Pedofillər çox vaxt belə görünür: Şirin, mehriban, diqqətli böyüklərdir, uşaqlara çoxlu hədiyyələr alar, onları xüsusi hiss etdirməyə çalışırlar.
Ölkə.Az xəbər verir ki, bunu psixoloq Ceyran Qədirova deyib. O, pedofil şəxslərin digər əlamətlərini aşağıdakı kimi sadalayıb:
"Tək qalmaq üçün bəhanələr uyduranlar" – “birlikdə oyun oynayaq”, “film baxaq”, “yataq otağında yeni oyuncaqlar var” kimi ifadələrlə uşağı tək qalmağa çəkərlər.
Sosial şəbəkədə izləyən, mesaj yazan “ağsaqqallar” – uşağın şəklini paylaşan, daim bəyənən, mesaj göndərən qohumlar və tanışlar təhlükə siqnalı ola bilər.
“Bu sirr aramızda qalsın” deyənlər – uşağa susmağı öyrədirlər. “Anana desən inciyərəm”, “heç kim anlamaz” kimi manipulyativ sözlərlə uşağı susmağa məcbur edirlər.
Fiziki sərhədi görməzdən gələnlər – uşağın bədəninə həddindən artıq toxunan, qucaqlayan, saçını oxşayan, “ağsaqqal” adı ilə toxunmağı haqq bilənlər”.
Mütəxəssis deyib ki, valideyn övladlarındakı dəyişikliklərə diqqət yetirməlidirlər:
“Uşaq ani susqunlaşırsa, aqressivləşirsə, altını isladırsa, kabuslarla oyanırsa – səbəbsiz deyil.
Bədənində iz, ağrı, qaşınma və ya yuyunmaqdan imtina varsa, bu siqnaldır.
Uşağın ətrafındakı böyük insanlara qarşı həddindən artıq yaxınlıq və ya qorxu varsa – bu təsadüfi deyil.
Uşağın internetdə və real həyatda kimlə ünsiyyətdə olduğunu bilin. Telefon, planşet, sosial media — nəzarətsiz uşaq təkdir.
Hər kəsə güvənməyin. “Qohumdur, tanışdır” deməyin. Təhlükə tanış üzlərdən gəlir”.
Psixoloq bu mövzunu “uşaqlara necə izah etmək olar?” sualına da aydınlıq gətirib:
“Uşaqlarla bu mövzuda danışmaq travmatik olmamalıdır. Onlara güc verin, qorxutmayın.
Sadə, yaşa uyğun dillə izah edin:
“Bədəninin alt paltarınla örtülü hissəsi sənə məxsusdur. Oraya heç kim toxuna bilməz. Əgər belə bir şey olsa, bu sənin günahın deyil. Mənə deməyə utanma”.
“Yox” demək haqqı olduğunu öyrədin: “Sən istəmədiyin heç kimi qucaqlamağa və ya öpüşə məcbur deyilsən – istər nənə, istər dayı olsun”.
Sirr saxlamaq yox, danışmaq gücdür deyin: “Əgər biri sənə ‘bu bizim sirrimizdir’ deyirsə, bu təhlükə ola bilər. Sən belə hallarda mütləq mənə deməlisən”.
Bədən təhlükəsizliyini oyun və nağıl yolu ilə öyrədin: Əlifba öyrətdiyimiz kimi bədən toxunulmazlığını da sadə, interaktiv yollarla izah etmək olar.
Unutmayın, pedofillər qorxmur, çünki uşaqlar susur, böyüklər isə utanır. Qorunmaq susmaqla deyil, danışmaqla başlayır”.
Billurə Yunus