RU

Muradın işığı

Dediyi kimi də oldu - 15 gün sonra cəbhədən döndü, amma özü yox, nəşi

Şəhid ailəsi ilə bir gün əvvəl danışmışdıq. Görüşəcəyimiz vaxtı dəqiqləşdirmişdik. Budur, artıq yoldaydıq və deyilən ünvana üz tutmuşduq. 

Səhərin gözü təzə açılsa da, hava xeyli isti idi. Bir az iti addımlarla gedirdik ki,  gecikməyək. Şəhid anası Mehriban Qurbanova demişdi ki, ünvanımızı tapmaq çox asandır. Dayanacaqda avtobusdan düşəndə kimdən soruşsanız Muradgilin evləri haradadır, sizə göstərəcəklər. Mehriban xanımın nişan verdiyi yerdə avtobusdan düşən kimi ilk qarşımıza çıxan orta yaşlı bir qadından Muradgilin evlərinin yerini soruşduq. Ünvan uzaqda deyilmiş. 

Bir az irəli boylananda evin  qapısını açıq gördük. Asta səslə Mehriban xanımı səslədik. İçəridən ayaq səslərini eşitdik. Deməli, evdədirlər. Bir-iki dəqiqə sonra şəhid anası qapının ağzına çıxdı. Kövrək addımlarla yurdumuzun azadlığı uğrunda şəhid olmuş Muradın böyüdüyü evə qədəm qoyduq. Divarlara onun hərbi formada olan böyüdülmüş şəkilləri vurulmuşdu. Şəkillərdən üzümüzə boylanan baxışlardan igidlik və cəsurluq yağırdı. O qədər təbii idi ki, sanki elə bu dəqiqə dil açıb danışacaq, əl uzadıb görüşəcək, bizə "xoş gəlmisiniz" deyəcək.

Şəhid Murad Qurbanovun xatirələrini özündə yaşadan albomlara və bu albomlardakı şəkillərə baxa-baxa Mehriban xanımla söhbət edirik. Şəhid anası sözü oğlunun ömür və döyüş yollarına kökləyir. Tələsmədən Muradın həyat yolunu sətir-sətir vərəqləyir. O danışdıqca cəsur Vətən oğlunun ömür yolu gözlərimiz qarşısında oxunmamış maraqlı bir kitab kimi səhifələnir. 

Ananın dediklərindən öyrənirik ki, Murad Qurbanov 23 mart 1996-cı ildə Salyan rayonunda dünyaya göz açıb. Birinci sinfə rayondakı 2 nömrəli orta məktəbdə gedib. Yazmağı da, oxumağı da elə burada öyrənib. İş elə gətirib ki, bir ildən sonra ailə vəziyyəti ilə əlaqədar Bakıya köçməli olublar. Murad təhsilini 20-ci sahə adlanan ərazidə yerləşən 51 nömrəli məktəbdə davam etdirib. Sanki bir-birini əvəz edən illər onu tez böyüdüb. Orta təhsilini bitirdikdən sonra Bakı Maliyyə-İqtisad Kollecinə qəbul olub. 2015-ci ildə ordu sıralarına yollanıb. Qismətinə cəbhə bölgəsində yerləşən hərbi hissədə xidmət etmək düşüb. Elə ilk günlərdən başlayaraq təlim-məşqlərdə fəal iştirak edərək silah və hərbi texnikanın sirlərini həvəslə öyrənib. Uğurla keçən təlimlərdə döyüş vərdişlərinə yiyələnib. Silahlardan məharətlə istifadə edərək hədəfləri dəqiq vurub, bacarığı ilə bölüyün fərqlənən əsgərlərindən olub. 

Murad ordumuzun böyük uğuru və üstünlüyü ilə başa çatan aprel döyüşlərində iştirak edib. Onların bölükləri müxtəlif günlərdə Tərtər və Goranboy rayonlarının müdafiəsində dayanıb. Murad dörd gün ərzində erməni qəsbkarlarına qarşı cəsarətlə vuruşub. Əsgər kimi üzərinə düşən döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib. Cəsarəti ilə komandanlığın və əsgər dostlarının rəğbətini qazanıb. 

2017-ci ildə ordu sıralarından döndükdən sonra ticarətlə məşğul olub. Binə Ticarət Mərkəzində işləyib. İllər ötüb keçdikcə yaşa dolan Murad yavaş-yavaş gələcək həyatının bünövrəsinə ilk kərpiclər qoymağa başlayıb. 2020-ci il avqust ayının 20-də gözəl qızların içindən ürəkdən sevib-seçdiyi Nəzrinlə nişanlanıb. Ailə böyük sevinc içində toya hazırlaşıb. Murad arzusuna, istəyinə çatacağı, xoşbəxt anlarını görəcəyi günlərin arzuları ilə yaşayıb, ömrünün sabahları haqqında bir-birindən şirin xəyallar qurub. 

