RU

“Sükutla yanan güc: Azərbaycan qazı və geosiyasətin yeni axını”

Azərbaycanın Suriyaya qaz ixracı ilə bağlı atdığı addım təkcə iqtisadi deyil, həm də strateji və geosiyasi baxımdan dərin məna daşıyır. Bu təşəbbüs ölkəmizin enerji diplomatiyasında yeni səhifə açmaqla yanaşı, Azərbaycan üçün bir sıra mühüm iqtisadi və maliyyə imkanları yaradır.

Eyni zamanda, bu prosesin regional və beynəlxalq aspektləri, xüsusilə də Suriyanın geosiyasi mövqeyi, o cümlədən Holland (Golan) təpələrinin İsrailin nəzarətində olması, mühüm strateji anlam kəsb edir.

 Bizim üçün iqtisadi və maliyyə perspektivləri:

1. Yeni bazar və ixrac diversifikasiyası: Azərbaycan artıq Avropa İttifaqı ölkələrinə qaz ixrac edən etibarlı tərəfdaş kimi tanınır. Suriyaya qaz ixracı isə Cənubi Qafqazdan Yaxın Şərqə uzanan yeni bir enerji dəhlizinin açılması deməkdir. Bu isə Azərbaycan üçün bazarların şaxələndirilməsi və mövcud resursların daha geniş coğrafiyada monetizasiya edilməsi baxımından ciddi üstünlüklər yaradır.

2. Regional qaz tranzit mərkəzi funksiyası: Əgər Suriya daxilində və daha sonra İordaniya üzərindən Misir və Ərəb ölkələrinə enerji ötürülməsi baş tutarsa, bu, Azərbaycanın həm istehsalçı, həm də regional enerji ötürücüsü rolunu gücləndirəcək. Beləliklə, ölkəmiz həm tranzit haqları, həm də infrastruktur xidmətlərindən gəlir əldə edə bilər.

3. Enerji diplomatiyası vasitəsilə siyasi kapital: Enerji ixracı iqtisadi gəlirlərlə yanaşı, Azərbaycanın regional və qlobal arenada nüfuzunun artmasına səbəb olur. Enerji asılılığı fonunda yeni bazarların formalaşması, Bakı üçün mühüm diplomatik alətə çevrilir. Bu, Azərbaycanın beynəlxalq təsir gücünü artırmaqla yanaşı, xarici investisiya cəlbediciliyini də yüksəldir.

4. İnfrastruktur və inşaat sektorunun ixracı: Suriya ilə əməkdaşlıq yalnız qaz ixracı ilə məhdudlaşmır. Müharibədən zərər görmüş ərazilərin yenidən qurulması üçün Azərbaycan inşaat, rabitə, enerji təchizatı və logistika sahələrində öz şirkətlərinin ixrac potensialını genişləndirə bilər. Bu da qeyri-neft sektorunun inkişafı və milli iqtisadiyyatın şaxələnməsi baxımından önəmlidir.

Yaxın Şərqdə güclənən mövqe: Suriyaya qaz ixracı Azərbaycanın Yaxın Şərq regionunda enerji oyunçusu kimi mövqeyini möhkəmləndirir. Bu regionda İran, Rusiya, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı kimi güclü oyunçuların olması fonunda Azərbaycanın bu dairəyə daxil olması yeni güc balansları formalaşdırır.

Suriya ilə əməkdaşlıq və beynəlxalq hüquq: Azərbaycan beynəlxalq hüququn bərqərar olduğu, milli suverenliyin və ərazi bütövlüyünün tanındığı platformalarda fəaliyyət göstərir. Suriya ilə qaz əməkdaşlığı bu ölkənin beynəlxalq reinteqrasiyasına dəstək olmaqla, Azərbaycanın barış və yenidənqurma təşəbbüslərinə açıq olduğunu göstərir.

Golan təpələrinin nəzarət problemi və enerji marşrutlarının sabitliyi: Golan təpələri İsrailin nəzarətindədir və Suriyanın cənub-qərb sərhədlərində yerləşir. Bu ərazi su ehtiyatları və strateji yüksəklik kimi mühüm əhəmiyyətə malikdir. Golan təpələrinin hazırkı vəziyyəti regionda enerji tranziti üçün müəyyən risklər və təhlükəsizlik çağırışları yaratsa da, eyni zamanda alternativ marşrutlar üçün geosiyasi qiymətləndirmənin vacibliyini artırır. İsrailin bu bölgəyə nəzarəti, gələcəkdə Azərbaycan qazının İordaniya və Misir istiqamətində ötürülməsi layihələrində iştirakını koordinasiya etmək zərurətini ortaya qoyur.

Nəticədə olaraq:

Azərbaycanın Suriyaya qaz ixracı təşəbbüsü yalnız enerji sektorunun deyil, bütün xarici siyasət və iqtisadi strategiyanın vacib tərkib hissəsidir. Bu layihə Azərbaycanın enerji təhlükəsizliyi ixracatçısından enerji siyasətində regional gücə çevrildiyini göstərir. Suriya ilə enerji əməkdaşlığı həm Azərbaycanın iqtisadi imkanlarını genişləndirir, həm də onu beynəlxalq diplomatik sistemdə daha aktiv və təsirli aktora çevirir. Eyni zamanda, bu proseslər Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın Yaxın Şərqdə də strateji nüfuzunun artırmasına təkan verir.

David Seliverstov - Magen David Azərbaycan - İnsan Hüquqları müdafiəsi və xeyriyyə cəmiyyətinin  sədri, Ümum  İsrail Qafqaz Yəhudiləri Asossasiyasinin Azərbaycan nümayəndəliyinin sədri, Beynəlxalq hüquq müdafiəçisi.


Избранный
22
2
qafqazinfo.az

3Источники