Almaniya Ukraynaya daha iki ədəd “Patriot” hava hücumundan müdafiə (HHM) sistemi göndərəcək. Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.
Nazirin sözlərinə görə, ilk mərhələdə yaxın günlərdə sistemlərin əsas hissələri – buraxılış qurğuları – Ukraynaya çatdırılacaq. Tam funksional şəkildə fəaliyyət göstərə bilmələri üçün əlavə komponentlər isə növbəti 2-3 ay ərzində göndəriləcək.
Berlində bildirilib ki, bu addım Ukraynada artan raket və pilotsuz aparat hücumlarının qarşısını almaq üçün atılıb. Son zamanlar xüsusilə Kiyevə endirilən zərbələr zamanı onlarla dinc sakin həyatını itirib.
Eyni zamanda vurğulanıb ki, Almaniya bu sistemləri göndərmək üçün ABŞ-la razılaşma əldə edib – belə ki, Berlinə tezliklə yeni HHM sistemləri təqdim olunacaq. Bu, Almaniyanın öz müdafiə qabiliyyətini zəiflətmədən Ukraynaya yardım etməsinə şərait yaradacaq.
Hazırda Almaniya Ukraynaya artıq üç “Patriot” sistemi təhvil verib. Yeni göndərişlə birlikdə bu say beşə çatacaq.
//Samir Qurbanov, Editor.az