Amma nə edəsən ki, qəfil başlayan İkinci Qarabağ müharibəsi bir çoxları kimi Murad Qurbanovun da onu xoşbəxt gələcəyə aparacaq planlarını pozub. Toya hazırlaşmaq işləri təxirə salınıb. Çünki doğma yurda düşmən hücumu, yağı təcavüzü başlamışdı. Təbiidir ki, ürəyi Vətən sevgisi ilə döyünən Murad vətənimiz və xalqımız üçün belə çətin günlərdə yalnız şəxsi həyatını düşünüb öz qayğıları ilə yaşaya bilməzdi. İkinci Qarabağ müharibəsinin başladığı ilk gündən Murad könüllü olaraq döyüşə can atırdı. İstəyirdi ki, qanlı döyüşlərin alovlandığı Qarabağa yollansın, erməni qəsbkarları ilə vuruşsun, uzun illərdən bəri işğalda qalmış torpaqları ermənilərdən azad etsin, şəhidlərin qisasını alsın. 

Murad istəyinə 2020-ci il sentyabrın 29-da çatdı. Həmin gün - nişan mərasimindən 39 gün sonra döyüşmək üçün könüllü olaraq Qarabağa yollanıb. Elə ilk döyüşlərindən başlayaraq Vətənin azadlığı uğrunda igidliklə vuruşub. Torpaqlarımızı ermənilərdən təmizləmək naminə döyüşüb. Doğmalarının yanına qalib əsgər kimi dönmək amalı ilə savaşıb. Əvvəlcə onları Füzuli istiqamətinə göndəriblər. Beş-altı gündən sonra isə Cəbrayıl uğrunda gedən döyüşlərə cəlb olunublar. Həmişə ön sıralarda addımlayan Murad cəsarətlə vuruşur, güllələri düşmənlərin başına dolu kimi yağdırırdı. Oktyabrın 7-də onları Cəbrayıldan Xocavəndə gətiriblər. Həmin günlər bu istiqamətdə də gərgin döyüşlər gedirmiş. Muradgil Hadrut qəsəbəsinin azadlığı uğrunda vuruşurmuşlar. Həmin günlər Azərbaycan Ordusu düşməni geri sıxışdıra-sıxışdıra addım-addım torpaqları ermənilərdən azad edirdi. Başı nə qədər döyüşlərə qarışsa da, Murad vaxt tapıb evə zəng vurmağı da unutmurmuş. Vaxtaşırı anasına, bacısına zəng edib, sağ-salamat olduğunu deyirmiş. 

Oktyabrın 10-dan sonra ondan doğmalarına zəng gəlməyib. Ayın 12-də isə bu cəsur əsgərin torpaqlarımızın azadlığı uğrunda şəhid olduğunu eşidiblər. Ertəsi gün - oktyabrın 13-də Murad böyük izdihamla Badamdar qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Murad qısa, amma mənalı, şərəf dolu bir ömür yaşayıb. Yaxınları, doğmaları həmişə onun igidliyi və qəhrəmanlığı ilə fəxr edəcək, qürur duyacaqlar.

Şəhid Murad Qurbanovun ömür və döyüş yolu ilə qısaca tanış olduqdan sonra Mehriban xanımla söhbətimizi davam etdirdik. Kövrək duyğulara köklənən şəhid anası dedi: 

- Oğlum çox mehriban, qayğıkeş bir uşaq idi. Əliaçıq idi, nəyi olardısa, yaxınları ilə bölüşərdi. Ürəyi daim həyat eşqi ilə dolub-daşırdı. Uşaqlıqda dəcəl idi. İllər keçdikcə dəcəlliyi arxada qalır, işləyə-işləyə formalaşır, püxtələşirdi. Ömür yolları onu üzü sabahlara doğru aparırdı. Murad  gələcəyinə böyük ümidlərlə baxırdı. Ailə qurmaq istəyirdi. Özünə gələcək həyat yoldaşı da seçmişdi, nişanlanmışdı. Vətən müharibəsinin başladığını eşidəndə dedi ki, ana, çağırmasalar da, cəbhəyə gedəcəyəm. İnşallah toyu müharibədən sonra da edə bilərik. Əsas yurdumuzun, vətənimizin taleyidir. Soruşdum ki, axı evimizin  dayağı, kişisi sənsən, bizi kimin ümidinə qoyub gedəcəksən? Cavab verdi ki, mən erməniləri aprel döyüşlərində görmüşəm, çox qorxaqdırlar. Birini öldürəndən sonra qalanları qaçıb gedir. Torpaqlarımızı tez bir zamanda işğaldan azad edəcəyik. Əgər döyüşə getsəm, çox yox, haradasa 15 gündən sonra qələbə ilə qayıdacağam. Xeyli danışıb dilə tutsam da, onu fikrindən döndərə bilmədim. Murad tutduğu yoldan geri addım atmadı. 

