Mətləb Salahov: “Onlayn ticarət sektorunda bu məsələlərə ciddi şəkildə diqqət etmək lazımdır”
Çinə məxsus beynəlxalq elektron ticarət şəbəkəsi "Temu" Azərbaycan manatı və bayrağı formasında dəsmalların satışına başlayıb."Temu"nun Azərbaycan bayrağına və milli valyutasına bu hörmətsizliyi izləyicilər tərəfindən sərt şəkildə tənqid olunub.
Qeyd edək ki, dəsmallar sanitar-təmizlik məqsədilə istifadə olunan əşyalardır və üzərində bayraq, manat və ya dövlət atributlarının yerləşdirilməsi bu kontekstdə rəmzə təhqir xarakteri verə bilər. “Dövlət Bayrağı haqqında” Qanunun 7-ci maddəsində deyilir: "Azərbaycan Respublikasının Dövlət Bayrağından reklam, ticarət nişanı və digər kommersiya məqsədilə istifadə edilməsinə yol verilmir".
Bu isə odeməkdir ki, bayraq motivinin satış məqsədilə malların üzərinə yerləşdirilməsi qanuna ziddir, istər yerli, istərsə də xarici platformalarda bu kimi hallara qarşı dövlət hüquqi ölçü götürə bilər.
“Bu hallara göz yummaq o deməkdir ki, bunun arxasınca daha böyük təxribat və xoşagəlməz hallar yarana bilər”
Jurnalist-ekspert Mətləb Salahov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ölkəmizin beynəlxalq iqtisadi əlaqələrdə aktiv ölkə olması, xüsusilə bölgədəki iqtisadi layihələrdə lokomotiv ölkəsi olması işgüzar əlaqələr üçün müsbət haldır: “Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycan ən böyük ölkələrlə ticarət tərəfdaşlığı həyata keçirir. Bütün bu sadaladığım nüanslar ölkə adına müsbət hadisədir. Lakin ticarətə və mənfəətə görə milli dəyərlərimizi, ölkə simvollarını kimlərəsə peşkəş etmək doğru deyil. Xüsusilə onlayn ticarət sektorunda bu məsələlərə ciddi şəkildə diqqət etmək lazımdır. Çünki bu cür ticarət şəbəkələri həm də təxribat qüvvələri üçün əlverişli meydandır. Yəqin heç də uzaq olmayan tarixdə məhz bu cür ticarət platformalarında milli simvollarımıza qarşı edilən təxribatları unutmamışıq. Digər baxımdan, son bir neçə ayda Çinə məxsus "Temu" platforması barədə bir sıra ölkələrdən edilən narazılıq halları hər gün artmaqdadır. Bu həm ticarət tərəfdaşlığı barədə, həm də digər məsələlərlə bağlıdır. Mən ölkəmizdə bu prosesə nəzarət edən qurumların milli dəyərlərimizə münasibət barədə ciddi tədbirlər görməsini vacib sayıram. Çünki bu hallara göz yummaq o deməkdir ki, bunun arxasınca daha böyük təxribat və xoşagəlməz hallar yarana bilər. Unutmayaq ki ticarət də siyasətin davamıdır".
Günel CƏLİLOVA