RU

Şirvan Milli Parkında flaminqolar niyə gözləniləndən çox tez peyda oldu? Mütəxəssisdən AÇIQLAMA

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Şirvan Milli Parkında nadir və maraqlı təbiət hadisəsi qeydə alınıb.

Belə ki, adətən sentyabr-oktyabr aylarında ölkəmizə köç edən flaminqolar bu il gözləniləndən xeyli tez – iyulun sonunda – müşahidə olunublar.

Bir neçə gün əvvəl parkın ərazisində 30-a yaxın flaminqo qeydə alınıb.

Gununsesi.info-ya açıqlama verən ornitoloq Elçin Sultanov mövzunu belə şərh edib:

“Artıq bu xəbər mənə də çatıb. Bilirsiniz, “qızılqaz” və ya “flaminqo” dediyimiz bu quşun adı əslində “qızıl qaz”dır. Bu, Azərbaycanda müntəzəm olaraq qışlayan və bəzən yuvalayan quş növüdür.

Məsələn, Şirvan Milli Parkında yerləşən Mahmudçala gölündə, həmçinin Ağ göldə bu quşa yay aylarında nadir də olsa yuvalamağa rast gəlinir. Qızılağac Milli Parkında isə demək olar ki, hər il yuvalayır.

Qış aylarında isə qızıl qaz ölkəmizin bütün iri göllərində və körfəzlərində müşahidə olunur. Bunlara Ələt körfəzi, Dərin Özüllər zavodunun yaxınlığındakı sahələr və digər oxşar ərazilər daxildir.

Adətən bu quşlar sentyabr-oktyabr aylarında Azərbaycana köç edirlər və aprel ayına qədər burada qalırlar. Bu dövr ərzində onları müşahidə etmək mümkündür”.

Elçin Sultanovun vurğulayıb ki, mart-aprel aylarında flaminqolar (qızıl qazlar) artıq şimala — yuvalama ərazilərinə doğru uçurlar:

“Kimlər ki, köç etmir, onlar burada qalaraq yuvalayırlar. Bu quşlar əsasən Şimali Qafqazda, Cənubi Rusiyada və Qazaxıstanda yuvalayırlar.

Hazırda erkən görünən quşların müşahidə olunması iki səbəblə bağlı ola bilər:

Birincisi, cənub bölgələrində yuvalayan quşlardan bəziləri artıq vaxtından tez şimala doğru hərəkət etməyə başlayıblar. Bu, klassik köç deyil, yuvalamadan sonrakı yer dəyişmələrdir. Belə hallar quşlar arasında tez-tez rast gəlinir — yuvalama bir ərazidə baş verir, lakin balalar böyüdükdən sonra quşlar köç mövsümünə qədər başqa yerlərə gedərək orada vaxt keçirirlər.

Bu səbəbdən, hazırda müşahidə olunan flaminqolar Qızılağac Milli Parkından, İranın qoruqlarından, hətta Ərəb ölkələrindən gəlmiş ola bilərlər.

Başqa bir səbəb də ondan ibarət ola bilər ki, bəzi quşlar şimal bölgələrində yuvaladıqları zaman yuvalarını və ya balalarını itirirlər. Məsələn, pis hava şəraitində və ya yırtıcıların hücumu nəticəsində bu cür hallar baş verir. Belə olduqda, quşlar artıq yuvalama dövrünü davam etdirməyib, vaxtından əvvəl geri dönürlər.

Bu vəziyyət xüsusilə tundrada yuvalayan cüllütlərdə müşahidə olunur. Orada hava qəfil pisləşəndə və qar yağanda yumurtalar və ya balalar tələf olur, nəticədə quşlar artıq həmin ərazidə qalmağın mənasız olduğunu düşünüb, bizim göllərə doğru köç edirlər və qışlamağa başlayırlar”.

Ornitoloq fikrincə hazırda ölkəmizdə görünən qızıl qazlar da balalarını və yuvalarını itiriblər:

“Buna görə də artıq müəyyən bir yerə bağlı deyillər və erkən hərəkətə başlayıblar. Beləliklə, Şirvan Milli Parkına gəlib çıxıblar.

Çox güman ki, bu quşlar Şimali Qafqazdakı Manıç-Qudilo göl sistemindən gəliblər. Həmin bölgə bizə coğrafi baxımdan daha yaxındır. Amma istisna deyil ki, Qazaxıstandan və ya Həştərxandan da gəlmiş ola bilərlər.

Belə hallar nadir baş versə də, quşlar arasında rast gəlinir və elmi müşahidələrdə qeydə alınır”.

Firuzə Mahmudova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
icma.az

1Источники