RU

“Bu şəxslər vəzifədən uzaqlaşdırılmalıdır” Saxta diplom problemi niyə bitmir?

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Xarici diplomların tanınması ilə bağlı Azərbaycanda üzə çıxan son qalmaqal, 53 nəfərin saxta sənədlə nostrifikasiya üçün müraciət etməsi faktı, ölkədə təhsil sənədlərinin yoxlanılması prosesinin nə qədər zəif və idarəolunmaz olduğunu bir daha sübut edir. Bu problem yeni deyil, illərdir davam edir və hər dəfə aşkarlananda yalnız “rəqəm açıqlanır”, amma köklü dəyişiklik baş vermir. Bu isə təkcə ayrı-ayrı insanların fırıldaqçılığı deyil, həm də dövlət qurumlarının məsuliyyətsiz və sistemsiz fəaliyyətinin nəticəsidir”.  Bunu Demokrat.az-a tanınmış təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin 13 may 2015-ci il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil müəssisələrinin verdiyi təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları”na əsasən tanınma prosesi universitetin akkreditasiyası, tədris proqramının qanuni statusu, təhsil müddəti, dərs yükü və kredit sistemi, təhsil formasının reallığı kimi bir sıra meyarlar əsasında aparılmalıdır:“Hətta bu qaydalarda UNESCO və ENIC-NARIC məlumat bazalarının istifadəsi, diplom verən universitetin rəsmi dövlət reyestrində yoxlanılması məcburi göstərilir. Amma real vəziyyətdə bu meyarlar çox zaman kağız üzərində qalır. TKTA-nın hesabatına görə, 2023-cü ildə təqdim edilən 6000-dən çox xarici diplomdan təxminən 1,2%-i saxta olduğu üçün tanınmayıb. Bu rəqəm yalnız aşkarlanan halları əhatə edir, çünki bəzi ölkələrdə elektron məlumat mübadiləsi zəifdir və yoxlama çox vaxt məktəblərin özündən təsdiq məktubu tələb etməklə aparılır ki, bu da aylarla gecikir və sənədi yoxlamaq çətinləşir. Bu, Azərbaycanda hər kəsə açıq mesaj verir: saxta diplomla müraciət etsən, yaxalanmasan tanınacaq, yaxalansan maksimum diplom rədd ediləcək, hüquqi məsuliyyət isə demək olar ki, yoxdur”.Ekspert qeyd edib ki, saxta diplomların coğrafiyası təsadüfi deyil:“MDB ölkələrində, xüsusilə Ukrayna, Rusiya, Qırğızıstan və Qazaxıstanda fəaliyyət göstərən bəzi özəl qurumlar illərlə “tez və ucuz diplom” bazarı yaradıb və bu, Azərbaycanda yüksək tələbat tapıb. Hətta Gürcüstan və Türkiyədən gətirilən bəzi sənədlər də distant və tezləşdirilmiş proqramlar adı ilə verildiyi üçün şübhəli hesab olunub. Qərb ölkələrində bu hallar çox nadirdir, çünki akkreditasiya və diplom verilmə mexanizmi daha sərtdir, amma son illər onlayn diplom satışı adı ilə ABŞ və Avropa universitetlərinin adından istifadə edən saxta qurumların fəaliyyəti də təhlükə yaradır. 

Azərbaycanda isə saxta diplom təqdim edən şəxslərin çoxunun məqsədi real təhsil almaq deyil, sadəcə vəzifə, işə qəbul və ya imtiyaz qazanmaqdır. Problem ondadır ki, dövlət qurumları da işə qəbulda diplomu formal sənəd kimi tələb edir, bilik və bacarıqları yoxlamağa maraq göstərmir və bu vəziyyət “diplom bazarına” stimul verir”.Kamran Əsədov bildirib ki, əgər yanaşma dəyişməsə, vəziyyət daha da pisləşəcək:“Saxta diplomların qarşısını almaq üçün Azərbaycanda tam elektronlaşdırılmış, bütün tərəfdaş ölkələrlə inteqrasiya olunmuş yoxlama sistemi qurulmalı, diplom təqdim edən universitetlərin beynəlxalq akkreditasiya statusu ictimaiyyətə açıq elan edilməli, “diploma mill” adlanan müəssisələrin siyahısı yaradılmalı və vətəndaşlar bu barədə vaxtında məlumatlandırılmalıdır. Saxta diplom təqdim edənlərə qarşı Cinayət Məcəlləsinin 320-ci maddəsi ciddi tətbiq edilməli, dövlət qurumlarında saxta diplomla vəzifə alanlar vəzifədən uzaqlaşdırılmalı və məsuliyyətə cəlb olunmalıdır. Əks halda, dövlətin ali təhsilə ayırdığı nüfuz və vəsait itəcək, diplom real bacarığın yox, pulun göstəricisinə çevriləcək və təhsil sisteminə ictimai inam daha da sarsılacaq”.Cavidan Mirzəzadə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
1
demokrat.az

2Источники