29 sentyabr 2020-ci ildə gecə saat üç radələrində onu döyüşən ordunun sıralarına yola saldım. Ertəsi gün aparıldığı hərbi hissəyə - yanına getmişdim. Artıq əsgər forması geyinmişdi. Həmişə səliqə-sahmanlı olan gur saçlarını da qırxmışdılar. Dedi ki, ana, heyf saçlarımdan. Nə qədər xahiş etsəm də, dedilər ki, mütləq qırxılmalıdır. Ayrılarkən Murad bir daha təkrar etdi ki, inşallah 15 gündən sonra qələbə ilə qayıdacam. Bu, mənim oğlumla son görüşüm oldu. 

Sentyabrın 29-da Muradı döyüşə yola salandan sonra gözümüz yolda, qulağımız səsdə qaldı. Oğlum tez-tez zəng vurub iştirakçısı olduğu döyüşlərdən, azad etdikləri şəhər və kəndlərdən, qazandıqları uğurlardan danışırdı. Ondan zəfər dolu xəbərləri eşitdikcə sevinirdik, ürəyimiz açılırdı. Təəssüflər olsun ki, sevincimiz uzun çəkmədi. Oktyabrın 10-da onun zəngi yox, mesajı gəldi. Yazmışdı ki, məndən nigaran qalmayın, sağ-salamatam. Sonrakı iki gündə ondan zəng gəlmədi. Zənglərin arası kəsildiyinə görə nigarançılığımız artdı. 

Oktyabrın 12-də iş yoldaşlarım dedilər ki, sizin ünvanınıza şəhid gətirirlər. Bu xəbəri eşidəndə az qaldı həyəcandan ağlım başımdan çıxsın. Sonra dedilər ki, şəhid olan sənin oğlun deyil, Əli Tağıyev adlı bir əsgərdir. Yazıq Əli də qonşuluğumuzda yaşayırdı. Başım nə qədər iş-gücə qarışsa da, içimdə bir narahatlıq dolaşırdı. Həmin gün axşam saat 7 radələrində qapımızı bəd xəbər döydü: Murad Hadrut uğrunda gedən döyüşlərdə şəhid olmuşdu. Bu acı xəbəri eşidəndə dünya başıma dolandı.  Yaxın zamanlarda ailə həyatı qurmağa, xoşbəxt bir həyat yaşamağa hazırlaşan oğlum Vətən yolunda canından keçmişdi. 

Muradın meyitini məscidə gətirmişdilər. Dedim ki, mən mütləq onun nəşini görməliyəm. Gecəylə məscidə getdik. Ürəyimi bərkidib oğlumun meyitinə baxdım. Ona görə baxdım ki, mən Muradın ölümünə inanmırdım. O, həmişə verdiyi sözə əməl edərdi. Oğlum döyüşə getməzdən əvvəl söz vermişdi ki, 15 gündən sonra qayıdacaq. Hesablayıb gördüm ki, oğlumun döyüşə yollandığı vaxtdan düz 15 gün keçib. Deməli, şəhid olsa da, verdiyi sözə xilaf çıxmamışdı. 15 gündən sonra evimə şəhid kimi qayıtmışdı. Murad bu dəfə evimizə yox, yaxınlarının, doğmalarının könüllərinə, qəlblərinə və ürəklərinə qayıtmışdı. Bundan sonra Murad onu tanıyanların yaddaşında yaşayacaq. 

Düşmən mərmisindən qopan qəlpə Muradın ürəyindən dəymişdi. Yaxınlığında olan əsgər yoldaşları danışırdılar ki, son nəfəsində "ay, məni ürəyimdən vurdular", - deyib. Bu onun dilindən qopan sonuncu kəlməsi olub. Oktyabrın 13-də Muradı böyük izdihamla torpağa tapşırdıq. Murad sağlığında da həmişə başımızı el içində uca etmişdi, ölümü ilə də bir daha bunu təkrarladı. Oğlumun xatirəsini əziz tutanların hamısına dərin minnətdarlığımı bildirirəm. Bir zamanlar oxuduğu 51 nömrəli orta məktəbdə Muradın büstü qoyulub. Təhsil ocağının önünə xatirə lövhəsi vurulub. Bütün bunları görəndə az da olsa təskinlik tapırıq. İgidliyi və qəhrəmanlığı ilə öyünürük.

