RU

"Kinoya ayrılan reklamlarla bağlı statistikalar niyə yoxdur?" -

"Azərbaycanda Milli Kino Günü qeyd olundu. Bütün kino xadimlərini təbrik edirəm. Amma çox təəssüf ki, ən azından belə bir gündə, ildə bir dəfə olaraq biz bəzi hesabatları əldə etməliydik. Çünki Azərbaycan iqtisadi inkişaf müstəvisində reklam işinə ayrılmış münbit şərait nəticəsində 70 milyondan çox reklam büdcəli bir bazarda neçə faiz milli kinomuzun çəkilişinə, inkişafına, aktyorlarımızın reklamların çəkilişinə cəlb olunmasına yönəldilir. Belə bir statistika bizdə yoxdur".Bunu Metbuat.az-a açıqlamasında Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, professor Cahid Həsənov deyib. O, bu sahəyə ayrılan reklamlarla bağlı statistikanın olmamasından gileylənib: "Mən “Reklam haqqında” Qanunun müəlliflərindən biri kimi 30 ildir reklam işini qurana kimi belə müzakirələrə ehtiyac var idi ki, hesabat versinlər. Reklamverici şirkətlər, brendlər, hansı ki, bizim pulla bazarda milyonlar qazanırlar, cüzi bir faizini isə reklama xərcləyirlər. Bəs o xərclədikləri reklamla hansı sahələr inkişaf edir? Azərbaycanın mədəniyyət sahəsinin inkişafına yönəldilirmi onların reklam və marketinq şöbələri? Hansı ki, dırnaqarası reklamçılar, marketoloqlar toplaşıblar. Bunlar mənasız, faydasız tədbirlərə sponsor olmaq adı ilə bu reklam pullarını əridirlərsə, bəs bu vəsait nə vaxt mədəniyyətə yönəldiləcək? Sosial reklamlar nə qədər inkişaf edib, neçə faizdir, nə qədərdir? Ümumiyyətlə, bununla bağlı müzakirələrə ehtiyac var". C.Həsənov qeyd edib ki, bu məsələ ilə bağlı müəyyən tələblər olmalıdır: "Xaricdə kinoya dövlət pul ayırmır, aktyorun maddi rifah halının yaxşılaşmasına dövlət, nazirlik pul ayırmır. Bizdə reklam və marketinq işi var. Reklama ayrılmış 70 milyondan çox büdcə var. Qanunlar verilib, hər cür şərait yaradılıb. Sadəcə, burada bir dirijor rolu oynanmalıdır ki, bu hesabat verilsin və bu işdə inkişaf olsun. Heç bir yazı olmadığına görə, müsahibələr verilmədiyinə görə, heç kim bu barədə danışmadığına görə, təbii olaraq qalan 10 manatı da hansısa konsert adı ilə hansısa tədbirə xərcləyəcəklər. Həmin vəsaitlər bu sahəyə yönəldilməlidir".

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
20
metbuat.az

1Источники