RU

Yumşaq güc necə işləyir?

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Dövlətlər daimi rəqabət şəraitində iqtisadi, hərbi və ya başqa yollarla bir-birlərinə təsir etməyə, qarşı tərəfə istədiklərini qəbul etdirməyə çalışırlar. Ənənəvi olaraq bu təsir üsulları güc kimi başa düşülür. Təsir vasitələri sərt güc və yumşaq güc olaraq iki əsas qrupa bölünür. Hərbi müdaxilə, iqtisadi sanksiyalar və bənzər digər addımlar sərt güc kimi qəbul olunur. Yumşaq güc dedikdə isə təzyiq və ya zor tətbiq etmədən, mədəniyyət, dəyərlər, ideoloji cazibə və başqa təsir üsulları ilə digər dövlətlərin qərar və davranışlarını lazımi istiqamətə yönləndirmək bacarığı başa düşülür.  Zəif tərəf bəzən bu vəziyyətdən narahatlıq duyur, bəzən isə bu prosesi özü üçün inkişafın açarı hesab edir.

Böyük dövlətlər daha kiçik dövlətlərə sadəcə məhsul ixrac etmirlər, onlar həm də öz mədəniyyət elementlərini ixrac edirlər. Bu mədəniyyət elementləri onların daşıyıcısı olmayan xalqlar, cəmiyyətlər tərəfindən müəyyən zaman ərzində tədricən qəbul olunur. Sözügedən mədəniyyət elementlərinə inkişafın, əldə olunan yüksək rifah səviyyəsinin əsas səbəbi kimi baxılır. Yumşaq güc özünü mədəniyyət elementləri kimi göstərsə də, onun özəyində mədəniyyət elementləri yox, məhz iqtisadi güc dayanır. İqtisadi gücü olmayan mədəniyyətin heç bir cəzbediciliyi yoxdur. Aydındır ki, son bir neçə yüzilliklər boyunca dünyada Qərb mədəniyyəti hakimdir və ümumi yanaşmaya görə, Qərb dünyasının iqtisadi gücünün mənbəyi də elə Qərb mədəniyyətidir. Bu səbəbdən başqa mədəniyyətə sahib insanlar Qərb mədəniyyətinin elementlərini mənimsəməyə çalışır. Qərblilərin həyat tərzi, iqtisadi və siyasi modelləri əsas meyar kimi qəbul olunur.

Tarix göstərir ki, əhatə dairəsindən və sahib olduğu gücdən asılı olmayaraq heç bir mədəniyyət sonsuza qədər dominant qala bilmir. Məşhur sosioloq və politoloq Samuel Hantinqton "Sivilizasiyaların toqquşması" kitabında vurğulayır ki, XX əsrin 20-ci illərinin başlarından başlayaraq ümumi Qərb sivilizasiyasının ümumdünya miqyasında iqtisadi istehsal, insan sayı, idarə etdiyi ərazi böyüklüyü (kolonial yayılma) və başqa məsələlərdə geriləyir. Belə olduqda yerli mədəniyyətlərin dirçəlməsi, özünəqayıdış prosesinin güclənməsi hiss olunur. Özünəqayıdış prosesində yerli dil, din, folklor və başqa mədəniyyət elementləri yenidən qazanılır, xalqların gənc nəsilləri öz mədəniyyətləri ilə yenidən tanış olur.

Yumşaq gücün formaların çox olsa da, onun özünü ən aşkar formada göstərdiyi məqam dildir. Beynəlxalq statusa sahib dillərə baxdıqda bunların iqtisadi cəhətdən güclü dövlətlərin dilləri olduqları aydın olur. İqtisadi-hərbi güc ilə dil arasındakı əlaqəni anlamaq üçün keçmiş SSRİ ölkələrində rus dilinin inkişaf dinamikası olduqca parlaq nümunədir. SSRİ dövründə əsas aparıcı dil olan rus dili SSRİ-nin dağılması ilə birlikdə öz statusunu böyük ölçüdə itirdi. Azadlığa qovuşan xalqların öz dillərinə olan diqqətləri və göstərdikləri qayğı artdı. Bu prosesə paralel olaraq kiril qrafikasından imtinanı rus təsirinin azalması və ondan uzaqlaşma cəhdi kimi başa düşmək mümkündür. Məsələn, türkdilli dövlətlərdən Azərbaycan, Özbəkistan və Türkmənistan hələ 1990-cı illərin əvvəllərində kiril qrafikasından imtina edib latın qrafikasına keçdilər. Ancaq hələ də postsovet məkanında nəinki kiril qrafikası, rus dili də öz aktuallığını qoruyub saxlayır. Bununla belə, XIX əsrdə rus zadəganlarının fransızca danışması faktı zaman-zaman hər bir xalqın başqa xalqların mədəni təsiri altında düşməsini sübut edir.

