RU

FHN Şimal regionunda taktiki-xüsusi təlim keçirib FOTOLAR / VİDEO

28-31 iyul 2025-ci il tarixlərində Xaçmaz şəhərində taktiki xüsusi təlim keçirilib. Fövqəladə Hallar Nazirliyi Baş əməliyyat idarəsinin təşkilatçılğı ilə reallaşdırılan təlimə hazırlıq tədbirlərində və təlimin keçirilməsində Nazirliyin Şimal Regional Mərkəzinin, eləcə də Dövlət Yanğın Nəzarəti Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin həmin regionda fəaliyyət göstərən bölmələrinin rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər.

QHT.az xəbər verir ki, təlimə FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (BAXD) üzvləri, Şimal Regional Mərkəzinin və Nazirliyin qurumlarının həmin regionda fəaliyyət göstərən struktur bölmələri, həmçinin “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB)”nin qüvvələri cəlb olunub.

4 günlük təlimin ilk günündə Nazirliyin Baş əməliyyat idarəsinin rəis müavini, Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin komandiri polkovnik Ələsgər Əliyev BAXD-ın fəaliyyəti barədə məlumat verərək bildirib ki, dövlətimizin diqqət və qayğısı nəticəsində Fövqəladə Hallar Nazirliyinin xilasetmə qurumları təkcə ölkə daxilində fəlakətlərin nəticələrinin aradan qaldırılması deyil, həm də fəlakətdən zərər çəkmiş digər ölkələrə yardım göstərmək imkanlarına malikdir. Onun sözlərinə görə, respublikamızda və xarici ölkələrdə keçirilən bir sıra təlim və kurslarda yaxından iştirak edən Beynəlxalq dəstənin üzvləri qazandıqları bilik və təcrübə nəticəsində humanitar əməliyyatlarda öz vəzifələrini uğurla yerinə yetirirlər.

Təlimin nəzəri hissəsində Dəstənin əməkdaşları tərəfindən “Beynəlxalq Axtarış-xilasetmə və Məşvərət Qrupunun (İNSARAG)” təlimatları əsasında idarəetmə, koordinasiya, logistika və axtarış-xilasetmə sahəsində standartlar və tərtib olunan sənədlər, “Virtual Sahə Əməliyyatlarının Koordinasiya Mərkəzinin (VOSOCC)”, “İNSARAG Koordinasiya və İdarəetmə Sisteminin (İCMS)” imkanları və iş prinsipləri, beynəlxalq humanitar əməliyyatlarda medianın rolu mövzularında təqdimatlar dinlənilib. Təlim iştirakçıları zəruri sənəd və avadanlıqlarla komplektləşdirilmiş “Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzinin (UCC)” və “Qəbuletmə-yolasalma Məntəqəsinin (RDC)” iş prinsipləri, həmçinin humanitar əməliyyatlar zamanı idarəetmənin və koordinasiyanın həyata keçirilməsində istifadə olunan müasir peyk rabitə vasitələrinin imkanları ilə nəzəri və praktiki şəkildə yaxından tanış olublar.

Təlimin praktiki hissəsində Şimal Regional Mərkəzinin və Nazirliyin xilasetmə qurumlarının həmin regionda fəaliyyət göstərən struktur bölmələri şərti olaraq şimal regionunda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına cəlb olunub. Bu məqsəd ilə qüvvələr hazırlıq vəziyyətinə gətirilib, təyin olunmuş əraziyə yürüş həyata keçirilib, “Əməliyyatlar bazası (BoO)” qurulub, bölmələrin yerləşməsi üzrə tədbirlər reallaşdırılıb. Pilotsuz uçuş aparatının, akustik axtarış cihazının, termal kamera və digər xüsusi vasitələrin tətbiqi ilə ərazidə yaranmış vəziyyət qiymətləndirilib, əsas fəaliyyət istiqamətləri müəyyən olunub. Eyni zamanda xilasedicilərin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımlar atılıb, o cümlədən, dağılmaq təhlükəsi olan tikililərin “dayaqvermə” üsulu ilə möhkəmləndirilməsindən sonra, müasir avadanlıqlar tətbiq olunmaqla dağıntılar altından və hündürlükdən xilasetmə tədbirləri həyata keçirilib.

Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

Yekunda nəzəri və praktik təlimin gedişatı təlimə cəlb olunan şəxsi heyətlə geniş müzakirə olunub.

Избранный
15
13
qht.az

10Источники