Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
Xəzər dənizi, sözün əsl mənasında müxtəlif mənbələrdən çirkləndirilir. Bu, əsasən dənizə açılan kanalizasiya boruları vasitəsilə həyata keçirilir. Etiraf etməli və göz yummamalıyıq ki, bir çox dəniz sahili obyektlərin yaşayış məntəqələrinin kanalizasiya suları dənizə axıdılır. Bunlardan biri heç kimin dana bilməyəcəyi Hövsan kanalıdır.
Uzun illərdir ki, Hövsan kanalından dənizə çirkab suları axıdılır və bunun qarşısının alınması üçün heç bir addım atılmır. Hövsan kəndinin sahil zolağında da antisanitariya vəziyyəti hökm sürür. Öncə onu deyim ki, sahilə yaxınlaşmadan havadan gələn üfunət qoxusu adamın burnunu dəlir. Yaxınlşadıqca, qarşıda acınacaqlı mənzərə açılır.
Sahil zolağı məişət tullantıları ilə çirklidir. Dənizə kanalizasiya axıdıldığı üçün ətrafa təkcə qağayılar deyil, qarağalar da toplaşıb. Hələ sahibsiz küçə itlərini demirəm. Sahildə nə desən, tapa bilərsən. Tayı olmayan ayaqqabıdan tutmuş, uşaq geyimlərinin və şin qalıqları, sınmış butulkalar və s. Mən şəxsən bu ərazini Bakının qaranlıq üzü adlandırardım. Bir qədər irəlilədikcə, Hövsan kanalının qoxusu səni vurur. Kanalizasiya suyu dənizə elə sürətlə axıdılır ki, yaxınlaşıb çəkəndə belə üst-başına sıçrayır.
Hövsan kanalı haqqında dəfələrlə yazdığım üçün hansı qurum, təşkilat öz işi ilə hansı səbəbdən məşğul olmur kimi suallara cavab axtarmayacağam. Məqsədim dənizin çirkləndirilməsinin ətraf mühitə verdiyi zərərləri qabartmaqdır.
Çox zaman bəzi qurumlar əhalinin də sahil zolağını zibilləməsi və bunun qarşılığında cərimə edilməsi barədə məlumatlar yayımlayır, amma bircə dəfə olsun, Hövsan kanalı kimi dərdin qarşısının alınması istiqamətində görülən işlərlə bağlı şəffaf açıqlama vermir.
Düzdür, vətəndaşlar da yay mövsümündə dənizi çirkləndirir, amma etiraf edək, bu çirkləndirmə Hövsan kanalının bir günlük çirkləndirməsinə bərabərdir…
Mədəniyyətsiz, səliqə-səhmandan xəbərsiz, yediyi yeməyin qalıqlarını dəniz sahilində buraxan və ya qarpız qabıqlarını, tum qabıqlarını sahildə buraxan, bişirdiyi yemək üçün tonqal qalayıb söndürməyən, bütün nə zir-zibili varsa arxasınca qoyub, söyüş sahibi olan kifayət qədər vətəndaş var. Onlarla mütəmadi söhbətlər aparılır, cərimə edilənlər də olur. Amma reallıq dəyişmir ki…
İnsanlar qəbul etmək istəmir ki, su ehtiyatlarının yüksək səviyyədə çirklənməsi artıq planetin müəyyən regionlarında keyfiyyətli içməli su çatışmazlığına, həyat keyfiyyətinin aşağı düşməsinə, həmçinin balıq ovu və hasilatı obyektləri olan canlı orqanizmlərin yaşayış mühitinin pozulmasına gətirib çıxara bilər.
Suyun geniş şəkildə çirklənməsi məsələn elə Hövsan kanalı kimi çirkləndirilməsi fəlakətli nəticələrə gətirib çıxara bilər. Bura içməli sudan istifadə etmək və sanitar-gigiyenik ehtiyacları ödəmək mümkünsüzlüyü, xəstəlik hallarının artmasını aid etmək olar. Eyni zamanda Xəzərin ekosistemləri də təhlükə altındadır. Əsas problem bütün dəniz həyatına təsir edən zibildir. Onların əksəriyyəti plastik torbalar və plastik butulkalar kimi bərk tullantılardır. Bu zibil kanalizasiyalara və fırtına drenajlarına axır, onlar vasitəsilə dənizə aparılır.
Bu gün dünya okeanlarında, hətta kosmosdan da görünən zibil adaları var. Atılan tullantılar ən azı 200 müxtəlif növ dəniz faunasına birbaşa zərər verir. Zibil dənizi turşulaşdıraraq, pullu balıqların və mərcanların sağ qalmasını çətinləşdirir. Oksidləşmə pullu balıqların pul yaratmasını çətinləşdirir və balıqların və digər dəniz canlılarının sinir sistemlərinə təsir göstərir.
Dənizin çirklənməsi insan sağlamlığına ciddi mənfi təsir göstərir. Bu, həm çirklənmiş dəniz suyu və dəniz məhsullarının istehlakı, həm də sahilyanı ərazilərdə çirklənmiş hava ilə təmas nəticəsində baş verir. Bu zaman insanlarda bağırsaq infeksiyaları, zəhərlənmələr, dəri xəstəlikləri, həmçinin xərçəng və reproduktiv pozğunluqlar kimi daha ciddi sağlamlıq problemləri üzə çıxa bilir. Çirklənmiş dəniz suyunda vəba, tif, hepatit və digər bağırsaq infeksiyalarına səbəb olan patogen bakteriya və viruslar ola bilər. Eyni zamanda ağır metallar, pestisidlər və digər zəhərli maddələrlə çirklənmiş dəniz məhsulları yemək zəhərlənməyə, orqan və bədən sistemlərinin pozulmasına, xərçəngin inkişafına səbəb ola bilər.
Qısası, özümüz bilərəkdən öz həyatımızla oynayırıq. Kimsə düşünməsin ki, “bu problem məndən yan keçəcək”. Bir gün yediyiniz bir dəniz məhsulu və yaxud girdiyiniz dəniz suyu sizin həyatınızı alt-üst edə bilər. Bunun üçün ən azından özünüzü düşünərək, dənizi çirkləndirməyin. Müvafiq qurumlar dövlətin ayırdığı büdcəni bu istiqamətə yönəltsə daha yaxşı olar. Məsələn; bütün yayı bizi su üzünə həsrət qoyan ADSEA Hövsan kanalının mövcud vəziyyətindən xəbərdardırmı? Bu problemə hansısa qurum bir əncam çəkə bilərmi?…
İradə Cəlil, Bizimyol.info
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)
Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.