RU

Ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələndi

Astara rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonunun kəndlərindən birində baş verib. 

Astara rayon sakini, 1995-ci il təvəllüdlü Əhməd Vəliyev birgə yaşadıqları evdə arvadı Gülşən (ad-soyad şərtidir – red.) ilə arasında ailə münaqişəsi zəminində mübahisə yaranıb. 

Mübahisə zamanı təqsirləndirilən şəxs arvadının sol bud nahiyəsinə maşa ilə, daha sonra üz nahiyəsinə yumruqla bir dəfə qəsdən zərbə vurub. 

Hadisənin Ə. Vəliyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə izahat verən müttəhim ona verilən ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs onun arvadıdır, onunla əvvəllər aralarında qərəzli münasibət olmayıb: “Bizim münasibətlərimiz yaxşı olub. Sadəcə son vaxtlar maddi vəziyyətim çətin olduğundan ailədə söz-söhbət yaranıb. Hadisə günü, saat 19 radələrində yaşadığım evdə olan zaman arvadım maddi vəziyyət çətin olduğundan mənimlə mübahisə etməyə başladı. Mən də onun hərəkətlərindən əsəbləşdim. Ona “mən haradan pul qazanım, iş tapa bilmirəm” dedim. Lakin arvadım mübahisəni davam etdirdi. Mən də əsəbləşərək odun sobasının yanında olan maşanı götürərək arvadımın sol bud nahiyəsinə bir dəfə zərbə vurdum. Daha sonra üz və bədən nahiyəsinə yumruq və təpik zərbəsi vurdum”.

İş üzrə zərərçəkmiş G. Əliyevanın sözlərinə görə, Astara rayonunun kəndində ailəsi ilə birlikdə yaşayır, evlidir, himayəsində üç azyaşlı övladı var:

“Təqsirləndirilən şəxs ərimdir, maddi vəziyyət çətin olduğundan və ərim spirtli içkilərin aludəçisi olduğundan evdə tez-tez aramızda mübahisə baş verir. Hadisə günü, saat 19 radələrində yaşadığım evdə olan zaman ərim məndən yemək bişirdiyimi soruşdu. Mən də ona “yemək yoxdur, niyə işləmirsən?” dedim. O, da “harda işləyim?, iş yoxdur, get atandan pul al” dedi. Bundan sonra aramızda mübahisə baş verdi. Mübahisə zaman ərim sobanın yanından maşanı götürərək sol bud nahiyəmə bir neçə zərbə və üz nahiyəmə yumruq zərbəsi vurdu. Mübahisə zamanı hadisə yerində kənar şəxs olmayıb. Ərimi bağışlamamışam, ondan boşanmaq istəyirəm. Ona ağır cəza verilməsini xahiş edirəm”.

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ə. Vəliyev 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub. 
Bundan başqa, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb. 

Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.

Fariz Məlikli
Demokrat.az
Избранный
40
demokrat.az

1Источники