RU

Rusiyanın NATO qorxusu: Azərbaycan müstəqil və praqmatik siyasətə üstünlük verir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan və Ermənistanın NATO ilə əməkdaşlığını şərh edib.

Bakıvaxtı.az-ın məlumatına görə, o  bildirib ki, Azərbaycan və Ermənistan NATO ilə əməkdaşlığın dərinləşməsi halında vəziyyətin pisləşməsi risklərini dərk edəcəklər.

Diplomatik müstəvidə bu cür bəyanatı ölkəmizə qarşı xəbərdarlıq kimi qəbul etmək olarmı?

Mövzu ilə bağlı politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Zaxarovanın NATO ilə əməkdaşlıq məsələsinə russayağı reaksiya verməsi hamının bildiyi və gördüyü məsələdir. Ukraynada davam edən müharibə bunun nümunəsidir.

Onun sözlərinə görə, Zaxarovanın, ümumən Rusiyanın NATO qorxusu məntiqsiz və anlaşılan deyil:

"Əgər Rusiya NATO-dan bu qədər ehtiyat edirsə, onda nə üçün ətrafındakı ölkələri bir-bir NATO-nun ağuşuna atır? Nə üçün həmin ölkələrə düşmən münasibət bəsləyir? Təbii ki, bu, Rusiyanın  mahiyyətindən irəli gələn məsələdir. Rusiya özünü ətraf ölkələr üzərində hegemon hesab etdiyi müddətcə ətraf ölkələr özlərini müdafiə üçün yollar axtaracaqlar. Bu yollardan biri də NATO sıralarına daxil olmaqdır”.

Müsahibimiz vurğulayıb ki, Azərbaycan əslində öz təhlükəsizliyini həm də NATO-dan kənar təmin edib. Azərbaycan bunu, ilk növbədə, öz gücünə, sonra isə Türkiyə ilə "Şuşa bəyannaməsi" və nüvə dövləti Pakistanla "Bakı bəyyannaməsi" imzalamaqla həyata keçirib. Azərbaycan bununla kimsəyə cəbhə açmaq fikrində deyil. Məqsəd güc amilindən çəkindirici faktor kimi istifadə edib regionda sülh yaratmaqdır".

Azər Qasımov: Rusiya özünü ətraf ölkələr üzərində hegemon hesab etdiyi müddətcə o ölkələr müdafiə üçün yollar axtaracaqlar

Politoloqun fikrincə, Zaxarovanın diplomatik dillə NATO ilə əməkdaşlığın yaxşı nəticə vermədiyini dilləndirməsinin Azərbaycanla heç bir əlaqəsi yoxdur, bunun üçün motiv də yoxdur.

"Zaxarova bunu bilə-bilə yenə də hansısa xəbərdarlıq, xüsusən də, Azərbaycanın adını çəkməklə edibsə, o zaman çox səhv edib. Azərbaycan xarici siyasətdə müstəqil və praqmatik siyasətə üstünlük verir. Nəyin nə olduğunu da yaxşı bilir. Azərbaycan uzun illərdir ki, NATO ilə əməkdaşlıq edir. Amma hamıdan yaxşı Zaxarova bilir ki, bu əməkdaşlıq heç bir dövlətə, xüsusən də, Rusiyaya qarşı yönəlməyib. NATO Avroatlantik alyans kimi vaxtilə Sovet İttifaqına qarşı yarandığı üçün Rusiya bundan özünə vəzifə çıxarıb ki, indi də NATO Rusiyaya qarşı mövcuddur. Əslində bu belə deyil" - müsahibimiz əlavə edib.

A.Qasımov onu da vurğulayıb ki, on illər NATO Rusiya ilə əməkdaşlıq formatında idi. Hətta Rusiya özü Putinin dili ilə NATO-ya üzv olmağı bəyan etmişdi. NATO sadəcə bir çəkindirici güc idi:

"Bura üzv olan ölkələr öz müdafiəsini NATO-ya həvalə edib iqtisadi sahədə güclənirdilər. Amma Putinin yürütdüyü ekspansianist siyasət yenidən NATO-nun öz ənənəvi yoluna qayıtmasına səbəb oldu. Ölkələr yenidən silahlanma yolunu tutdular”.

Müsahibimiz hesab edir ki, Rusiyanın narahatlığı yenə də əbəsdir. Onun sözlərinə görə, Rusiya sivil yola qayıtsa, NATO-nun onunla işi olmaz:

“Əslində NATO-nun ciddi şəkildə Rusiya ilə işi olsaydı, Rusiya çoxdan yox olmuşdu".

Gülşən Şərif

Избранный
30
1
bakivaxti.az

2Источники