Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Elçin Aslangil yazır...
Cənab Nikita Mixalkov, sizin Azərbaycana və türk xalqlarına üstdən-aşağı baxmağınız sayəmizdə bu coğrafiyada var olmağınıza səbəb olmağımızdandırmı?
Dəşti-Qıpçaqda qurulan türk dövlətini monqol ordusunun qarşısına çıxarıb monqol hücumlarından necə qorunduğunuzu yoxsa unutmusunuz?
Azərbaycanı hələ də keçmiş sovet ölkəsi kimi xəyal edib, anlamırsınız ki, ruporluğunu etdiyiniz Moskva hökuməti özünə düşmən qazanmaqda pərgardır. Siz isə rus şovinist damarını bir-iki qədəh "vodka" ilə qızışdırıb başlayırsınız sayıqlamağa.
Bəli, cənab Mixalkov, həqiqət uydurduğunuz filmlərə bənzəməz. Həqiqət - sizin həzm edə bilmədiyiniz Azərbaycan dərsliklərindəki kimidir:
"Azərbaycan xalqını kütləvi şəkildə qırmağa hazırlaşan sovet hərbçiləri tərəfindən şəhərin küçələri günahsız insanların qanı ilə sulandı".
Doğrudurmu? İlqarın, İlhamın, Fərizənin gözlərinə and olsun - doğrudur!
"Dostluq" ordeni ilə fərəhləndirdiyimiz Nikita Mixalkov, nə yaman əsəbiləşmisiniz? Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilmirsiniz?
Yoxsa Prezident İlham Əliyevin ukraynalı jurnalist Dmitri Qordona verdiyi cavab sizin şovinist hisslərinizi qamçılayıb? Ölkəsinin iyirmi faizi otuz il işğal altında olan və bu işğalın ən böyük dəstəkçisinin Rusiya olduğunu bilən, işğalla barışmayan bir ölkənin Prezidenti nə deməli idi?
Azərbaycanda və digər türk dövlətlərində təhsil-tədris sisteminin öz milli tarixini yazmasımı sizi qorxudur? Axı milli təhsil sisteminin təşəkkülü Rusiyanın "tarixi legitimliyi"ni sarsıdır.
Cənab Mixalkov, sizə bir sualım var: Əgər Ukrayna Rusiya kimi hərbi resurslara, nüvə silahına və sairə sahib olsaydı və Moskvanı işğal etsəydi, Rusiya bu işğalla barışacaqdımı?
Halbuki ukraynalıların da tarixi faktlara söykənən iddiaları yarana bilərdi. Axı indiki Rusiyanın tarixi kökləri elə Kiyevə dayanır.
Sizə bir sualım da var: Niyə Rusiya üç əsrdir, müstəmləkəçilik və işğalçılıq siyasətindən əl çəkmir?
Bu suallar sizi rahatsız edəcək, bilirəm. Odur ki, siyasətə baş qoşmayın. Siz film çəkməyə davam edin.
Mən sizin bu "filminizi" də "Sibir bərbəri"ni izlədiyim kimi izlədim. Onun da sonunda "Andrey Tolstoy" və amerikalı qadın "Ceyn Kallahan"ın kədərli taleyinə kədərləndiyim kimi, kədərləndim. Elə filmdəki öz sözlərinizi də özünüzə qaytarıram:
"Ваше чувство превосходства говорит больше о вашем страхе, чем о вашем достоинстве" (Üstünlük hissiniz ləyaqətinizdən daha çox, qorxunuzdan xəbər verir).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.