezidenti  2007-ci il avqustun 24-də daha bir Sərəncam imzalayıb.  Həmin Sərəncama əsasən Azərbaycan və dünya ədəbiyyatı nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik “Dünya ədəbiyyatı”nın nəfis şəkildə nəşri nəzərdə tutulmuşdur. Prezidentin 30 dekabr 2007-ci il tarixli Sərəncamı ilə həmin əsərlərin siyahısı təsdiqlənib, 18 sentyabr 2008-ci il tarixli Sərəncamla isə sğzügedən nəşrlərin maliyyələşdirilməsi təmin edilib.

Dilimizin yad təsirlərdən qorunması

Keçmiş sovet dönəmində ideoloji buxovların  dilimizin inkişafı üçün böyük maneə olduğundan bəhs etdik.  İndiki 4-cü Sənaye inqilabı dövründə isə bütün milli dillər kimi, Azərbaycan dili üçün də başqa təhdidlər meydana gəlib. Hazırda internetin bütün dünyanı ovuc içinə sığan kiçik bir kəndə çevirməsi, qloballaşma tendensiyalarının güclənməsi xalqların milli kimliyinin qorunmasını bütün ciddiliyi ilə gündəmə gətirib. Kiçik xalqların, o cümlədən də milli dillərin böyük mədəniyyətlərin içində əriməsi müasir dünyanın kədərli mənzərəsidir. Çox sürətlə ayrı-ayrı dillərin arxaikləşməsi, ölü dilə çevrilməsi, yad təsirlərə məruz qalması prosesi izlənilir. Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında dəfələrlə gənclərimizi milli-mənəvi dəyərlərimizə sadiq qalmağa , o cümlədən də dilimizi yad təsirlərdən qorumağa çağırış edib. Dövlətimizin başçısının mövqeyi belədir ki, Azərbaycan dili kifayət qədər zəngindir, belə olan halda dilimizə lüzumsuz əcnəbi sözlərinin daxil edilməsinə heç bir ehtiyac yoxdur.

O cümlədən Prezident İlham Əliyev qloballaşma şəraitində dilimizin yad təsirlərdən qorunmasını, saflığının təmin edilməsini hədəfləyən bir sıra sənədlər imzalayıb.  Dövlətimizin başçısının “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları,  “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli ərmanı, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli Qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradıb

Şuşada Azərbaycan dilinə xüsusi ehtiram

Talelər müxtəlif olur. Soydaşlarımızın bir qismi də hansısa səbəblərdən ana Vətəndən kənarda yaşayırlar. Ancaq harada yaşamalarından asılı olmayaraq dünya azərbaycanlılarını ana Vətənə  böyük məhəbbət birləşdirir. Biz dünyanın ən ucqar nöqtəsində olsaq da, həmişə qürur mənbəyimiz Azərbaycandır. 44 günlük Vətən müharibəsi, 23 saatlıq lokal xarakterli antiterror tədbirləri zamanı xaricdə yaşayan hər bir azərbaycanlı ölkəmizdən yeni soraqlar gözləyirdi. Onlar, eyni zamanda, fəal iş aparırdılar, ayrı-ayrı ölkələrin paytaxtlarında, iri şəhərlərində aksiyalar keçirərək erməni yalanlarını ifşa edir, respublikamızın həqiqətlərini, xalqımızın ədalətli müharibə apardığını dünya ictimaiyyətinin diqqətinə çatdırırdılar. Qələbələrimiz, bayrağımızın Xankəndidə, Xocalıda, Şuşada dalğalanması onlar üçün böyük sevinc oldu.

Qloballaşma şəraitində xaricdə yaşayan azərbaycanlıların milli kimliklərini qorumaları da vacib məsələdir. 2022-ci il 22 aprel tarixində azad Şuşada  dünya azərbaycanlılarının sayca V qurultayı baş tutdu. Dğmalarını qarşılamaq Şuşa üçün əsl bayram idi. Həmçinin dünya azərbaycanlıları azad Şuşada bir araya gəlməyin böyük sevincini yaşadılar. Qurltayda geniş nitq söyləyən Prezident İlham Əliyev dünya azərbaycanlılarına işğl tarixi, şanlı zəfərlərimizə aparan yol barədə geniş məlumat verməklə yanaşı, onlara çağırışlar da etdi. Prezident İlham Əliyevin ifadə etdiyi “Əlbəttə, biz hamımız - Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar - xüsusilə azad edilmiş torpaqlara getmək üçün” fikri olduqca təsirlidir. Dövlətimizin başçısı Şuşada baş tutan qurultayda həmçinin ana dilimizə də xüsusi ehtiramını diqqətə çatdıraraq deyib: “Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir”.

Mübariz ABDULLAYEV

Избранный
35
29
yeniazerbaycan.com

10Источники