RU

Yarım qalmış şeir Arzu Ələkbərovanın hekayəsi

ain.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Arzu Ələkbərovanın "Yarım qalmış şeir" hekayəsini təqdim edir.

Bəzən həyatın ən dərin sükutu, tamamlanmamış bir misranın içində gizlənir. Bəzən elə olur ki, bir insan gedir... Amma səsi otaqlarda qalır. Ətri yorğanların qatında, baxışları pəncərənin şüşəsində. Onun yoxluğu, varlığından daha aydın, daha aydınlıq doğuran bir qaranlıq olur.

O, mənə ilk yazını öyrədən, ilk şeirimi yarımçıq saxlayan qadın idi. Əlləri çörək qoxulu, səsi nağıl kimi. O, nənəm idi. Mənim göy üzünə baxmaq səbəbim, yaz səhərlərinin nəfəsi,uşaqlığımın yazı idi. O yazın günəşi bir başqa doğurdu bizim həyətə. Biz hər axşam o günəşi yola salardıq – mən və o. Əl-ələ verib aya baxardıq. Sükut danışardı aramızda. Sonra o sükutu özü pozardı: – Bilirsənmi, ayın içində bir qız yaşayır... Və danışardı: bir xəmir yoğuran ana, bir dəcəl qız, xəmirli əllə vurulan şillə, bir də göyə sovrulan uşaq... Ayın üzündəki ləkənin bir əlin izi olduğunu deyəndə gözlərimi sıxardım – o əli təsəvvür edirdim.

Sanki o əllə mənim alnıma toxunulmuşdu. Sanki o nağıl – mənim taleyim idi.Hər axşam onun nağılları ilə yatardım. Səsi yorğan kimi örtərdi məni. Hər gecə saçımı hörər, içində dua gizlənmiş barmaqları ilə alnıma toxunardı. Hər toxunuşunda bir sevgi qatından keçərdi – bu toxunuşun heç bir zaman təkrarı olmayacaqdı, amma bunu o zaman bilməzdim... Sərçə nağılını ilk dəfə orada eşitdim. İçimdə bir yerdə nəyinsə qırıldığını, amma səsimi çıxarmadığımı ilk dəfə onda hiss etdim.

Ağladım – içimdə. Xaricimdə susdum. Çünki o, susqunluğun bir növ qoruma üsulu olduğunu öyrətmişdi mənə.

Sübh tezdən oyanardım. Onun bişirdiyi çörəyin qoxusu yuxularımı oyadardı. Əlləri qabarlı idi, amma sığalında güllərin incəliyi vardı. Saçlarımı hörərdi – hər hörükdə bir sətir gizlənərdi. O sətirlərdən bir kitab yazmaq istəyərdim bir gün. Amma o kitabın ilk səhifəsi yarımçıq qaldı... Mənə hərfləri öyrədərdi. Əlifbanı. Sonra rəqəmləri. Sonra şeirləri... “Kukla” adlı bir şeiri əzbərləyirdik birgə. Amma sonuncu misrada səsi titrədi. Dedi: – Sabah davam edərik... Olmadı.

Sabah gəlmədi. Və o gündən sonra, “Kukla” şeiri mənim içimdə boynu bükük, gözü yaşlı, səsi batıq bir uşaq kimi qaldı – neçə dəfə başladım, amma son misrası boğazımda düyünləndi. O səs olmadan o misra tamam olmadı. O əllər olmadan heç bir sətir düzülmədi. Çünki o şeirin sonuncu misrası – onun öz səsi idi. Zaman, o gündən sonra fərqli axmağa başladı. Əvvəllər yazın nəfəsini içimə çəkərdim, indi eyni hava içimdə üşüməyə başladı. Göyqurşağı – o da təkcə göydə yox, qəlbimdə də soldu. Bənövşələr – onlar da boyunlarını bükdü.Artıq nə ay o idi, nə də nağıl danışan vardı.

Nağılın özü getmişdi. O gedəndə, sanki uşaqlığım da onunla yığışıb getmişdi. Mən – təkcə onun yoxluğuna deyil, həm də onunla bölüşdüyüm özümə də həsrət qaldım. Axı o, məni ilk dəfə görən, ilk dəfə eşidən, ilk dəfə anlayan idi. Onunla susduğum anlar belə mənalı idi. İndi isə – səs var, amma mənası yox...

