RU

“Elçin müəllim mənim yaradıcılığımdan qırmızı xətt kimi keçdi...” - Mehriban Ələkbərzadə

"Elçin Əfəndiyev mənə görə, 60-cı illərin ən parlaq və aparıcı gücü olan yazıçı idi. Elçin müəllim yaradıcılığı heç vaxt tərk etmədi. Son günlərinə qədər yazırdı".

Bunu Bakıvaxtı.az-a bu gün vəfat edən Xalq yazıçısı Elçin Əfəndiyevdən danışan Akademik Milli Dram Teatrının bədii rəhbəri,  Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə deyib.

E.Əfəndiyevlə təxminən bir-iki həftə əvvəl söhbəti olduğunu xatırladan M.Ələkbərzadə deyib ki, onunla gələcək planlardan, əsas da “Baş”əsərinin premyerasından danışıblar. 

"Özünü yaxşı hiss etmirdi. “Baş” əsərinin ictiami baxışına gələcəkdi “Gələcəm, premyeranı sentyabra saxlayaq, amma ictimai baxışa gələcəm” dedi. Amma həmin gün səhər zəng etdi ki, heç yaxşı deyil. Mən də sadəcə “Canınız sağ olsun” deyə bildirdim. Dedi ki, “Yox, istəmirəm belə olsun, bu iş layiqincə olsun”. Elə istəyirdi ki, gəlsin... Son ana qədər gəlmək istəyirdi. Gələ bilmədi...

Qızları - Günay xanım, Humay xanım - tamaşaya gəldilər. Tamaşadan sonra onra Elçin müəllimə danışmışdılar, Elçin müəllim qıyabi olsa da xəbərləri eşidib çox sevinmişdi. Dedi: “Onlar danışır, amma mən özüm görməsəm, rahatlamayacağam...” Mən də dedim: “Görəcəksiniz, inşallah…” Çünki o “Baş” tamaşasını böyük səbirsizliklə gözləyirdi.

“Baş” əsərini tamaşa üçün romanı təklif edəndə mənə dedi: “Mən romanı yazmışam, amma onu səhnəyə çevirmək gücündə deyiləm, təsəvvür edə bilmirəm”. Sonra pyesi təqdim edəndə təəccüblə dedi: “İnanmıram ki, bu əsərin səhnə variantı olar”. Çox razı qalmışdı. Cəmi kiçik bir əlavə etdi. Zarafatla da dedi ki, “Bundan sonra romanlarımı pyesə sən çevirəcəksən” Mən də dedim: “Baş üstə, o zaman növbəti işim ‘Ölüm hökmü’ olacaq”.

M.Ələkbərzadə, Xalq yazıçısı Elçin Əfəndiyevlə tanışlığının hələ tələbəlik illərindən başladığını bildirib: “Universitet tarixində ilk televiziya tamaşası olan, Elçin Əfəndiyevin  “Ömrün son səhəri” əsərinə quruluş vermişdim. “Poçt şöbəsində xəyal” tamaşasından sonra mənə dedi: “Mən artıq duyuram, sənə nə lazımdı, nə hiss etdiyini anlayıram. Səni mənim qədər heç kim anlamayacaq".  Məşhur “Qatil” pyesini də məhz mənim üçün yazmışdı. Elçin müəllim, əsərlərini səhnəyə qoymağı arzuladığı rejissorlardan biri də mənəm. Elçin Əfəndiyev mənim yaradıcılıq yolumdan qırmızı xətt kimi keçdi. Bu səbəbdən o, mənim üçün hər zaman var olacaq.

"O, böyük bir iz qoyub getdi. Tələbkar, intellektual, eyni zamanda mülayim və qətiyyətli biri idi. Sartırı, Kobo Abeni tərcümə edirdi. Onun tərcümə etdikləri də özü qədər güclü idi. Çünki ancaq güclü düşüncə adamı belə müəlliflərə yaxın dura bilərdi", - deyə Ələkbərzadə əlavə edib.

Onun sözlərinə görə, planında “Baş” əsərindən sonra “Ölüm hökmü” vardı: Həmçini söhbətlərimizdə Qarabağla bağlı yeni səhnə əsəri olacaqdı.  Amma ömür yetmədi... Allah rəhmət eləsin, nur içində yatsın. Təkcə “Baş” əsərinə yox, əgər mənə də ömür vəfa etsə, beynimdə tutduğum və ona dediyim bütün yaradıcılıq planlarını həyata keçirəcəyəm. Elçinin son əsərinə quruluş verən rejissor kimi bu vəziyyət mənim üçün ikiqat ağırdır. Onun qələmindən çıxan əsərlər arasında “Baş” romanı monumental və bənzərsiz bir ədəbi nümunə idi.

Dediyim kimi onunla bağlı planlarımız çox idi. “Qatil”i üçüncü dəfə səhnəyə qoymağı düşünürdük. Deyirdi: “Baxaq görək, üçüncü dəfə necə olacaq...” Təəssüf ki, həyat da tamaşa kimidir – bir gün pərdə bağlanır…"

Turan Etibaroğlu

Избранный
13
bakivaxti.az

1Источники