RU

Azərbaycan qazı Suriyada: Enerji diplomatiyasında yeni mərhələ - ÖZƏL

Avqustun 2-də Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Suriyaya ixracına start verilib. Bu, iki ölkə arasında yeni enerji əməkdaşlığı mərhələsidir.

Bu ixrac addımı Azərbaycanın enerji diplomatiyasında hansı yeni səhifəni açır?
Mövzu ilə politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:

" Bu mövzu ilə bağlı əvvəlki fikirlərimizdə də biz bir məsələnin üzərində xüsusi dayanmışdıq. O da ondan ibarət idi ki, bu gün Azərbaycan təkcə Suriyaya neft və qaz ixrac edən ölkə olaraq qalmaya bilər. Yəni orada elə imkanlar açıla bilər ki, Azərbaycan gələcəkdə bu ölkənin enerji resurslarının işlənib dünya bazarına çıxarılmasında da önəmli bir tərəfdaşa çevrilə bilər. Təbii ki, bunun üçün ilk növbədə Suriyada mərkəzi hakimiyyət güclənməlidir və mərkəzi hakimiyyət ölkənin bütün suveren ərazilərindəki enerji resursları üzərində öz nəzarətini bərpa etməlidir. Bundan sonra Azərbaycan artıq Suriyanın neft və qazının işlənməsində, hazırlanmasında, dünya bazarına çıxarılmasında önəmli aktora çevrilə bilər. Bildiyimiz kimi,  Suriyada bu gün beynəlxalq güclər arasında ciddi bir qarşıdurma yaşanır və belə bir şəraitdə Əhməd Əl-Şara heç vaxt enerji ilə bağlı bu cür ciddi məsələni sadəcə bir tərəflə həll edə bilməz. Yəni, Əhməd Əl-Şara hakimiyyəti Suriyanın enerji resurslarının işlənməsi məsələsində, məsələn, ABŞ-i tərəf olaraq seçsə, o zaman Rusiya, Çin, İran və Türkiyə artıq Əl-Şaraya istənilməyən fiqur kimi yanaşacaq. Əgər bu işi yalnız Türkiyə şirkətləri üzərindən həyata keçirmək istəsə, bu dəfə ABŞ, Qərb ölkələri, Rusiya, Çin və İran ona düşmən münasibəti göstərəcək. Əgər Rusiya və ya Çin şirkətləri ilə əməkdaşlıq etməyə çalışsa, o zaman da digər tərəflər onu istənilməyən şəxs kimi qəbul edəcək.
Ona görə də Əl-Şaraya elə bir tərəf lazımdır ki, həm onun neft və qazını işləyib dünya bazarına çıxara bilsin, həm də ona düşmən qazandırmasın. Belə bir versiyada da ən yaxşı alternativ məhz Azərbaycan tərəfidir.
O ki qaldı bu müqavilənin icrasına başlanmasına, yəni Azərbaycanın artıq Suriyaya neft və qaz ixrac etməsinə, bu, Azərbaycan enerji siyasətində təbii ki, yeni səhifənin açılması deməkdir. Çünki artıq Azərbaycan bununla əvvəl 12 olan ixrac etdiyi ölkələrin sayını, səhv etmirəmsə, 13-ə çatdırır. Beləliklə, Azərbaycan həm enerji ixrac etdiyi ölkələrin sayını artırır, bu da ölkəyə əlavə iqtisadi dividendlər qazandırır, həm də Yaxın Şərq kimi bir regionda, onun ən önəmli ölkələrindən biri olan Suriyada rəsmi tərəfdaşa çevrilir. Beləliklə, Azərbaycan Suriyanın bütün tranzit və enerji imkanlarından istifadə etməklə Yaxın Şərq siyasətində də aktiv oyunçuya çevrilə bilər. Burada məsələ yalnız enerji ilə də yekunlaşmır - tranzit məsələləri də var. Suriyanın limanları Aralıq dənizinə açılır, oradan Şimali Afrikaya, Yunanıstan vasitəsilə və ya Aralıq dənizindən keçməklə İtaliya üzərindən Avropa kimi böyük bir bazara çıxış imkanları mövcuddur. Türkiyədən sonra Suriya ilə də bu kimi əlaqələri inkişaf etdirmək Azərbaycanın həm enerji siyasətində yeni bir pəncərə açır, həm də tranzit ölkə olmaq yolunda irəliləyən Azərbaycan üçün əlavə qapılar və keçidlər yaradır. Bütün bunlar isə zamanla Azərbaycanın iqtisadiyyatına gəlir gətirməklə yanaşı, onun əhəmiyyətini və dünya siyasətindəki mövqeyini də möhkəmləndirə bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
5
olaylar.az

1Источники