Lula da Silva: Braziliya artıq ABŞ-dən asılı deyil...
Poliqon xəbər verir ki, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkəsinin artıq ABŞ-dan asılı olmadığını bəyan edib. Onun sözlərini Brasil247 nəşri sitat gətirib.
Siyasətçinin fikrincə, ABŞ Prezidenti Donald Tramp tətbiq etdiyi gömrük rüsumları ilə Braziliyanın daxili işlərinə müdaxilə etməyə çalışır.
“Mən hesab edirəm ki, prezident istədiyi məhsula rüsum qoya bilər. Amma Tramp bütün sərhədləri keçdi. O, çoxtərəfli yanaşmaya son qoymaq istəyir”, – deyə Lula bildirib.
O əlavə edib ki, hazırda Braziliya ABŞ-dan əvvəlki qədər asılı deyil:
“Braziliyanın artıq bütün dünya ilə geniş ticarət əlaqələri var. İqtisadi baxımdan imkanlarımız daha genişdir”, – deyə dövlət başçısı vurğulayıb və qeyd edib ki, ölkəsi suverenliyinə aid məsələlərdə ABŞ-a güzəştə getməyəcək.
Xatırladaq ki, iyulun 31-də Tramp Braziliya məhsullarına 40%-lik gömrük rüsumlarının tətbiqi barədə fərman imzalayıb. Vaşinqton bu addımı Braziliya hökumətinin son hərəkətlərinin ABŞ-ın milli təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına “fövqəladə təhdid” yaratması ilə əsaslandırıb.
Bundan əlavə, rüsumların artırılması qərarı Braziliyada sabiq prezident Jair Bolsonaruya qarşı keçirilən “siyasi motivli” məhkəmə prosesi ilə də əlaqələndirilib.
Poliqon.info