Hazırda Çinin artan iqtisadi gücü ilə paralel Çin dilinin nüfuzu da ciddi şəkildə artır və hətta bəzi sahələrdə ingilis dilinin mövqeyini zəiflətməyə başlayıb. Təsadüfi hal deyildir ki, yaxın zamanda Azərbaycan məktəblərində Çin dilinin tədrisi istisna edilmir. Ancaq məsələ sadəcə dinamik istehsal, dayanıqlı iqtisadi inkişaf deyil. Çin nəhəng investisiyalar ilə ölkələri özündən asılı hala salmağa çalışır. Başqa ölkələrdə yerləşən universitetlərdə Çin dili, tarix və mədəniyyəti kimi fənlərin sayını artırmağa çalışır. Bununla belə, Çinin hədəflədiyi populyarlığa çatdığını demək mümkün deyil. Neokolonizasiya siyasəti, Tayvan məsələsi, koronavirus epidemiyası və başqa faktorlar onun populyarlığını azaldır.

Çinlə müqayisədə Yaponiyanın yumşaq gücü daha pozitiv imicə malikdir. Yaponiya özünəməxsus stilə sahib manqa və animeləri, mətbəxi (suşi ön plandadır), milli geyimləri və başqa dəyərləri dünyanın dörd bir yanında gənclərin düşüncə tərzinə, estetik zövqünə və gündəlik həyat tərzinə təsir edən güclü bir mədəniyyət axınına çevrilib. Bu, Yaponiyanın sərt gücə yox, yumşaq gücə söykənərək qlobal rəğbət qazanmasının canlı sübutudur. Odur ki, illər keçdikcə yapon dilini öyrənənlərin, Yaponiyaya səfər edənlərin, hətta orada yaşamaq istəyənlərin sayında artış müşahidə olunur.

Uzaq Şərqin yumşaq gücü ilə fərqlənən ölkələri sadəcə Çin və Yaponiya ilə məhdudlaşmır. Burada Cənubi Koreyanı da xüsusilə qeyd etmək lazımdır. Cənubi Koreya filmləri və Koreya pop musiqiləri xüsusilə gənc nəsil nümayəndələri arasından olduqca populyardır və getdikcə daha böyük maraq, rəğbət qazanır. Məşhur dil öyrənmə Platforma olan Duolingo (Duolinqo) 2023-cü il hesabatında Koreya dilinin qlobal olaraq 6 cı ən çox öyrənilən dilə çevrildiyini açıqlayıb.

Dil ilə bərabər, din və etnik mənsubiyyət də bütün tarix boyu mühüm təsir vasitəsi olub. Məsələn, İran şiəlik və antisiyonizm təbliğatı ilə Yaxın Şərqdə mühüm yumşaq güclərdən biri hesab olunur. Ancaq bu təsir qlobal səciyyə daşımır, Suriya, İraq, Livan, Yəmən ilə məhdudlaşır. İran həm də fars millətçiliyi ilə fars dilinin güclü olduğu Tacikistana, Pakistana və Əfqanıstana da təsir edə bilir.

Yumşaq gücünü din və etnik mənsubiyyət üzərində quran dövlətlərindən biri də Türkiyədir. Türkiyə türk millətçiliyi və özünə aid bildiyi islam bayraqdarlığı ilə nəinki keçmiş Osmanlı ərazilərində (Balkan və Şimali Afrika ölkələri, Yaxın Şərqin əhəmiyyətli hissəsi), həmçinin Avropa və Uzaq Şərqdə də mühüm fiqurlardan biridir. Bu məsələdə türk film sənayesinin tarixi filmlərdə ixtisaslaşmasını, bu filmlərin çox güclü təbliğat üsulu olmasını qeyd etmək lazımdır. Bununla belə, son illər şiddətlənən iqtisadi böhran vəziyyəti və getdikcə pisləşən imici ilə Türkiyənin yumşaq gücü və cəlbediciliyi olduqca zəifləyib.

Yuxarıda qeyd olunanların fonunda Azərbaycanın yumşaq güc siyasəti və mövcud imkanları haqqında düşünmək lazımdır. Aydın faktdır ki, Azərbaycan mədəniyyət məhsulları hələlik geniş qlobal auditoriyaya çıxmır; dünya kinosunda, pop-musiqidə, ədəbiyyatda zəif təmsil olunur. Bu mənada Azərbaycan qonşuları Türkiyə, Rusiya və İrandan olduqca geri qalır. Azərbaycanın yumşaq güc siyasəti əsasən idman və mədəni diplomatiya vasitəsilə tanıdılmağa söykənir. Buraya Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti, müxtəlif mədəniyyət festivalları və beynəlxalq tədbirlər, o cümlədən Formula 1 Qran-Prisi (Bakı), Avropa Oyunları (2015), İslam Həmrəyliyi Oyunları (2017) və s. beynəlxalq idman yarışları daxildir. Bununla belə, regional və qlobal arenada daha uzunmüddətli, davamlı mədəni ixraca, o cümlədən yaradıcı sənaye siyasətinin möhkəmləndirilməsinə ehtiyacı var.

Beləliklə, yumşaq güc sadəcə mədəniyyət ixracı deyil, dərin iqtisadi, ideoloji və sosial dayaqlara söykənən mürəkkəb təsir vasitələri toplusudur. Qlobal rəqabətdə üstünlük qazanmaq üçün dövlətlər dayanıqlı iqtisadi inkişaflarını təmin etməli, davamlı mədəni siyasətlərini və yaradıcı sənayelərini möhkəmləndirməlidirlər. Məhz bu zaman yumşaq güc uzunmüddətli təsir gücünə çevrilir.

Sabir ETİBARLI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
525.az

1Источники