RU

“Sosial şəbəkələrdə ən çox söyüşü dindarlar yazır” – İlahiyyatçı

“Bir həqiqəti deyim. Bu gün elə insanlar var ki, şəriətçi düşüncəyə sahibdirlər. Bəlkə də onlar arzulayırlar ki, bir imam gəlib şəriət dövlətini qursun, müstəqil dövlətlər ləğv olunsun və vahid bir dünya imperiyası yaradılsın. Bu təfəkkürdə olanlar – yəni əbalı, əmmaməli, saqqallı, qısa şalvar geyinən, özlərini “dindar” adlandıran şəxslər – bəs bu gün nə istəyirlər?”

Bu sözləri Gununsesi.info-ya açıqlamasında ilahiyyatçı Tural İrfan bəzi radikal dini çevrələrin dünyəvi cəmiyyətə yanaşmasını şərh edərkən deyib:

“Bu gün onlar hansı tələbləri irəli sürürlər? Elmə qarşı çıxırlar, uşaqları məktəbdən uzaqlaşdırırlar. Bu, sadəcə söz deyil – faktlardır. Müəyyən yaşdan sonra uşaqları məktəbə göndərmirlər. Erkən evlilikləri təbliğ edirlər. Gəncləri cəmiyyətdən, xüsusilə də dünyəvi həyatdan təcrid edirlər.

Amma mən diqqəti başqa bir müqayisəyə çəkmək istəyirəm.

Gəlin bu təbəqəni bir kənara qoyaq. Bir də var ki, həmin “dindarların” cahil, bidətçi, avam – bəzən hətta kafir adlandırdığı – sadə insanlar. Cəmiyyətdə adi, normal həyat yaşayan insanlardan danışıram. Bir tərəfdə özünü dindar sayanlar, digər tərəfdə isə bu sadə insanlar dayanır.

Mən bunu sizə bir ilahiyyatçı mütəxəssis olaraq əminliklə deyirəm və bu fikri istənilən platformada müzakirəyə hazıram: bu gün dini, yəni Allahın istədiyi İslamı, məhz həmin sadə, “dinsiz” adlandırılan cəmiyyət daha doğru şəkildə yaşayır. Onlar dini daha sağlam şəkildə yaşadır və nəsillərə ötürür. İslam adına bu günə gəlib çatan nə qədər müsbət dəyər varsa, onların cəmiyyətə qazandırılmasında məhz bu təbəqənin rolu olub.

Bəs Sovet dövründə necə idi? Bəyəm o rejim sənə imkan verərdi ki, dinin fəlsəfəsini, dərinliyini öyrənəsən? Qətiyyən. Qarşısını alırdı. Mən bu gün danışdıqlarımı o vaxt öyrənməyinə, başa düşməyinə imkan vermirdi. Amma başına vurmağa, yas qurmağa, qəbirstanlıqda Quran oxumağa icazə verirdi. Amma elə istəyirdi ki, heç kim onun mənasını bilməsin. Və sən də bu vəziyyətlə yaşadın. İndi isə fəxrlə deyirsən ki, guya biz o dövrdə gizlincə aşura keçirirdik. Məsələ bu deyil. Həqiqi dəyərlər harda yaşadı? Məhz o “dinsiz” adlandırdığınız sadə, dünyəvi həyat tərzi keçirən insanların içində”.

O, həmçinin belə davam edib:

“Bu gün də vəziyyət fərqli deyil. Filankəs toya getdi, rəqs elədi – oldu dinsiz. Belə damğalamalar olur. Amma mən bir mütəxəssis kimi deyirəm: bu cəmiyyət – yəni xalqımız – Allahın istədiyi dini daha doğru yaşadır. Əksinə, özünü dindar adlandıran bəzi təbəqələr həmin dəyərləri məhv etməklə məşğuldur.

Bəs bu “dindarların” sosial davranışı necədir? Mən bu haqda şəxsi müşahidələr aparmışam, statistika toplamışam. Açıq şəkildə deyə bilərəm: sosial şəbəkələrdə nə siyasətçilər, nə müğənnilər, nə də digər təbəqələrin nümayəndələri bu qədər təhqir və söyüşdən istifadə etmir.

Dindar adlandırılan şəxslər arasında bu daha geniş yayılıb. Mən bu haqda monitorinq aparmışam, faktlarla tanışam. Girib profillərinə baxmışam və bu nəticəyə gəlmişəm”.

Избранный
19
1
turkustan.az

2Источники