RU

Təranə Salahova: “Müəllimlərə təzyiqlər nəticəni mənfi istiqamətə aparır”

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Müəllimlər şagirdlərlə bacara bilmirlər — bu, o demək deyil ki, müəllim heç nəyi bacarmır. Bu, əsasən ailədən gələn təsirlərdən irəli gəlir. Müəllimi alçaltmaq, ona hörmətsizlik göstərmək və müxtəlif təzyiqlərlə üz-üzə qoymaq kimi amillər, nə yazıq ki, nəticəni mənfi istiqamətdə dəyişir”.

Bunu  Gununsesi.info-ya Bakı şəhəri, Yasamal rayonu, 286 saylı tam orta məktəbin tarix müəllimi Təranə Salahova bildirib:

“Əlbəttə, orta məktəbdə keçirilən dərslərin rolu çox böyükdür və heç nə bunun yerini tam doldura bilməz. Orta məktəb şagirdi əgər əlaçıdırsa, ona əlavə hazırlıq demək olar ki, lazım olmur.

Xoşbəxtlikdən, bizim çox yaxşı şagirdlərimiz var. Məsələn, bir sinifdə 30 şagirdin 15-i və ya 9-u mükəmməl nəticə göstərir. Digərləri isə orta səviyyədədir. Amma bunu hər bir şagirdə şamil etmək doğru olmaz”.

Təranə Salahova onu da vurğulayıb ki, ailənin uşağa olan münasibəti və dəstəyi şagirdin uğurunda əsas amillərdən biridir:

“Əgər valideynlər təhsilə və müəllimə hörmətlə yanaşarsa, uşağın da motivasiyası artır. Təhsil sistemi isə müasir yanaşmalarla inkişaf etməli, müəllimlərin statusu və peşəkarlığı qorunmalıdır. Müəllimlərin iş şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, onların ruh yüksəkliyini artırar və dərs prosesinin keyfiyyətini yüksəldər.

Eyni zamanda, şagirdlərin fərdi xüsusiyyətləri nəzərə alınmalı, onlara fərdi yanaşma tətbiq olunmalıdır. İctimaiyyət də müəllimlərin statusunun yüksəldilməsi üçün həmrəy olmalıdır. Bu yolla biz həm şagirdlərin, həm də müəllimlərin qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində inkişafına şərait yarada bilərik”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
icma.az

1Источники