Mən bir gün sonuncu dəfə onu görəndə, sükutun qucağında yatırdı... Sanki dünya bir anlıq nəfəsini tutmuşdu.Vaxt donmuş, zaman sükutla danışırdı.O, gözlərini yavaşca açdı, üzümə baxdı – o baxışlarda unudulmaz bir sükut vardı.

Gözləri nəmli idi, amma gülümsəyirdi. Sanki mənə nə isə demək istəyirdi... Amma heç nə demədi. O baxışlarda bir vidalaşma vardı — səssiz, lakin dərin.Mən hələ də anlamamışdım. Əlini sıxıb, “görüşənədək” dedim. O isə artıq bilirdi — bu bizim son görüşümüz idi. Nəfəssiz bir “vida”, səssiz bir “əlvida”. Sözlər susmuşdu, amma o an bütün duyğular qəlbimdə fırtına kimi qopurdu. Bu, ayrılığın ən dərin, ən səssiz anı idi.İndi hər dəfə aya baxanda...

O ləkəyə baxıram – içindəki qızı axtarmıram artıq. O qız çoxdan gedib. İndi orada onun izi var. Əli xəmirli yox, qəlbimin sətirinə bulaşmış bir qadın.Məni hər şeylə tanış etmişdi – yazla, nağılla, şeirlə... Amma bir şeylə tanış etməmişdi – onun yoxluğu ilə. Və indi bütün gözəlliklər anlamını itirib. Onlara ruh verən o nəfəs, o əl, o baxış yoxdu... Bilirsən mi,mən o gündən sonra başa düşdüm ki,insan həyatını xatirələrlə yaşayar.

Amma xatirələrin şahidi yoxdursa, sanki sən də yox olursan. Mən də o yoxluğun içində tədricən silinməyə başladım. Artıq nə göy üzünün rəngi əvvəlki idi, nə də yaz havası. Bütün gözəlliklər öz dadını itirmişdi. Çünki mənə o gözəllikləri sevdirən, o idi. Bunu da deyim ki, sonda hər insanın içində bir yarımçıq şeir yatır. Biri “Kukla”da, biri uşaq hekayəsində, biri isə sükutda qalıb.

Mənim şeirim o idi... O – qoxusu çörəyə bulaşmış, əlləri dua olmuş, səsi isə aya qədər gedib çatmış qadın. Mənə ilk şeiri öyrədən, amma axırıncı misranı demədən gedən... O getdi. Şeir yarım qaldı. Mən də... Və bəlkə də elə buna görə – "Yarım Qalmış Şeir" sadəcə bir xatirə yox, içimdə sonsuz bir sükutun səsi oldu...

Çünki bəzi şeirlər tamamlanmaq üçün yox, daima içimizdə oxunmaq üçün yazılır... Müəllif qeydi - Bu yazı bir yoxluğun sükutundan doğdu. Hər sətiri — yadımda qalan bir baxışın, içimdə susan bir səsin davamı kimi yazıldı. Bəzən bir şeirin yarım qalması, bir uşaqlığın tamamlanmaması qədər ağrılı olur.

Çünki bəzi sözlər danışmaz, sükutla yaşayar. Və bəzən bir insanın yoxluğu — min kəlmədən çox danışar. “Yarım qalmış şeir” — mənim uşaqlığımın itib qalmış səsi, nənəmin nağıllarında doğulub, heç tamamlanmamış bir misranın ömrüdür. Bu, yalnız bir insanın yoxluğu ilə deyil, həm də bir nəfəsin, bir toxunuşun içimizdə qoyduğu izlərlə yazıldı.

Elə bir iz ki, zamanla silinmir, sadəcə kövrəlir. Bu hekayə — “sabah davam edərik” deyilib heç vaxt davam etməyən anların, donub qalan xatirələrin dilə gəlməsidir. O insanlar üçün yazılıb ki, çoxdan gediblər, amma nağıl danışan səsləri, dua toxunuşlu əlləri, içimizi isidən baxışları yaddaşımızda — heç vaxt tamamlanmayacaq bir şeir kimi yaşayır.

Bəlkə də ən dərin duyğular — yarımçıq qalmaq üçün var. Bu yazı isə, o yarımçıq duyğuların səssiz nəğməsidir.

Soltan Abbas vəfat etdi

"Bu hekayə qarpız alverçilərinin etdiyi söhbətləri xatırlatdı mənə" – MÜZAKİRƏ

"Primitiv məzmunlar çoxaldıqca..." - Əndərəbadi cümlələr nə məna kəsb edir?

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
2
kulis.az

3Источники