BAKI, 4 avqust. TELEQRAF
"İbrahim sazişləri" 2020-ci ildə ABŞ Prezidenti Donald Trampın birinci hakimiyyəti dövründə onun təşəbbüsü ilə hazırlanan bir layihədir. Sazişin ilk məqsədi ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşmasına hesablanıb. Təl-Əvivin İslam dünyası ilə əlaqələrinin formalaşması ilə yanaşı bölgədə gərginliyin azaldılması başlıca məqsədlərdən biri kimi önə çəkilir.
Bu sözləri Teleqraf-a politoloq Oqtay Qasımov Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması ətrafında artan müzakirələrdən bəhs edərkən deyib.
O, son zamanlar Tramp tərəfindən “İbrahim sazişləri”nə qoşulacaq ölkələrin siyahısının artması ilə bağlı təşəbbüslərin olduğunu qeyd edib: “Yeni Ağ Ev administrasiyası bunda maraqlıdır. Onlar hesab edir ki, Azərbaycan da “İbrahim sazişləri”nə qoşulmalıdır. Sözsüz ki, İbrahim sazişləri” əsasında Azərbaycanla İsrail arasında əlaqələrin qurulması elə də önəmli amil kimi dəyərləndirilmir. Çünki Bakı ilə Təl-Əviv arasında yüksək səviyyəli münasibətlər var və əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. Bu əməkdaşlıq da xeyli istiqamətləri əhatə edir”.
Politoloq hesab edir ki, Azərbaycan bir formada “İbrahim sazişləri”nin qeyri-rəsmi üzvüdür: “Bakı tərəfindən rəsmi şəkildə bununla bağlı addım atılsa bu Azərbaycanın və İsrailin maraqlarına xidmət etmiş olacaq. Sözsüz ki, Azərbaycanın cənub qonşusu İran bunu sakit qarşılamayacaq. Tehranın bu məsələdə narazı qalacağı şübhəsizdir. Amma bunlar elə də önəm kəsb etmir. Çünki hər bir ölkə öz maraqlarını müdafiə etməyə borcludur”.
Oqtay Qasımova görə, Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulması İsraillə yanaşı ABŞ ilə də münasibətlərin normallaşması deməkdir: “İqtisadiyyat, ticarət, eneji və təhlükəsizlik sahələrində əlaqələrdə ciddi irəliləyişlər əldə oluna bilər. Bu məsələlərlə bağlı qərar verilərkən beynəlxalq və yerli vəziyyət də nəzərə alınmalıdır”.