RU

Kapital və yeni element

ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin ritorik təhdidlərinə cavab olaraq iki Amerika nüvə sualtı qayığını “müvafiq bölgələrə” göndərəcəyini bəyan edib.Bu xəbəri mənə görmə və eşitmə qabiliyyətini Qarabağ müharibəsində qismən itirmiş yoldaşım göstərdi. Narahatlıq içində məndən xahiş etdi ki, vəziyyəti ona izah edim... DEYİRƏM (ucadan çığırıram ki, dostum eşitsin):– Başımıza xeyir... Yaxşı ki, Xəzər dənizinin heç bir okeana çıxışı yoxdur və ümid edirəm ki, bu nüvə qayıqlarının seçdiyi "müvafiq bölgələr" Bakıdan uzaqdır.

DÜNYA VƏ KAPİTALBugünkü dünyanın vəziyyəti mürəkkəbdir. Heç kim qaydalara əməl etmir və hər şey tədricən xaosa çevrilir.Mən bir jurnalist kimi 1990-cı, 2000-ci və hətta 2010-cu illərdə İraq, Misir, Suriya, Liviya və digər qaynar nöqtələrdə dəfələrlə bu mənzərə ilə rastlaşmışam. Hər dəfə hadisələrin arxasında bir və eyni qüvvə dayanırdı — Kapital.

Kapital dünyası — maraqların mürəkkəb kombinasiyasından ibarət bir sistemdir. Burada mərc daim artır, hər şey mənfəətə doğru yönəlir. Kapital imkanları ya istifadə edir, ya da — əgər bu mümkün deyilsə — onları rəqibə çatmasın deyə məhv edir.DEYİRƏM:– Kapital körpü tikmir — ya onu alır, ya da körpü rəqibə aparırsa, onu partladır.

Karl Marks isə belə deyir:

“Kapital hər bir maneəni aşa-aşa hərəkət edir. Onun yeganə qanunu — mənfəətdir. Mənfəət uğrunda o qan tökür, yalan danışır, vəhşiləşir. 300 faiz mənfəət varsa, cinayət belə onun üçün müqəddəs olur”.(Karl Marx, “Das Kapital”, Vol. 1)

Fikrimcə, qlobal kapitalizmin ən böyük səhvlərindən biri Rusiyanı kommunist köklərindən tam qopmamış bir ölkəni kapitalist dövlətə çevirmək cəhdi oldu.

Tarixən işğalçı təbiətə malik Rusiyanın Avropa, Türkiyə, İran və Asiyanın bir çox bölgəsinə yayılmış “əsgər sapoqu” heç kəs üçün sirr deyil. Məhz bu səbəbdən ötən əsrin əvvəlində Qərbin kollektiv Kapitalı G.V. Plexanov və V.İ. Leninin vasitəsilə Rusiyanı kapitalist dövlətdən sosialistə çevirmək üçün sərmayə yatırdı — onu zəiflətmək və dar relslərə salmaq üçün.

Lakin görünür, o dövrün Avropa kapitalist ideoloqlarının qeydləri ya Hitlerin kitabxanalarında yandırıldı, ya da "hippi subkulturası"nın tozunda itib-batdı. Yeni dövrün neokapitalistləri əllərində LGBT bayraqları, dillərində Lennonun “All You Need Is Love” mahnısı ilə SSRİ-yə yürüş etdilər. Gülləri Berlin divarına o qədər çırpdılar ki, nə divar qaldı, nə güllər.

Amma onlar çoxdan unutmuşdular ki, Rusiya “yataqda – elə bil cəbhədədir" və SSRİ-də “seks yoxdur”. Nəticə? Eyni işğalçı Rusiya, üstəgəl kommunist ideologiyası və “İsa Məsih kompleksi” — partlayıcı bir hibrid.DEYİRƏM:

– Gənc kapitalistlər SSRİ-yə qarşı “Divarlara yox!” deyirdilər. İllər sonra isə ABŞ–Meksika, İsrail–Fələstin və digər yerlərdə yeni və daha möhkəm divarlar tikdilər...

ƏKSLİK VƏ PARİTETSlavoy Jijek yazır:

“Bugünkü kapitalizmə kənarda düşmən lazım deyil — o, düşməni öz daxilində yaradır. Qanunların olmadığı yerdə "kodlar", yəni yazılmamış qaydalar işə düşür”.(Žižek, “Violence”, 2008)

Sovet dövründə isə fərqli bir formasiya vardı. İşçi qüvvəsinin ucuz istismarı ilə yaranan dəyər kapitalistlərin cibinə yox, dövlət büdcəsinə gedirdi — təhsilə, mədəniyyətə, inkişaf layihələrinə və kommunizmin “eksport xəyalına”...

