RU

Konservləşdirilmiş qidalardan bu halda zəhərlənə bilərsiz; DİQQƏTLİ OLUN EKSPERT FOTO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Supermarketlərdə və bazarlarda geniş çeşiddə təqdim olunan konservləşdirilmiş məhsullar, xüsusilə də balıq, tərəvəz, meyvə və hazır yeməklər bir çox insanın gündəlik qida rasionuna daxil olub. Bu cür məhsulların uzunmüddətli saxlanma üstünlüyü olsa da, onların tərkibindəki konservantlar, duz miqdarı, əlavə kimyəvi maddələr və qablaşdırma materiallarının (xüsusilə metal qutuların iç səthi) sağlamlığa təsiri barədə müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatlarda bu qidaların mütəmadi istifadəsinin mədə-bağırsaq sisteminə, böyrəklərə və ümumi metabolizmə mənfi təsir göstərə biləcəyi qeyd edilir.

Bəs görəsən, konservləşdirilmiş qidalar həqiqətən də sağlamlığımıza zərər verə bilərmi?

Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Avtosfer.az-a açıqlamasında bildirib ki, konservləşdirilmiş qidaları istifadə edərkən mütləq şəkildə diqqət olunacaq məqam onun mənşəyinin bəlli olmasıdır.

“Üstəlik, sanitar-gigiyena qaydalarına uyğun şəkildə və keyfiyyətli qida məhsullarından hazırlanması, eyni zamanda da son istifadə müddətinin keçməməsinə diqqət olunmalıdır. Çünki əgər bu qaydalara əməl olunaraq düzgün saxlanılıbsa, onda həmin məhsuldan istifadə etmək olar. İstifadə etməmişdən əvvəl mütləq qablaşdırmanın vəziyyətinə baxmaq lazımdır.

Əgər qapaqda şişkinlik varsa və yaxud konservləşdirilmiş banka və ya qutuda şişkinlik müşahidə olunursa, bu, onun tərkibində artıq məhsulların xarab olduğunu, qaz əmələ gəldiyini göstərir ki, bu məhsul qətiyyən istifadə olunmamalıdır. Əgər qablaşdırmada hər hansı bir zədələnmə, çat, hava keçirən deşik və ya paslanma əlaməti varsa, mütləq şəkildə bu məhsuldan uzaq durmaq lazımdır.

İstehsal tarixi və son istifadə müddətinə baxmaq vacibdir. Üzərində tərkibi barədə ətraflı məlumatın olması və saxlama şəraiti qeyd olunmaqla, həmin saxlama şəraitində saxlanılan yerdən alınması da əsas şərtlərdəndir.

Mütləq şəkildə nəzərə almaq lazımdır ki, xüsusilə yay mövsümündə yüksək temperatur olduğuna görə bakteriyalar daha sürətlə artır. Bu səbəbdən açılmış konserv məhsulunu tez bir zamanda istifadə edib bitirmək lazımdır və soyuducuda saxlanmasına diqqət yetirilməlidir. Əks halda zəhərlənmə riski, xüsusilə də botulizm kimi ən təhlükəli zəhərlənmə növü ortaya çıxa bilər. Ona görə bu məqamlara mütləq diqqət yetirilməlidir.

Bundan əlavə, bir çox hallarda ev şəraitində hazırlanmış konservlər olur ki, onların da ən təhlükəlisi ət, balıq və bu kimi məhsullardan hazırlananlardır. Onlara qarşı da diqqətli olmaq vacibdir”.

Mütəxəssis əlavə edib ki, bəzən bu məhsullar etibarlı mənbədən alınmadığı üçün müəyyən zəhərlənmələrə səbəb ola bilər:

“Ona görə də yaxşı olar ki, qida məhsullarını alarkən keyfiyyətli, mənşəyi bəlli olan, etibarlı markaların məhsullarını almaq və düzgün şəkildə mühafizə etmək lazımdır. Hazırlayarkən sanitar-gigiyena qaydalarına əməl edilməli və ev şəraitində hazırlanarkən də üzərində hazırlanma tarixi qeyd olunmalıdır.

Yaxşı olar ki, yay mövsümündə meyvə-tərəvəzin bol olduğu vaxtlarda, məhsulların yüksək temperaturda tez xarab olduğunu nəzərə alaraq, təzə mövsüm məhsullarından istifadə etmək daha tövsiyə olunur”.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
avtosfer.az

1Источники