RU

Ukraynadan Diaspor Komitəsinə sərt müraciət: “Biraz vicdanlı, bir az azərbaycanlı olun”

Xəbər verdiyimiz kimi, Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının mərkəzi olan Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu (UABD) qərargahı Rusiya ordusunun Kiyevə son raket və PUA hücumu zamanı zərər görüb. Editor.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Radasının direktoru Elşad İbrahimov özünün “Facebook” hesabında geniş açıqlama yayıb.

“İki gün əvvəl Rusiya ordusunun raket və çoxsaylı PUA-larla Kiyevə hücumu zamanı Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) mərkəzi qərargahı da zərər gördü. Təkcə UABD-nin ofisimi? Əlbəttə, xeyir… İllərdir həm Azərbaycan evi, həm də Ukrayna Azərbaycanlıları Radası elə məhz bizim qərargahda mənzillənib. Bu barədə əvvəlki statusumda paylaşdığım və zərərin görüntülərini əks etdirən foto-videolar həm yerli mediada, həm də Vətənimiz Azərbaycanda geniş işıqlandırıldı”, – deyə Elşad İbrahimov bildirib.

Onun sözlərinə görə, hadisədən dərhal sonra Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları zərər görən binanı ziyarət edib, dəstək təklif olunub. SOCAR-ın Ukrayna nümayəndəliyi və UABD-nin idarə heyətində təmsil olunan iş adamları da binanın təmiri üçün yardım göstərməyə hazır olduqlarını bildiriblər. Həmçinin, Avropa və digər ölkələrdə yaşayan həmkarların çoxsaylı dəstək zəngləri diaspor üzvlərinə mənəvi dayaq olub.

Lakin Elşad İbrahimov statusunda Diasporla İş üzrə Dövlət Komitəsinin məsələyə biganə qalmasından narahatlığını ifadə edib:

“Təəssüf ki, xaricdə yaşayan azərbaycanlılarla – diaspor təşkilatları ilə işləməli olan Diasporla İş üzrə Dövlət Komitəsindən bir nəfər belə zəng edib, mesaj yazıb vəziyyətimizlə maraqlanmadılar. Necə ola bilər ki, yüz minlərlə azərbaycanlının yaşadığı Ukraynada diasporun mərkəzi qərargahının yaxınlığına raketlər, PUA-lar düşür, ofis ziyan görür, bütün media bunu yazır, amma dövlətimizin birbaşa məsul qurumu baş verənlərə heç bir reaksiya vermir?”

Diaspor rəhbəri bildirib ki, son dörd ilə yaxındır Komitə Ukraynada yaşayan azərbaycanlıların vəziyyəti ilə real maraq göstərmir və müharibə şəraitindəki soydaşların qayğıları daim diqqətdən kənarda qalır. Onun fikrincə, bu, təkcə diqqətsizlik deyil, həm də məsuliyyətsizlik və laqeydlik nümunəsidir:

 “Dövlət qurumu beləmi işləməlidir? Bu sualı açıq buraxır və cavabdeh şəxsləri bir az məsuliyyətli, bir az vicdanlı, bir az da azərbaycanlı olmağa dəvət edirik. O raketlər, PUA-lar diasporumuzun qərargahının yanına deyil, içinə də düşə bilərdi…”

Elşad İbrahimov bildirib ki, zərər görən qərargah yaxın günlərdə elə diasporun öz dəstəyi ilə bərpa ediləcək və fəaliyyət daha yüksək səviyyədə davam etdiriləcək.

O, Diaspora Komitəsinə isə “soydaşlarımızın birliyinə təsir etməyən mənasız fəaliyyətində uğurlar” arzulayıb.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovdur.

//Mahir Ağa, Editor.az

Избранный
19
1
editor.az

2Источники