O zaman dünya iki düşərgəyə bölünmüşdü və paritet vardı. Kapitalın sərhədləri müəyyən idi. Soyuq müharibə davam edirdi, amma hamı yaşayırdı. Bu gün isə hamı ölür. Və bu, sadəcə başlanğıcdır.

YENİ ELEMENT – “ƏDV”İraq, Liviya, Misir — bu ölkələrdə maraqlı tərəflər kapitalın klassik loqikasına uyğun davranırdılar. Amma Rusiya, MDB, İran, Türkiyə və Pakistan kimi ölkələrdə Marksın öncədən görə bilmədiyi əlavə bir element mövcuddur.

Əgər Kapital dəyərin dövriyyəsidirsə (pul, məhsul, resurs), bizim regionda onun yanında bir də “ƏDV” — Əlavə Dəbbə Vergisi fəaliyyət göstərir.

Bu dövlətin vergisi deyil. Bu, kollektiv cinayət şüurunun vergisidir. Onu heç kim könüllü ödəməz — əksinə, o zorla alınır və dərhal yeyilir.

ƏDV NƏDİR?Əlavə Dəbbə Vergisi — postsovet dünyasının qara materiyasıdır. O görünmür, amma sistemi əyir, trayektoriyanı pozur, islahatları dayandırır, körpüləri yandırır.

Əgər kapitalizm Nyuton mexanikasına uyğundursa və təbii cazibə ilə tarazlıq axtarırsa, “ƏDV” artıq kvant xaosudur. Burada hər bir obyekt eyni anda həm “resurs”, həm də “ponyatka”dır.

Bu element SSRİ-nin gec dövrlərində yaranıb — ideologiyanın kriminal şüurla birləşməsi nəticəsində. O, yalnız neft və metallarla yox, “ponyatka” ilə də qidalanır.DEYİRƏM:

– Əgər Kapitalda dövriyyə “pul–məhsul–resurs”la baş verirsə, ƏDV-də bu“Kotyol”, “Patsan”, “Svoy” formalarındadır.

Nikolay Berdyayev yazır:

“Rusiya heç vaxt burjuaziyanı sevmədi, amma həmişə imperiyanı sevdiyi qədər kriminalı da sevdi” (“Судьба человека в современном мире”).

BU ANLAYIŞLAR NƏDİR?"Kotyol" — böyük məbləğdə pulun yığıldığı “ortaq kassa”. Həm “vor v zakone”, həm də dövlət məmuru üçün keçərlidir. Hər “svoy” ora pul ötürməlidir.

"Patsan" — “sözünün üstündə durmaq”. Etibar – amma qanuna yox, “ponyatka”ya əsaslanır.

"Svoy" — nə vaxt susmaq, nə vaxt və necə “məsələ həll etmək” lazım olduğunu bilən şəxsdir.

Bu nöqtədə Kapital uduzur. Çünki ƏDV rasional düşüncəni yox, “ponyatkaya uyğun davranmağı” tələb edir. “Ölmək ölməkdir, xırıldamaq nəyə lazımdır?”, “Harada qırıldı, qırıldı!” – bu cür prinsipial irrasionallıqla.

Əlbəttə, həm Kapital, həm də ƏDV dağıdıcı qüvvədir. Amma Kapital məhv edirsə, ƏDV həm də ləyaqətlə “əzələyə uyğun şəkildə” məhv edir. Kapital boşluqdan qorxur, ƏDV qanundan.

Bu iki güc toqquşanda nə DTİ, nə IPO, nə də ən parlaq startap sağ qala bilir.

DEYİRƏM: – Belə sistemdə ideyalar, institutlar və həyatın özü belə məhv olur.

Zigmunt Bauman isə yazır:

“Müasir cəmiyyətlərdə sərhədlər mayeləşib. Cinayət, biznes, dövlət və ideologiya bir-birinin libasını geyinir” (Bauman, “Liquid Modernity”, 2000).

Məhz buna görə Kapital bizim ölkələrdə işi sona çatdıra bilmir. O, “kotyol”da qaynayır, “patsan”lara çırpılır və “svoy”ların qucağında boğulur.

Heç kim oyun qaydalarını tanımır — və hər şey "bardak"a çevrilir.

Избранный
31
anspress.com

1Источники