Cəsur əsgər, canını yurdumuzun azadlığı uğrunda fəda etmiş Muradın bacısı İlahə Qurbanova da qardaşını kövrək hisslərlə xatırladı:

 - Mənim üçün Murad haqqında keçmiş zamanlarda danışmaq çox çətindir. Çünki onun ölümünə inanmıram. Qardaşımla bir evdə böyümüşük, bir məktəbdə oxumuşuq. Uşaqlığımız bir yerdə keçib, bir məhəllədə oynamışıq. Anam bizi çox ərköyün böyüdüb. Özü əziyyət çəksə də, atasızlığı bizə hiss etdirməyib. Müharibənin başladığını eşidəndə Murad dedi ki, bacı, mən döyüşlərə gedəcəyəm. Xasiyyətinə yaxşı bələd idim. Bilirdim ki, əgər dedisə, deməli mütləq gedəcək. Getdi də. Demək olar ki, hər gün cəbhədən zəng vurub anamla da, mənimlə də danışırdı. 

Oktyabrın 10-dan sonra zəngləri kəsildi. Bir gündən sonra nömrəsini yığanda telefonunu başqa bir əsgər açdı. Muradı soruşanda dedi ki, siz hansı Muradı deyirsiniz? Mən qardaşımın familiyasını, müxtəlif bədən əlamətlərini, üz cizgilərini nişan verdim. Əsgər dedi ki, indi sizə şəkillər göndərəcəm, baxın görün qardaşınız onların hansıdır. İki-üç dəqiqə keçər-keçməz telefonuma şəhid şəkilləri göndərdilər. Çox təəssüflər ki, şəkildəkilərdən biri qardaşım Murad idi. Həmin anda keçirdiyim sarsıntını, çəkdiyim ağrı-acını sözlə ifadə etmək  çətindir. Dünyalarca sevdiyim qardaşım yurdumuzun azadlığı uğrunda şəhid olmuşdu. Bir evin oğlundan, bir elin oğluna çevrilmişdi. Qardaşım övladlarım Firdovsini də, Gülçiçəyi də çox istəyirdi. Murad qəlbimizdə elə bu cür istəkli də qalacaq. Vətən uğrunda şəhid olmuş qardaşımla həmişə fəxr edəcəyəm, qürur duyacağam...

Bu yerdə söhbətimizə üç nöqtə qoyub doğmaları ilə evlərində Muradın xatirəsinə düzəldilmiş guşəyə baxdıq. Guşədəki bütün əşyalarda onun pozulmaz izləri var. Muradın nişan üzüyü də buradadır. Mehriban xanım deyir ki, oğlumun nişanlısına aldığım üzüyü geri götürmədim. Fikirləşdim ki, qoy üzük həmişəlik olaraq oğlumdan Nəzrinə xatirə qalsın. Guşədəki albomları da vərəqlədik. Albomda Murad haqqında xeyli xoş sözlər yazılmışdı. Guşədəki  medalların vəsiqələrinə də baxanda öyrəndik ki, İkinci Qarabağ müharibəsində göstərdiyi igidliyə və qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə əsgər Murad Qurbanov "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.

Qəribədir, Muradın adını dilimə gətirəndə gözlərim önündə "Ağ atlı oğlan" filmindəki balaca Murad obrazı canlanır. O Murad ki, valideynlərindən xəbərsiz evdən qaçaraq cəbhə bölgəsinə getmişdi. Getmişdi ki, qələbəmiz naminə yurdu qoruyan döyüşçülərə qoşulsun, onlara kömək etsin. Belə duyğulu anlarda düşünürəm ki, bəlkə də bu, elə kinodakı həmin Muraddır. İndi böyüyüb əlinə silah alaraq cəbhə bölgəsinə yollanıb. Döyüşüb, vuruşub, erməni qəsbkarlarını məhv edərək qələbə qazanıb, torpaqları işğaldan azad edib. 

Oğul və qardaş itkisi ilə yaşayan bu kövrək xanımlarla sağollaşırıq. Onlarla bərabər, biz Muradın evin qarşısına vurulmuş xatirə lövhəsindən boylanan odlu-alovlu baxışları yola salır. İlahə xanım bizi bir anlıq yoldan saxlayıb başımızın üstündəki işığı göstərərək deyir ki, bunu Murad cəbhəyə yola düşməzdən bir az əvvəl boya qabından düzəltmişdi. İndi hər axşam biz "Muradın işığı"nın ətrafına yığışırıq. Neçə ildir ki, bu işıq qaranlıqlara nur çiləyir. Evdən aralanıb addımladıqca fikirləşirik ki, "Muradın işığı" heç vaxt sönməyəcək. Bu işığın nuru heç vaxt tükənməyəcək. Təkcə qaranlıqları deyil, doğmalarının ürəklərini də, qəlblərini də daim işıqlandıracaq. Sonra da yavaş-yavaş daha da gurlaşaraq dünyamızı işığa, nura boyayacaq.

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Избранный
49
azerbaijan-news.az

1Источники