RU

Politoloq Ceyhun Osmanlı: "Hər kəsə Arif Babayev kimi dünyadan köçməyi arzu edirəm"

Arif Babayev rəhmətə getdi! Gedən cismidir, sənəti tələbələri vasitəsilə yaşayır və ruhu Azərbaycan xalqı olduqca yaşayacaq. Ən çətin günlərimizdə Azərbaycan mədəniyyətinin carçısı olmaq, muğam sənətini yaşadıb, tələbələrinə öyrədib, gələcək nəsillərə ötürmək missiyasından vaz keçmədi.

 

 

Onun nüfuzu və populyarlığı kifayət edirdi ki, hər hansı biznes sahəsinə nüfuz edərək çox zəngin olmaq yolu seçsin. Lakin o pedaqoq olmaq yolunu seçdi. Öyrətdi və gözlərini qapadığı zaman artıq onun davamçısı olan onlarla xalq artisti, əməkdar artist, yüzlərlə xanəndə var idi. O dünya Azərbaycanlılarının sevimlisi ola bilmiş nadir azərbaycanlılardan idi. Abrını, ağayanalığını, sadəliyini, vicdanını, qayğıkeşliyini heç vaxt, heç nəyə güzəştə getmədi. Həyatda ikən "Arif Babayevin tələbələrinin konserti" adlı silsilə konsertlərin təşkil olunması vaxtından tez onun üçün qoyulmuş mənəvi abidə idi. Onun adı Qarabağ muğam nəfəsinin sinoniminə çevrildi.

 

 

Qarabağı unutmamaq, Qarabağı yaşatmaq, Qarabağa qayıdacağımıza inanmaq kimi ideyaları hər gün fəaliyyətində yaşadan bir ustadın həyatda ikən Cıdır düzündən "Qarabağ şikəstəsi"ni səsləndirməməsi həyatın haqsızlığı olardı. Ali Baş Komandan və Azərbaycan ordusu sayəsində biz arzularımızın torpaqlarına qayıtdıq, bu dəfə Arif Babayevin səsi hər zamankından daha əmin səsləndi. Heydər Əliyev Fondu hər zaman ustadın yanında oldu. Onun Muğam müsabiqəsi və onlarla başqa layihələrlə bağlı arzusu gerçək oldu. Xarı Bülbül festivalında o xoşbəxt duruş artıq Azərbaycan mədəniyyətinin şanlı tarixinə yazıldı. Dünyanın ən böyük Muğam Mərkəzi də onun doğulduğu Ağdamda inşa edildi.

 

 


Amma yaş isə öz sözünü deyirdi. Hamımız günün birində tarix olacağıq. Amma bu dünyadan Arif Babayev kimi köçmək də var. Hər kəsə Arif Babayev kimi bu dünyadan köçməyi arzu edirəm... Ruhun şad olsun, Ustad! Gedən cismindir, ruhun hər kəsin evində az vəya çox vardır!

 

Dr. Ceyhun Osmanlı,


IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, beynəlxalq münasibətlər və siyasi iqtisadiyyat üzrə tədqiqatçı və analitik, Təşəbbüslər və Layihələr Mərkəzinin (TLM) 

 

Избранный
54
3
sfera.az

4Источники